Resad Sadigov: Avropa oyunlarinda hakimler bize garsi cox sert movge tuturlar, Chelsea...

Rəşad Sadıqov: Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar

  • 23 Noyabr 2017, 00:16

"Oyun haqqında nəsə demək çətindi. Oyunu iki hissəyə bölmək olar. Qırmızı vərəqəyə qədər və qırmızı vərəqədən sonra. Ora qədər hər şey yaxşı başlamışdı. Oyunun nəzarəti bizdə idi, amma bir anda hər şey pozuldu".
 
Sportlife.az xəbər verir ki, bu sözləri "Çelsi" ilə oyundan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. İlk qolda qırmızı vərəqə görərək meydandan kənarlaşdırılan və penaltiyə səbəb olan Sadıqov görüşün baş hakimi Manuel De Souzanı tənqid edib:
 
"Hakimə dedim ki, penalti verirsən, heç olmasa qırmızı vərəqə göstərmə. Mən sadəcə başa düşə bilmirəm ki, bu "son ümid foul"u hansı epizoda aiddi. Penalti verilsə belə, qırmızı ağır qərar deyilmi? Qaranın epizodunu qayda pozuntusu olaraq qeydə alırsansa, onda sən gərək hər epizodda cərimə zərbəsi təyin edəsən. Elə penaltimi olur? Özünüz də bilirsiz ki, biz heç vaxt hakimlikdən danışmırıq. İndi də danışmaq istəmirəm. Sadəcə insan öz emosiyalarını saxlaya bilmir.
 
Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. 10-15 həlledici epizodları yada sala bilərik. Onsuz komanda meydanda 2:0 məğlub olur. Elə penalti olur? Son 10-15 ildə belə bir penalti görməmişəm. Buna nə şərh vermək olar bilmirəm".
 
Təcrübəli müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Roma" ilə keçirəcəkləri səfər qarşılaşması barədə də fikirlərini dilə gətirib:
 
"Roma" ilə çətin səfər oyunu olacaq. Çox istəyirdik ki, bu gün yaxşı nəticə əldə edək. Hətta qələbə qazanmaq, azarkeşləri sevindirmək istəyirdik. Çox məyusuq. Uşaqlar sonadək mübarizə apardılar. Qorxurdum ki, daha böyük hesabla məğlub ola bilərik. "Roma" ilə oyuna da hazırlaşıb komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Paylaş: