AFFA-dan Qəbələ və Zirəyə cəza yağmuru

AFFA-dan Qəbələ və Zirəyə cəza yağmuru

  • 21 Fevral 2018, 13:56

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportlife.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qəbələ” – “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

“Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ”nin futbolçuları Qismət Alıyev, Cavid Hüseynov, “Zirə”nin futbolçuları Riçard Qadze, Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

“Qəbələ”nin məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

“Sumqayıt” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.


Paylaş: