Qarabagin CL-deki reqibinin bas mesqcisi: Barselona ile Realin gozu...Gurcustan klubunun calisdiricisi oten il Qebeleye reqib olmus Samtredia ile

Qarabağın ÇL-dəki rəqibinin baş məşqçisi: Barselona ilə Realın gözü...

  • 22 İyun 2017, 09:00

Qarşıdakı avrokubok mövsümünün püşkü atıldı. Bununla da rəqiblərin adlarına aydınlıq gəldi. “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Samtredia” ilə münasibətlərinə aydınlıq gətirəcək. Həmin komanda ki, ötən yay “Qəbələ”yə rəqib olmuşdu və iki oyunun nəticəsinə görə (5:1, 1:2) Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv mərhələ adlamışdı. Bu dəfə necə alınacağını zaman göstərəcək. Biz isə fürsətdən istifadə edib ötən il “Samtredia” ilə Bakıya səfər etmiş baş məşqçi Giya Tsetsadze ilə söhbətdə püşkün nəticəsi ilə bağlı suallara aydınlıq gətirdik (Futbol+). 


Özünüzü necə hiss edirsiz?
- Normal.
 

Normal, yoxsa əla? 
- Əlaya doğru normaldı (gülür).
 

Püşkün nəticəsi əhvalınızı korlamadı ki?
- Yox, niyə ki?! Onsuz da hansısa rəqiblə oynamalıydıq. Bəxtimizə “Qarabağ” düşdü. Əhvalımı korlayacaq heç nə yoxdu. “Qarabağ” olmasaydı, başqası olacaqdı. 
 

Rəqib qismində hansı komandanı arzulayırdız? 
- Elə komandaların adları vardı ki, seçim etmək mənasız sayılardı. Hər birinin özünə görə ad-sanı, oyun dəst-xətti var. Ölkələrinin çempionu olublarsa, zəiflikdən söhbət gedə bilməz. Aşağı-yuxarı eyni səviyyədədilər. APOEL, “Partizan”, “Zaltsburq”, “Ludoqorets” – hamısı sayılıb-seçilən komandalardı. Ona görə də “Qarabağ”ın adını görəndə xüsusi hiss keçirmədim. Səmimi deyirəm, sakit qarşıladım. 
 

“Qarabağ” haqda hansı məlumatlara sahibsiz? 
- Son iki həftədə potensial rəqiblərin son durumunu bilmək üçün müəyyən nöqtələrə nəzər saldım. Onların arasında “Qarabağ” da vardı. Özüm üçün müəyyən məlumatlar əldə edə bildim. Rəqibin nəyə qadir olduğunu yaxşı bilirəm. Neçə ildi Azərbaycanda və Avropada özünü yaxşı tərəfdən göstərən kollektivdi. Baş məşqçiləri Qurban Qurbanov uzun illərdi komandanın başındadı, istədiyi komandanı formalaşdıra bilib. Ümumi bilgilərim var. Qarşıda müəyyən qədər vaxtımız var. Bu zaman kəsiyində “Qarabağ”ı lap yaxından tanımağa çalışacam. Güclü və zəif cəhətlərini müəyyənləşdirməliyik. 
 

Köməyinizə “İnStat” və digər sistem proqramları çatacaq, yoxsa Azərbaycanda çalış(an)mış gürcü həmkarlarınız? 
- Hər iki vasitədən yararlanmağa çalışacam (gülür). 
 

Zaur Svanadze, Kaxaber Tsxadadze...
- Onlar mənim yaxın dostlarımdı. Əlbəttə, onlarla da məsləhətləşəcəm, yeni nəsə öyrənməyə çalışacam. Ən əsası, “Qarabağ”ın son oyunlarını izləməliyəm. 
 

“Beş potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadı" – bu sözlərin müəllifi Qurban Qurbanovdu. 
- Mən ilk növbədə komandama hörmətlə yanaşdığına görə Qurbanova təşəkkürümü bildirmək istəyirəm. “Qarabağ”la oynamaq bizim üçün də böyük fəxrdi. Çox sayda legioner və milli üzvlərindən qurulmuş kollektivə qarşı mübarizə aparacağıq. Son illər müntəzəm Avroliqanın qrup mərhələsində çıxış etməklə böyük təcrübə toplayıblar. Və ən vacibi, baxımlı futbola üstünlük verirlər. Fikrimcə, gürcü və azərbaycanlı azarkeşlər üçün bir-birindən maraqlı iki oyun baş tutacaq. 
 

İlk görüşün Bakıda baş tutması xeyrinizədi?
- Düzünü desəm, belə şeylərə xüsusi önəm verən adam deyiləm. Oyundu, fərqi yoxdu, evdə, ya səfərdə. Onsuz da oynamalıyıq. Ola bilsin, müəyyən mənada təsiri var. Üstünlük odu ki, səfərdə bir qol vurmaqla şanslarımızı yaxşılaşdıra bilərik. Digər tərəfdən, cavab matçında, yəni “doğma divarlar” arasında rəqibi daha yaxından tanımış olacağıq. 
 

Ötən il “Qəbələ”ni Zestafonidə qəbul etmişdiz. Bu dəfə necə olacaq?
- Ölkənin bir nömrəli arenası sayılan Boris Payçadze adına “Dinamo” stadionunda. 
 

Bir az da sizin komandadan danışaq. Vəziyyət necədi? 
- Heç bir problem yoxdu, əvvəlki xətt üzrə davam edirik. Ötən mövsüm necəydisə, bu il də elə. Düzdü, müəyyən dəyişikliklər olub. Bəzi futbolçular gedib, onları yenilər əvəzləyib. Bir-iki nöqsanlar var ki, “Qarabağ”la oyunlara qədər onları aradan qaldırmalıyıq. 
 

Heyətə nəzər saldım, legioner yoxdu.
- Hələ ki yoxdu. Oyuna qədər necə olacağını indidən deyə bilmərəm.
 

İstəyirsiz? 
- Kim istəməz? Bu gün “Barselona” ilə “Real”ın gözü də başqa ölkələrdə top qovan futbolçulardadı. Legionerin ziyanı yoxdu.
 

Pulunuz var?
- (qəhqəhə çəkib gülür) Pul var, amma sizdəki qədər deyil. Elə edirik ki, bir ilə çatsın. 
 

Büdcə nə qədərdi? 
- Bunu açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, “Qarabağ”ın büdcəsi qədər geniş deyil. 
 

Bakıya ötən yay da səfər etmişdiz. “Qəbələ” ilə oynamağınız bu dəfə “Qarabağ”la matçdan əvvəl üstünlük sayılmalıdı. Ən azı səfər ab-havasına bələdsiz, Azərbaycan təmsilçisi ilə oyun təcrübəsinə maliksiz. 
- Burda məsələ ikibaşlıdı. Razıyam, ötənilki qarşılaşmalar bizə müəyyən təcrübə qazandırdı. Ötən yay Bakıya ilk səfərimiz idi, bəzi futbolçuların təcrübəsi yox idi, mühitdən xəbərsiz idilər. Bu dəfə nisbətən sərbəst olacaqlar. Amma oyun üslubuna görə “Qarabağ”la “Qəbələ”nin fərqli komandalar olduğunu düşünürəm. Yəni “Qəbələ” ilə üzləşməyimizin oyun planında bizə köməyi dəyməyəcək. İstənilən halda, “Qarabağ”ı təhlil etməli, işimizi buna uyğun qurmalıyıq.
 

Növbəti mərhələyə yüksəlmək şanslarını faizlə necə dəyərləndirə bilərsiz?
- İndi heç cür. Bu sualı Bakıdakı oyundan sonra baş tutacaq mətbuat konfransında verərsiz, cavablayaram. İndi şanslardan danışmaq üçün tezdi. 


Paylaş: