Maksim: Hakimde sanki Garabaga garsi antipatiya yaranmisdi, uefa

Maksim: Hakimdə sanki Qarabağa qarşı antipatiya yaranmışdı

  • 23 Noyabr 2017, 00:50

"Qarabağ"ın bu gün "Çelsi"yə məğlub (0:4) olduğu matçdan sonra Maksim Medvedev görüşlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Medvedev oyuna yaxşı başlasalar da penaltinin onların planlarını alt-üst etdiyini deyib:
 
"6:0-lıq ilk oyundan sonra bu komandanı daha yaxşı tanıdıq. Necə oynadıqlarını analiz etmişdik. Oyuna yaxşı başladıq. Qol vurmaq imkanımız oldu, top dirəkdən qayıtdı. Qırmızı vərəqə və penalti isə 2 həftəlik hazırlığımızı alt-üst elədi".
 
Medvedev də Rəşad Sadıqov kimi görüşün baş hakimi Manuel De Souzanı sərt tənqid edib: "Birinci dəfə idi ki, mən belə emosiyası olmayan hakim gördüm. Hamımız üstünə getdik ki, penalti verirsən, heç olmasa qırmızı vermə. Düzdü, oyun epizodunda biz yaxşı görə bilmədik penalti olub-olmadığını. Ona görə çox da müzakirə apara bilmədik. Kapitan olaraq Rəşadın oyundan qovulması komandaya çox təsir elədi. Bundan sonra çalışdıq ki, psixolojik olaraq sınmayaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirək. "Çelsi"yə qarşı 10 nəfərlə oynamaq çox çətindi. Hakimdə sanki "Qarabağ"a qarşı antipatiya yaranmışdı. İstəyirdi ki, birinci dəqiqələrdən komandanın oyununu sındırsın.
 
Belə erkən qırmızı vərəqə görməyə hazır deyildik. Baş məşqçi tez-bazar bizə başa saldıki kim harda duracaq, necə oynayacaq. Ancaq birinci hissədən sonra paltardəyişmə otağında tam başqa bir sistemə keçdik".
 
28 yaşlı müdafiəçi görüşün final fitindən sonra rəqib komandadan heç kimlə formasını dəyişmədiyini deyib və səbəbini belə izah edib: "Formamı heç kimlə dəyişmədim. Oyunda elə bir hiss keçirdim ki, sanki məni futboldan incitdilər. Baxırdım komandadakı oyunçuların üzlərinə, oynamaq istəmirdilər. Hirslənirdilər ki, üç oyun ardıcıl qırmızı vərəqəmi olar?".

Paylaş: