Mirbağır İsayev: Turanın Fənərbağçada möhkəmlənəcəyinə inanıram

Mirbağır İsayev: Turanın Fənərbağçada möhkəmlənəcəyinə inanıram

  • 20 Fevral 2018, 12:52

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ”ın U-19 komandasının üzvü Turan Vəlizadənin karyerasını Türkiyədə davam etdirəcəyini xəbər vermişdik. Sportlife.az xəbər verir ki, o, “Fənərbağça” ilə anlaşıb.

Bu münasibətlə sözügedən futbolçunun U-17 millisində baş məşqçisi olmuş Mirbağır İsayev öz fikirlərini saytımızla bölüşüb. Hansı ki, vaxtilə “Mançester Yunayted” futbol məktəbinə seçim zamanı da bu futbolçunu məhz İsayev kəşf edib:

“Mən sevinərəm ki, Turan ölkəmizdən xaricdə oynasın. Ən azından “Fənərbağça” klubu onunla maraqlanırsa, bu bizim üçün böyük nailiyyət hesab olunmalıdı. Gənc futbolçularımızın indidən legioner həyatı yaşamaları 3-4 ildən sonra əsas milli komandamızın güclənməsinə də böyük təkan ola bilər. Bu, bizim üçün müsbət haldı. Mən Turanın istedadına bələdəm və hətta onun “Fənərbaxça”da möhkəmlənməklə Avropaya qapılarının açılacağına da inanıram.

Azərbaycanda böyük potensiala malik bir çox uşaq var və deyərdim ki, Turan onların birincisidi. Onun böyük futbolçu olmaq şansı var. Meydanı yaxşı görməsi, işinə ciddi yanaşması, tərbiyəsi, rejimə riayət etməsi, təkcə meydanda yox, məşqlərdə canını qoyması onun daha da qabağa getməsinə kömək edəcək. Mən U-17 millisində onu 3 mövqedə oynadırdım və hər 3 nöqtədə də effektiv oyun sərgiləyirdi. Bir futbulçu müxtəlif mövqelərdə oynamağı bacarırsa, bu elə onun talantından xəbər verir.


Mən Turanı 7 il bundan qabaq “Maçester Yunayted” futbol məktəbindəki seçimlərdən tanıyıram. O seçimləri AFFA-nın baş katibi Elxan Məmmədov mənə həvalə etmişdi. O bu seçimlərdə ən yaxşılardan biri olmuş və “Mançester Yunayted”in skautları Bakıya gəlib onu Mançesterə, “Mançester Yunayted” məktəbinə aparmışdılar. Turan 20 gün orda məşqlərə cəlb olundu. Onun böyük potensiala malik olduğunu onlar da vurğulamışdılar. Yenə də deyirəm ki, bu hələ 7 il bundan qabaq baş verib və bu uşaq onda “Əlincə” futbol məktəbinin aşağı yaş qruplarında məşq edirdi”.


Paylaş: