Roma ilə oyunda dolmamış yerlər Atletiko ilə qarşılaşmada dolmalıdı

  • 18 Oktyabr 2017, 11:00

"Atletiko" haqda ancaq xoş sözlər söyləmək olar. Alqışalayiq, qrupumuzun ən aqressiv oynayan komandasıdır. Sabah da belə olacaq. Xal qazansaq, bizim üçün uğur olar. Azarkeşlərimiz önündə yaxşı nəticə əldə etməyə çalışacağıq".

Sportlife.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko” ilə Bakıda keçirəcəkləri oyun barədə danışarkən söyləyib. Daha sonra yarımmüdafiəçi yerli və əcnəbi jurnalistlərin suallarını cavablandırıb...


Azərbaycanın işğal altınada olan ərazisinin adını daşıyan komandada oynamaq sizin üçün nə deməkdir?
- Əlbəttə, Ağdamda - doğma şəhərdə oynamamaq çətinlik yaradır. Lakin "Qarabağ" müəyyən mənada bunu unutdurur. İnanıram ki, yenidən orada oynayacağıq. Çalışırıq ki, bu bölgənin adını layiqincə təmsil edək. İndi üzərimizdə daha ciddi məsuliyyət var.
 

Dünya çempionatının son seçmə qrup matçında Azərbaycan milli komandası Almaniyaya qarşı ilk yarıda yaxşı çıxış etdi. Həmin ab-hava "Atletiko" ilə görüşdə "Qarabağ"a müsbət təsir edəcək?
- Düşünürəm ki, milli və "Qarabağ" fərqlidir. Fikrimcə, millidə təzyiq daha çox olur. Çünki bütün ölkəni təmsil edirik. Biz "Qarabağ"dakı ab-havanı milliyə daşıyırıq. Eyni hal millidən sonra "Qarabağ"da da yaşana bilər.
 
"Qarabağ"ın futbolçuları artıq 4 ildir avrokuboklarda çıxış edirlər, amma xaricə getmirlər. Təklif yoxdur, yoxsa başqa amillər var? Yəni problem nədədir?
- Yəqin ki, bu 4 il müddətində lazımi səviyyəyə gəlməmişəm. Zəif oynamışam deyə maraqlanmayıblar. Təklif tək mənə yox, digər oyunçulara da gəlmir. Əvvəl də demişdim ki, təklif olsa, pula baxmayıb gedəcəyəm. Amma belə təklif yoxdur. Problemin nədən qaynaqlandığını bilmirəm.
 

"Roma" ilə oyunda stadion tam dolsa da, azarkeşlər problem yaşadı. İndi isə maraq azdır. Azarkeşlərə hansı çağırışı edə bilərsiniz?
- Qrupa düşəndən sonra 2 böyük oyunumuz olacaq. Biri isə olub. Bu, futbol bayramı kimi qeyd olunmalıdır. Bu günlərdə stadionlara çətinliklə düşmək olar. "Roma" ilə oyunda dolmamış yerlər "Atletiko" ilə qarşılaşmada dolmalıdır. Düşünürəm ki, sabah oyuna qədər biletlər satılacaq. Azarkeşlərin dəstəyi indi daha çox lazımdır.


Paylaş: