2 bokscumuz cezalandirildi. Boxing olimpic games Rio gold medal yer futbol idman Kuba

2 boksçumuz cəzalandırıldı

  • 2 İyun 2017, 17:35

 Boks üzrə olimpiya mükafatçımız Lorentso Sotomayorla dünya çempionumuz Elvin Məmişzadənin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməmələrinin səbəbi məlum olub.

Sportlife.Az xəbər verir ki, bunu report-a komandanın böyük məşqçisi Nəriman Abdullayev məlumat verib.

N.Abdullayev Sotomayorun tarixi vətəni Kubada istirahət zamanı məşqçilərin proqramını gözləmədiyini bildirib: "Onda çəki ilə bağlı problem oldu. Kubada olduğu müddətdə idmançı rejiminə əməl etməmişdi. İslamiada öncəsi xeyli çəki salmalı idi. Amma bunu edə bilmədi. Yuxarı çəkidə çıxış etmək istəyinə isə biz razı olmadıq. İdmançı rejiminə əməl etmədiyi üçün barəsində cəza tədbiri görüldü. Amma kollektivdaxili məsələ olduğu üçün cəzanı açıqlamaq istəmirəm. Əlbəttə, xoşagəlməz hərəkətdir. İnanıram ki, gələcəkdə səhvini düzəldəcək".

N.Abdullayev bu məqamı və qolundan zədəli olduğunu nəzərə alaraq, Sotomayoru İslamiadaya buraxmadıqlarını söyləyib.

 Təcrübəli mütəxəssis Məmişzadənin də çəkisini gözləmədiyini bildirib. Onun "Böyük İpək Yolu" beynəlxalq turniri ilə "Bakı 2017"yə buraxılmamasına da səbəb bu olub və Məmişzadə  bir müddət yığmadan kənarda qalıb.
 
Hazırda hər iki boksçunun bağışlandığını deyən böyük məşqçi onların Avropa çempionatına hazırlaşdıqlarını söyləyib: "İnanıram ki, Məmişzadə ilə Sotomayor yenə də öz sözlərini deyəcəklər".

Qeyd edək ki, iki dəfə Avropa çempionatının gümüş və bürünc mükafatçısı olan Elvin Məmişzadə 2015-ci il dünya çempionatında və I Avropa Oyunlarında 52 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. Lorentso Sotomayor isə "Bakı 2015"də 64 kq çəkidə qızıl, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Paylaş: