De Rossi: Bunun uzun müddət davam edəcəyini heç kim gözləmirdi

De Rossi: Bunun uzun müddət davam edəcəyini heç kim gözləmirdi

  • 6 Dekabr 2017, 11:30

“Qarabağ”la oyunun asan keçməyəcəyini, rəqibin bizə çətinlik yaradacağını bilirdik. Amma yekunda ümid etdiyimiz nəticəyə nail olduq. Xoşbəxtik”. Sportlife.az saytı xəbər verir ki, bu sözləri “Roma”nın kapitanı Daniele De Rossi deyib.

Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ı qəbul edən “canavarlar” 1:0 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində paytaxt klubu qrup birincisi kimi adını növbəti mərhələyə yazdırıb.

“Roma”nın rəsmi saytına danışan De Rossi görüşün çətin keçdiyini etiraf edib. O, çətin qrupda birinci yeri tutmaqlarını xüsusi vurğulayıb: “Matçda heç-heçənin uzun müddət davam edəcəyini yəqin ki, bizdən heç kim gözləmirdi. Özünəinam baxımından vacib nəticəyə imza atdıq. Komanda mövsümün qalan hissəsində özünə daha çox inanacaq və bu, beynəlxalq arenadakı çıxışımızda da rol oynayacaq. Son vaxtlar Avropada istədiyimiz kimi oynaya bilmirdik. Reputasiyamızı yenidən bərpa etmək, bu cür çətin qrupu ilk pillədə bitirmək xoşdu”.

34 yaşlı yarımmüdafiəçi qeydə alınan uğurlu nəticədə baş məşqçinin böyük rolu olduğunu bildirib: “Di Françesko hamını təəccübləndirdi. Gələn kimi, komandanı Avropada yeni səviyyəyə çatdırdı. Di Françesko bizi rəqibin kimliyindən asılı olmayaraq, aqressiv oyun göstərməyə alışdırdı”.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş qarşılaşmada da “Roma” qələbə qazanmışdı – 2:1.


Paylaş: