Boyukaga Haciyev: Celsi Azerbaycan millisini meglub etdi

Böyükağa Hacıyev: Çelsi Azərbaycan millisini məğlub etdi

  • 14 Sentyabr 2017, 15:00

"Neftçi"nin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Çempionlar Liqasında "Çelsi"yə 0:6 hesabıyla uduzan "Qarabağ"ın oyunu haqqında danışıb. 

Hacıyev bu məğlubiyyətin Azərbaycan futbolunun hazırkı vəzityyətini göstərdiyini bildirib:

"Çelsi" - "Qarabağ" görüşünü böyük maraqla izlədim. Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasında özü də Londonda meydan çıxdı. Futbol bayramı olsa belə, istənilən nəticəyə hazır olmalıydıq. Qurban Qurbanov çox yaxşı məşqçidi. Onun rəhbərlik etdiyi komanda Çempionlar Liqasına vəsiqə qazanmaqla ilkə imza atıb. Lakin bu yarışda qitənin ən güclü klubları yarışır. Çempionlar Liqası başqa "mətbəx"di. Məğlubiyyəti təbii qarşıladım. Realist olmaq lazımdı. Bu gün "Çelsi", "Atletiko" və "Roma" kimi klublara qarşı mübarizə aparmaq çətindi. 

Matçın əvvəlində açıq futbol oynamaq istədilər. Sonradan "Qarabağ" müdafiə futbolu oynamağa çalışsa da, artıq gec idi. 0:6 hesablı məğlubiyyəti normal qəbul etmək lazımdı. Bu gün Azərbaycan və İngiltərə futbolları arasında yerlə göy qədər fərq var. Heyətə diqqət edin. "Qarabağ"da Azərbaycan millisinin neçə üzvü çıxış etdi. Ölkənin ən yaxşı futbolçular oynadı, amma məğlubiyyətdən qaçmaq mümkün olmadı. "Çelsi" Azərbaycan millisini məğlub etdi. Ölkə futbolunun real vəziyyəti göründü. "Qarabağ" Çempionlar Liqasına vəsiqə qazanmaqla yeni səhifə açdı. Amma gəlin ölkə çempionatına baxaq. Klublarımızı yadınıza salın. İngiltərə Premyer Liqasında ən aşağı pillədə qərarlaşan klub peşəkar olaraq gələcəyini həll edir. Onun sponsorları, büdcəsi, gəlirləri var. Bizim futbolda hər şey fərqlidi. Bir qələbəylə ölkə futbolu dəyişmir. Özümüzü aldatmayaq, futbolumuzun gələcəyi yaxşı görünmür. 8 klublu çempionatda rəqabət yoxdu. Yalnız "Qəbələ" "Qarabağ"a müqavimət göstərə bilir".

Böyükağa Hacıyev Londonda futbolçularımızın həyəcanlı olduğunu deyib: "Bəzi futbolçularımız həyəcanlı idi. Topu qəbul edərkən hiss olunurdu. Onları başa düşürəm. Kənardan söyləmək asandı. Peşəkar futbolçu hər şeyə hazır olmalıdı. Lakin birdən-birə qitənin ən güclü klubunun stadionunda meydana çıxmaq çətindi. "Qarabağ" çoxlu sayda azarkeşi yalnız avrokuboklarda görür. İngilislərdə isə hətta həvəskar liqa yarışlarında da anşlaq olur. İnkişaf istəyiriksə, futbola baxışımızı dəyişməliyik".

"Neftçi"nin sabiq çalışdırıcısı "Qarabağ"a dəstək olmağın vacibliyindən danışıb: "Bu gün "Qarabağ"ın Çempionlar Liqasında iştirakı təbliğat baxımından ən böyük uğurumuzdu. Qarşıda komandanı "Roma" və "Atletiko"ylə çətin oyunlar gözləyir. Bu oyunlarda komandaya dəstək olmaq lazımdı. ÇL-də ən güclülər yarışır. Onların sırasında olmağımızı dəyərləndirməliyik".


Paylaş: