14 Noyabr 2017, 16:12
190
Danışılmış oyunlarla bağlı yeni SİQNAL, yoxsa gündəmi dəyişmək cəhdi?
Dünən AFFA-nın inzibati binasında növbəti görüş keçirildi. AFFA-nın baş katibi Elxan Məmmədov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə birlikdə divizion klublarının rəsmilərinin önünə çıxdı. İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və digər rəsmi şəxslər də tədbirdə iştirak etdi.
 
AFFA-nın rəsmi saytına inansaq, görüşdə məqsəd divizion klublarına xəbərdarlıq etmək, onları danışılmış oyunlardan çəkindirmək olub. Baş katibin ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri, bir neçə klub, fubolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını xatırlatması əbəs deyil. Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
 
AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin əməkdaşı, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov xüsusi təqdimatla çıxış edib. O, danışılmış oyunların necə araşdırıldığı, beynəlxalq qurumların necə şübhəyə düşdüyü barədə maraqlı bilgi verib.
 
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının üzvü Vasib Əkbərovun çıxışı isə daha çox qulaqburma verməyə oxşayır. Prokurorluq orqanlarında çalışan bu şəxs idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu boşuna xatırlatmayıb. Görünür, hamı anlayıb ki, artıq kimsə həbsə atılmasa, danışılmış oyunların kökü kəsilməyəcək. Bu səbəbdən Əkbərov bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda, cinayət işi açıla biləcəyini, prosesin hüquq-mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.
 
Sözügedən tədbir boşuna təşkil olunmayıb. Bildiyimizə görə, UEFA-dan danışılmış oyunlarla bağlı yeni siqnallar daxil olub və AFFA da tələsik belə bir görüş keçirib. Deməli, hansısa komandaları yarışa buraxmamaqla problem həllini tapmayıb. “Balıq başdan iylənir”, AFFA rəhbərliyi hələ də danışılmış oyunların aradan qaldırılması üçün yetərli mexanizm tapa bilməyiblər. “Xüsusi seçimlər”lə diviziona buraxılan klubların da içində bu işə qol qoyanlar qalır, virus tam təmizlənməyib. Hansı ki, onlardan 7-si AFFA, 1-i Təhsil Nazirliyi tərəfindən maliyyələşir.
 
Görüşdə iştirak etmiş AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da yeni siqnallar aldıqlarını əməkdaşımızla söhbətində təsdiqlədi: “Düzü, UEFA-dan gələn siqnalların ötən mövsümlə bağlı, yoxsa yeni mövsümə aid olduğunu dəqiq bilmirəm. Amma bu barədə növbəti xəbərdarlığı almışıq. Bu səbəbdən klublarla növbəti görüşə, onların məlumatlandırılmasına ehtiyac duyduq”.
 
Yeni siqnalların olması PİS, assosiasiya rəsmilərinin buna vaxtında reaksiya verməsi YAXŞI xəbərdi. Həm də növbəti dəfə bu iddialar sübut olunsa, AFFA özü rəzil vəziyyətə düşəcək. Axı, indiki iştirakçıların hamısı xüsusi komissiya tərəfindən, xüsusi özənlə seçilib.
 
Bununla belə, bu tədbirin AFFA-nın rəsmi saytında belə dəbdəbəli təqdimatı bir az qəribə görünür. Bildiyimizə görə, danışılmış oyunlarla bağlı tez-tez proflaktik tədbirlər görülür, söhbətlər aparılır. Budəfəki görüşün fotolarla bəzədilməsi və geniş təqdimatı sanki başqa məqsədlidi. Əvvəla, Elxan Məmmədovla Ramin Musayevin “birgə mübarizə”sini əks etdirən mehriban fotoları diqqət çəkir. Bir də sanki AFFA gündəmi dəyişməyə, “Kəpəz”dəki maliyyə qalmaqallarını qismən unutdurmağa çalışır. Axı, o qalmaqal bir az da böyüsə, qurumun içində də kimlərinsə papağı yanacaq...
BÜTÜN XƏBƏRLƏR
ARXİV