Premyer Liqamız 16 pilləlik sıçrayışla ilk üçlükdə!

Premyer Liqamız 16 pilləlik sıçrayışla ilk üçlükdə!

  • 18 Yanvar 2018, 18:29

Son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının UEFA reytinqində hərəkət cədvəli açıqlanıb. Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən böyük sıçrayışa nail olanlar "üçlüy"ündə Topaz Premyer Liqası da yer alıb. 2008-ci ildə Premyer Liqa 42-ci sırada idisə, artıq 16 pillə irəliləyən çempionatımız 26-cı sıraya yüksəlib.

Azərbaycan kimi, Qazaxıstan da 16 pilləlik yüksəlişə nail olub. Ən yaxşı nəticəni isə 21 pillə irəliləyən Belarus göstərib. Belə irəliləyişlər hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardı.

Ən böyük tənəzzülə isə 33-cü yerdən 48-ci sırada enən Litva çempionatı uğrayıb. Halbuki, bu ölkə 2009-cu ildə hətta 29-cu pillədə idi. Habelə, 10-cu pillədən 23-cü mövqeyə enən Şotlandiya da ciddi geriləmə ilə üzləşib. Səbəb kimi ölkənin ən titullu klubu "Reyncers"in 2012-ci ildə müflis olaraq, aşağı liqaya enişi göstərilir.

İlk "beşlik"də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb. Halbuki 10 il əvvəl Almaniya Bundesliqası 5-cı, İngiltərə Premyer Liqası isə lider idi.

Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.

UEFA son üç mövsümdə Avropa ölkələrinin yüksək liqalarında komanda sayı ilə bağlı baş verən dəyişiklikləri də açıqlayıb. 2015/16 mövsümü ilə müqayisədə ən böyük artım Bolqarıstan çempionatında müşahidə olunub. Bu ölkənin yüksək liqasında komanda sayı 10-dan 14-ə çatdırılıb. Ən böyük azalma isə Gürcüstanda qeydə alınıb. Qonşu ölkənin əsas liqasında iştirakçı sayı 14-dən 10-a enib.

Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Litva, Ukrayna, Montoneqro, eləcə də Bosniya və Herseqovinada yüksək dəstə iştirakçılarının sayı azalıb. Bolqarıstanla bərabər, Belarus, Danimarka, Latviya, Makedoniya və Maltada isə artım qeydə alınıb.

Yüksək dəstəsində daha çox - 20 komanda olan 4 ölkə var: İngiltərə, İspaniya, Fransa və İtaliya. Ən aşağı göstərici isə Erməistandandadı - 6 komanda. Azərbaycanla yanaşı, Andorra, Litva və Latviya çempionatlarında da hazırda 8 komanda çıxış edir.

Qeyd edək ki, 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda çıxış edib. Hazırda isə elita təmsilçilərinin sayı 8-dr. Ümumilikdə UEFA-ya üzv olan 55 assosiasiyanın yüksək liqalarında 713 klub yer alıb.


Paylaş: