Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
12 Fevral 2018, 15:14
279
Samir Abbasov bacarırdı, Tərlan Əhmədov bacarmır? - PROBLEM

Ötən ilin noyabr ayı idi. Tərlan Əhmədovun başçılıq etdiyi “Neftçi” ölkə çempionatında “Keşlə”ni 3:1 hesabıyla məğlub etmişdi. Oyunda “ağ-qaralar”ın qollarından birinə start heyətində meydana çıxmış gənc hücumçu Mirabdulla Abbasov imza atmışdı. Mirabdulla irəli xətdə heç də “ağ-qaralar”ın legioner hücumçuları - Uqo Barqas və Daniel Seqoviyadan zəif təsir bağışlamamışdı. Ötən mövsümdə “Sumqayıt”ın bombardiri olmuş hücumçu nə işdisə, müqaviləylə məxsus olduğu “Neftçi”yə qayıtdıqdan sonra ehtiyat oyunçular skamyasının sakininə çevrilmişdi.

Oyundan sonra bu barədə Tərlan Əhmədova sual verdim. Əvəzində, “Biz və siz (jurnalistlər) oyunlara başqa prizmadan baxırıq. Mirabdulla Azərbaycanda bəlkə də, ən perspektivli hücumçudu. Bunu özünə də deyirəm. Amma mənfi cəhətləri həddindən artıqdı. Tənbəldi, üzərində işləmir. Bir məşqlə kifayətlənən oyunçudu. Çox yükləyə də bilmirəm, çünki sonra problemlər çıxır. Qış fasiləsində hər biri üçün proqram tərtib edəcəm. Mirabdullanın meydanda faydalı iş əmsalı aşağıdı, tez yorulur. Buna görə də, bu gün dəyişdim. Həm də Barqas daha texnikalıdı” cavabını aldım.

Əlbəttə, futbolçunun potensialını məşqçidən yaxşı heç kim bilə bilməz. Mən də Əhmədovun dediklərinə inanaraq, növbəti turlarda bu sualı vermədim. Əvəzində, həmkarlarım demək olar, hər turda, Mirabdulla yaxşı təsir bağışladığı oyunlardan sonra Əhmədova eyni sualla müraciət edirdilər. Cavab isə eyni olurdu. Əhmədov nəhayət, ötən ilin dekabrında, “Qarabağ”a səfərdə 0:1 hesablı məğlubiyyətin ardından ona ünvanlanmış “Mirabdulla niyə az oynayır” sualına “Mirabdulla bu gün 30-35 dəqiqəlik futbolçudu. O, fiziki cəhətdən tam hazır deyil” cavabını verdi.

Bundan sonra “Neftçi” daha bir neçə oyun keçirdi. Sonra qış fasiləsi başladı. “Neftçi”nin Bakı, ardınca uzunmüddətli Antalya toplanışı oldu. Qış fasiləsi bitdi. “Ağ-qaralar” yeni ilin ilk turunda evdə “Kəpəz”lə qarşılaşdı. Artıq komandada nə Barqas, nə də Seqoviya var idi. Ancaq Əhmədov bu dəfə də start heyətində Abbasova yox, yeni transfer Lukas Qomesə şans verdi. Lakin “ağ-qaralar” qələbəni legioner hücumçu yox, meydana son dəqiqələrdə çıxmış Mirabdullanın finişə 4 dəqiqə qalmış vurduğu qolla qazandı.

Oyunsonrası mətbuat konfransında Əhmədova yenə eyni sualla müraciət olundu. Əhmədovun cavabı da eyni oldu. Maraqlıdı ki, mütəxəssis iki ay yarım öncə, “Qarabağ”la matçdan sonra hücumçunun 30-35 dəqiqə oynamağa hazır olduğunu bildirmişdisə, bu dəfə “Mirabdulla 20-25 dəqiqə oynamağa hazırdı” dedi.

Tərlan Əhmədovun futbolçunun hazırlığı barədə dediklərinə etirazım yoxdu. Mütəxəssis “20-25 dəqiqə oynamağa hazırdı” deyirsə, deməli, elədi. Maraqlı olan odu ki, bu qədər təlim-məşq toplanışı, bu qədər hazırlıq nə üçün idi? “Neftçi”nin məşqçilər korpusu geridə qalan 2,5 ay ərzində nə işlə məşğul olub? Niyə hücumçu bu vaxt ərzində hələ də 90 dəqiqə oynamağa hazır vəziyyətə gəlməyib? Axı “Neftçi”nin məşqçilər korpusundan “odda yanmaz, suda batmaz” xüsusi təyinatlı əsgər hazırlamaq yox, adi futbolçunu 90 dəqiqə meydanda mübarizə aparacaq səviyyəyə çatdırmaq tələb olunurdu. Amma nə işdisə, “ağ-qaralar”ın məşqçilər heyəti bunun da öhdəsindən gələ bilməyib.

Maraq üçün qeyd edim ki, Mirabdulla çempionatın ötən mövsümündə, icarə əsasında çıxış etdiyi “Sumqayıt”da 27 oyunda şans qazanmışdı ki, bunların da 19-da start heyətində yer almışdı. Mövsüm ərzində 8 qol vuran hücumçu komandanın bombardiri olmuşdu. İndi necə olur ki, Samir Abasov və “Sumqayıt”ın məşqçilər korpusu hücumçunu 90 dəqiqə mübarizə aparmağa hazırlaya bilir, ancaq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusu bunu bacarmır? Nə baş verdi? Yoxsa Mirabdulla “Neftçi”yə qoşulan kimi tənbəlləşdi? Belədisə, hücumçu bu “xarakter”ini “Sumqayıt”da niyə göstərmirdi (və ya göstərə bilmirdi)?

Səbəb hər nə olursa olsun, fakt ondan ibarətdi ki, əsas millimizin hücumçu qıtlığından əziyyət çəkdiyi bir dönəmdə ölkənin ən perspektivli irəli xətt oyunçularından biri ehtiyatda gün keçirir...

P.S. Mövzuya dəxli yoxdu, ancaq Tərlan Əhmədovun autsayder “Kəpəz” üzərində 1:0 hesablı qələbəni 9 yaşını qeyd edən “Forza Neftçi” fanklubuna hədiyyə etməsi də başqa söhbətin mövzusudu. Ölkənin flaqmanı sayılan klubun azarkeşlərini autsayder üzərində minimal hesablı qələbəylə təbrik etməsi, birinə ad günündə açarlıq (el arasında deyildiyi kimi “brelok”) hədiyyə etmək kimi bir şeydi.(Komanda.az) 

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK