Fariz Məmmədova həsr olunan filmin təqdimat mərasimi keçirildi

Fariz Məmmədova həsr olunan filmin təqdimat mərasimi keçirildi

  • 20 Dekabr 2017, 18:40

Azərbaycanın və “Qəbələ”nin peşəkar boks üzrə ilk dünya çempionu Fariz Məmmədova həsr olunan filmin təqdimat mərasimi keçirilib. Sportlife.az xəbər verir ki, rejissor Nicat Cəlilovun “Böyük qayıdış” adlanan və həcmi 30 dəqiqə olan film idmançının həyatı və karyerasından bəhs edir.

“Qəbələ” İdman Klubunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı “Marriott Abşeron” otelində gerçəkləşib.

Təqdimatda ölkənin idman ictimaiyyətinin tanınmış simaları, millət vəkilləri, ziyalılar, həmçinin media nümayəndələri iştirak ediblər. Tədbirdə millət vəkilləri Əflatun Amaşov və Ülvi Quliyev, Ağdamın keçmiş icra başçısı Nizami Sadıqov, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov və muğam ustası Alim Qasımov çıxış edərək, Fariz Məmmədovun karyerası barədə danışıblar.

Lent yazısında Məmmədovun müharibə dövrünə düşən və 12 yaşında səngərdə qaldığı uşaqlıq illəri, idmana gəlişi, keçirdiyi ağır illərdən sonra boksa böyük qayıdış edərək rinqə dönməsi əks olunub. Filmdə boksçunun 2012-ci ildə erməni rəqibinə qalib gəlməsi və digər yaddaqalan qələbələri də təsvir edilib. Tədbirin sonunda çıxış edən Məmmədov təqdimatda iştirak edənlərə, karyerası boyu gördüyü diqqət və dəstəyə görə təşəkkürünü bildirib.


Paylaş: