Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
25 Yanvar 2018, 16:10
47
Rizvan Rəsulov: Biz dopinqsiz uğur qazanmağın mümkünlüyünü artıq sübut etmişik

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov qurumun rəsmi saytına müsahibə verib. Sportlife.az sizi həmin müsahibə ilə tanış edir:

– AAAF-ın Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilə çox sıx əməkdaşlığı var. Bu əməkdaşlıq çərçivəsində bir çox işlər görülür, layihələr həyata keçirilir ki, onlardan biri də yarış və qeyri-yarış şəraitlərində mütəmadi dopinq-testlərin götürülməsi, nəticələrə uyğun olaraq addımların atılmasıdır. Bu proses necə davam etdirilir və bundan sonrakı addımlar necə olacaqdır?
– Olimpiya idman növlərində idmançılar arasında sağlam rəqabətin təmin olunması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) və digər beynəlxalq təşkilatlar tərəfindən aparılan işləri təqdirəlayiq hesab etmək lazımdır. Əsas mübarizə vasitələrindən biri də dopinq hadisələrinə qarşı diskvalifikasiya cəzalarıdır. Azərbaycan da daxil olmaqla cəza almış digər ölkələrdə də ağır atletikada islahatların aparılmasına ciddi diqqət yetirirlər. Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) milli federasiyalarla sıx ünsiyyətdə olur, onların qarşısında bir sıra vəzifələr qoyur. Bu gün dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir. AAAF bu işə ciddi münasibətini göstərir. AMADA da qeyd olunan məsələlərdə fəal iştirak edir. Biz bundan irəli gələn, üzərimizə düşən öhdəlikləri yerinə yetirir, ağır atletikanın nəinki gələcəkdə Olimpiya ailəsindən çıxarılmasının qarşısını almaq, əksinə daha nümunəvi idman növü olmasına öz töhfəmizi verməyə çalışır, onun şəffaf inkişafı üçün ciddi addımlar atırıq.

– Testlərin nəticələri barədə nə deyə bilərsiniz?
– AMADA il ərzində yarış və qeyri-yarış şəraitində idmançılardan götürdüyü testləri beynəlxalq laboratoriyalara göndərir. Təbii ki, bu proseslərin nəticəsində bəzi idmançıların verdikləri analizlərdə qadağan olunmuş maddələr tapılır. Təqdirəlayiq hal odur ki, beynəlxalq təşkilatlar ilə yanaşı Milli Agentlik də bu işə məsuliyyətlə yanaşır. Federasiya bu tədbirləri təbii qarşılayır, çünki belə hallarla qarşılaşan tək biz deyilik. Bir atletin yarış və ya qeyri-yarış şəraitində dopinqə düşməsi ciddi məsələdir. Lakin bu hallar bir çox idman növlərində təsadüf olunan hadisələrdir. Qadağan olunmuş preparatlardan istifadə edən idmançı həm özünə, həm təmsil olunduğu federasiyaya və ən əsası ölkəsinə ləkə gətirir. Ancaq biz dopinqlə mübarizə aparırıq və ortaya belə neqativ hallar çıxdıqda onu faciə adlandırmamalıyıq. Bu halların baş verməməsi istiqamətində ciddi islahatlar aparırıq. Lakin bu mübarizə tək federasiyanın işi olmamalıdır. Bununla idman növünün inkişafı ilə məşğul olan bütün idman təşkilatları da yaxından iştirak etməlidirlər. Yaddan çıxartmaq lazım deyil ki, kiçik yaşlarından idmanla məşğul olan idmançılar idman növünün sirlərinə idman məktəblərində və klublarda yiyələnirlər. Bu, ciddi həm fiziki, həm də psixoloji prosesdir.

– Cəzalarla yanaşı, hansı anti-dopinq profilaktik tədbirlər həyata keçirilir?
– İdmançılar, onların məşqçiləri, digər ağır atletika mütəxəssisləri ilə söhbətlər edilir, seminarlar təşkil olunur, dopinqsiz fəaliyyət üçün maksimum səy göstərilir. Bu proses ağrılıdır, oturuşması üçün vaxt lazımdır. Biz dopinqin kökünü kəsmək istəyirik. Ağır atletikada dopinq olmamalıdır. Biz belə düşünürük. Ancaq əvvəlcə dopinqi bəzi insanların beynindən çıxartmaq lazımdır. “Dopinqsiz uğur qazanmaq mümkün deyil” ifadəsindən kənara çıxa bilməyənlər yetərincədir. Onlar anlamırlar ki, dopinq qəbul etməyin heç bir xeyri yoxdur və onu qəbul edən şəxs əvvəl-axır “ilişəcək”, problemlərlə üzləşəcək. Bunu son illərdə verilən diskvalifikasiya qərarları sübut etdi. Bizim üzərimizə düşən iş kompleks tədbirlərin həyata keçirilməsidir.

– Onlar hansılardır?
– AMADA ilə çox sıx əməkdaşlıq edirik. Keçən il ərzində istər WADA, istərsə də AMADA tərəfindən ağır atletika yığmalarımızda dəfələrlə yoxlamalar aparılıb. Məlumat üçün qeyd edim ki, 2017-ci ildə AMADA tərəfindən 50 test götürülüb ki, onlardan 35-i yarışdan kənar, 15-i isə yarış vaxtı həyata keçirilib. Bəli, onların içərisində dopinq çıxan nümunələr də var və bunu nə AMADA, nə də biz gizlətməmişik. Ancaq kimsə rəsmi açıqlama verilənə qədər bundan xəbər tutub, ictimaiyyətə KİV vasitəsilə çatdırırsa da, uğursuzluğa düçar olur. Bundan sensasiya yaratmaq, AAAF-ı ləkələmək məqsədi güdmələri təqdiarəlayiq hal deyil. Bunu pisləyirik. Biz bir ailəyik və ailə içərisində problemlərin olması qaçılmazdır. Bunu müəyyən məqsədlər üçün qabartmağı qeyri-ciddi addım sayıram. Bu, həm bəzi jurnalistlərin, həm də o məlumatları ötürənlərin peşəkarlığına şübhə yaradır. Bu proseslərə başqa gözlə baxmaq lazımdır. Federasiya dopinqlə mübarizə aparır və ortadakı nəticələr məhz bu işin, bu mübarizənin nəticəsidir. Biz bu dopinq hallarını tez ortaya çıxarır, həmin günahkar idmançı və ya mütəxəssislləri sıralarımızdan uzaqlaşdırırıq.

– Hətta ən güclü idmançılarımız olsa belə…
– Kim olur-olsun, fərq etmir. Bizə dopinq qəbul edib nəticə qazanan idmançı lazım deyil. Qarşıdakı yarışlara maneəsiz getmək və təmiz gücümüzü göstərmək istəyirik. Bunu edə biləcəyik, əmin olun. Sadəcə, vaxt lazımdır. Hansısa idmançının dopinqə düşməsi əslində sadə məsələdir. O mənada ki, kimsə qaydanı pozubsa, cəzasını almalıdır. Hər şey bu qədər sadədir. AMADA-nın fəaliyyətini yüksək dəyərləndiririk. Yoxsa bu qədər pozuntular üzə çıxmaz, sonra yığma komandamıza daha böyük problemlər yaranar, federasiya olaraq zərbə altında qala bilərik. Qarşıda görməli olduğumuz çox iş var. Ötən ilin dekabrında IWF-dən bizə məktub daxil olmuş, müəyyən şərtlər irəli sürülmüşdü. Dekabrda Almatıdakı 9 ölkənin cəzalanması ilə bağlı brifinqdə də iştirak etdik, əlavə tələbləri eşitdik, bu haqda ictimaiyyətə geniş açıqlama verdik. Çox ciddi öhdəliklər götürmüşük. İlk olaraq, biz WADA və AMADA üçün şəffaf olmalı, onların dopinq testi məkanından asılı olmayaraq rahat götürmələri üçün ən münbit şəraiti yaratmalıyıq. Əks halda cəza müddətimiz nəinki azalar, daha da artar. Biz çalışırıq ki, dopinq qəbul edən atletləri tez bir zamanda özümüz ortaya çıxaraq, uzaqlaşdıraq. Lakin bunu biz tək edə bilmərik, müvafiq qurumlarla əməkdaşlıq etməliyik və edirik də. Bu gedişat pis mənada şişirdilməməli, əksinə təqdir edilməli, federasiyanın əzmkarlığı kimi qeyd olunmalıdır.

– Ötən il atletlərimizin beynəlxalq yarışlardakı çıxışları göstərdi ki, dopinqsiz də uğur qazanmaq mümkündür.
– Tamamilə doğrudur. Ötən il Yaponiyada keçirilən gənclər arasında dünya, Albaniyada keçirilən gənclərin Avropa birinciliyində yüksək nəticələrə yaxınlığı hiss etdik. Tailandda keçirilən yeniyetmələrin dünya birinciliyində komanda hesabında yüksək 9-cu yeri tutaraq bu il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yetərli uğur qazananda ortaya iş qoymuş olduq. Üstəlik, Kosovoda yeniyetmələrin Avropa birinciliyində medal sayında ölkə olaraq Avropa çempionu olanda dopinqsiz uğur qazanmağın mümkünlüyünü əyani şəkildə bir daha sübut edə bildik. Nəticədə 2017-ci ildə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində və ümumilikdə beynəlxalq turnirlərdə ayrı-ayrı hərəkətlər üzrə 27 medal (8+8+11), toplamda isə 13 (4+3+6) medal əldə etdik. Bununla yanaşı, yeniyetmələrimiz 7 Avropa rekordu da müəyyən etdilər. Qeyd etdiyimiz bütün bu yarışların hər birində WADA tərəfindən atletlərimizdən dopinq test götürülüb və heç bir “müsbət” nəticə olmayıb. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

– Ancaq dopinqlə mübarizə ilə bağlı məlumatlar məqsədli şəkildə yanlış istiqamətə yönləndirilir, görülən işlərə kölgə salınır, fərqli fikirlər formalaşdırılır. Buna münasibətiniz necədir?
– Dopinq məsələlərini məqsədli şəkildə şişirtmək, bununla manipulyasiya etmək, federasiyaya, onun işinə qarşı çıxmaq, ləkə yaxmaq sadəcə, ayıbdır. Bunu edənlərə yazıqlar olsun. Çox yazıqlar olsun! Daxildən bizə mane olmaq istəyənlər bu “mübarizə”lərini kənara qoyub idmançıların şəraitinin yaxşılaşdırılmasından, onların inkişafı üçün görülən işlərdən danışmalı, öz yerlərində idmançıların sayını artırmağa, onlarla daha ciddi məşğul olmağa çalışmalı, idmançı yetişdirməyə yönəlmələri daha məqsədəuyğundur. Fikir verin, 2017-ci ildə yeniyetmələrdən və gənclərdən ibarət Azərbaycan birinciliklərində iştirak edənlərin 62 faizi, böyüklərdən ibarət Azərbaycan çempionatında iştirak edənlərin 68 faizi “Zirvə” İdman Klubunun idmançıları olub. Bu, ondan xəbər verir ki, digər idman təşkilatlarının rəhbərləri və mütəxəssisləri bu haqda ciddi fikirləşməlıdirlər. Bu gün federasiyanın apardığı islahatları düzgün qiymətləndirə bilməyib böhtan xarakterli çıxışlar etməkə, federasiyanın daxili işlərini ictimailləşdirmək və insanlar arasında yanlış fikirlər formalaşdırmaqdansa, öz təşkilatlarında münbit şəraitin yaradılmasına və ən əsası kütləviliyin artırılmasına səy göstərmələri daha yaxşı olardı. Bu gün federasiya 2008 və 2012-ci illərdə aparılan “işlərin” acısını çəkir. Hazırkı bir illik diskvalifikasiya qeyd etdiyim dövrlərin “bəhrəsidir”. Bu gün qadağan olunmuş dərman preparatlarının qəbuluna, nəticələrin süni surətdə artırılmasına və nəticədə dövlətdən və federasiyadan külli miqdarda pul və digər mükafatların alınmasına və beynəlxalq təşkilatlar tərəfindən cəzalanaraq, sonda günahı özlərində görməyən mütəxəssislərə Azərbaycan Ağır Atletika Federasiyası “yox” deyir.

– Yaxın gələcək üçün planlarınız nədən ibarətdir?
– 2017-ci ilin dekabr ayından başlayaraq startını verdiyimiz dövri təlim-məşq toplanışlarında hazırda 35 ağır atlet iştirak edir. Yaxın gələcəkdə bu sayı artırmağı nəzərdə tutmuşuq. Əsas hədəfimiz bu ilin oktyabr ayında Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları və noyabr ayında Türkmənistan keçiriləcək kişilər və qadınlar arasında 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına fərdi lisenziya xarakteri daşıyan dünya çempionatıdır. Bununla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində idman təşkilatlarının məşq zallarını ağır atletika avadanlıqları ilə təmin etmək, zallarının sayını artırmaq (artıq Sumqayıtda və Bakıda 2 idman zalının tamamlama işləri başa çatmaq üzrədir) nəzərdə tutulub. Anti-dopinq tədbirləri çərçivəsində də məşqçilər, hakimlər və digər mütəxəssislərə mütəmadi daxili seminarlar, həmçinin ilboyu beynəlxalq səviyyəli anti-dopinq seminarlarının təşkilini planlaşdırmışıq.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK