Qıraqda azərbaycanlılar özləri ayrı otura bilər, amma...

Qıraqda azərbaycanlılar özləri ayrı otura bilər, amma...

  • 20 Noyabr 2017, 02:57

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer Liqanın 12-ci turunda “Qəbələ”yə 2:3 hesabı ilə uduzduqları ev oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az həmin müsahibəni təqdim edir:

- Matçla bağlı nə deyə bilərsiniz?
- Özünüz də gördünüz, açıq futbol getdi. Çətin olacağını hamımız bilirdik. "Qəbələ" təkmilləşmiş komandadı. Qələbə qazanmalı idik, lakin təəssüf ki, məğlub olduq.

- Sizcə, məğlubiyyətin səbəbi nədi?
- Yəqin ki, hardasa səhv etdik. Hakimlər də bir az düz qərar vermirdilər. Qapımıza vurulan ilk qolda künc zərbəsi yox idi. Özümüzdə də səhv oldu, lakin hakimlər də bir qədər diqqətli davranmalıdılar. Qələbə qazanmaq, 2-dən artıq qol vurmaq üçün nə etmək lazım olduğunu bilmirik.

- Hesabda iki dəfə önə çıxsanız da, üstünlüyü qoruya bilmədiniz...
- Yenə deyirəm, özümüzdə də səhv var, hakimdə də. Biz qol vurandan 4-5 dəqiqə sonra rəqib hesabı bərbarləşdirdi. İlk qol epizodunda topu qapıçımız oyuna daxil etməli idi, amma künc zərbəsi təyin etdilər. İkinci qolu penaltidən vurdular. Daha sonra hücuma atıldıq. Səhvlər qaçılmaz idi.
 
- Matç ərzində Anton Krivotsyuk və Rəhman Hacıyevə göstəriş verirdiniz. Onların oyunlarından razı deyildiniz?
- Gəncdilər, elə epizodlar olur ki, göstəriş vermək lazım gəlir. Tərlan müəllim hər dəfə iclasda da başa salır ki, rəqib futbolçunu arxana buraxma. Dönüb rəqibin arxasınca düşürsənsə, bir addım uduzdunsa, futbolda bəs edir. Antonun özü də bunu görürdü. Bir neçə dəfə oldu. Ona görə qışqırırdıq ki, oyunçunu arxana buraxma.

- 4 oyunluq qələbə seriyasından sonra ilk "üçlük"də qərarlaşan "Zirə" və "Qəbələ"yə uduzdunuz. Qarşıda da "Qarabağ"la oyun var. Bu 2 məğlubiyyət "Neftçi"də problemlərin qaldığını göstərmir?
- Biz 4 qələbə qazananda da demirdik ki, problemləri arxada qoymuşuq. Problemlər çoxdu, üzərində işləmək lazımdı. Qış toplanışında aradan götürməliyik.

- Təkcə səhvlər üzərində işləmək lazımdı, yoxsa bəzi mövqeləri gücləndirməyə ehtiyac var?
- Baş məşqçi kimi istəsə, komandaya götürəcək. Götürməsə belə, axıra qədər oynamalıyıq. İlk "üçlük"dən qıraqda qalmaq "Neftçi"nin adına yaraşmaz.

- Nizami Hacıyev "Neftçi"yə keçir. Bu haqda nə deyə bilərsiniz?
- Açığı, mətbuatdan oxumuşam. Bilmirəm keçər, ya keçməz. Doğrudan da məlumatım yoxdu. Yalan deyə bilmərəm.

- Amma gəlsə, yaxşı olar?
- Özünüz də görmüsünüz, yaxşı qolları var. Özünü görməmişəm.

- "Neftçi"də problem yerli oyunçularla bağlıdı, yoxsa legionerlərlə?
- Futbolçuları ayırmaq olmaz. Qıraqda azərbaycanlılar özləri ayrı otura bilər. Amma meydana çıxırıqsa, fərq qoyulmamalıdı. Legionerin də üstünə qışqırıram, yerlinin də. Meydandan kənarda hər kəs öz dostu ilə oturub-dura bilər.


Paylaş: