Xatirə turnirində ilk günün qalibləri

Xatirə turnirində ilk günün qalibləri

  • 12 Yanvar 2019, 00:18

Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri start götürüb.

Sportlife.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edir.

İlk yarış günündə 45, 48, 51, 55, 60 və 65 kq-da sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb.

Turnirin rəsmi açılış mərasimindən öncə Gənclər və İdman Nazirliyi (AGİN), Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Güləş Federasiyasının (AGF) kollektivi, eləcə də idman ictimaiyyətinin tanınmış simaları Şəhidlər Xiyabanını ziyarət edərək, 1990-cı ilin yanvarın 20-də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin, o cümlədən Müşviq İsayevin xatirəsi yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

Təntənəli açılış mərasimində əvvəlcə çıxış üçün söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verilib. Nazir müavini açılış mərasimində çıxış edərək Vətən uğrunda şəhid olan həmvətənlərimizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut elan edib. Daha sonra çıxışını davam etdirən İ.İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Yarış iştirakçılarına öz təşəkkürünü bildirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, mərhum Müşviq İsayevin qardaşı Xəzər İsayev 20 yanvar şəhidlərinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayıb, yeniyetmə pəhləvanlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güləşçiləri beynəlxalq arenada, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında böyük uğurlar qazanıb. O, bu yarışın yeniyetmələr üçün yayda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına hazırlıq xarakteri daşıdığını qeyd edib.

Gənc müğənni Nurşən Məmmədzadənin ifasından sonra MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən hazırlanan xüsusi mükafatlar təqdim olunub. Güləşçimiz Əbülfəz Nəsirov "ədalətli oyun prinsiplərinə sadiq idmançı", Zaur Umarakaev (Rusiya) "ədalətli oyun prinsiplərinə sadiq məşqçi", Yerbolat Muxametalinov (Qazaxıstan) isə "ədalətli oyun prinsiplərinə sadiq hakim" ünvanına sahib çıxıb.

Daha sonra yarış qaldığı yerdən davam edib. İlk üç yeri tutanlara medal və diplom təqdim olunub. Qeyd edək ki, komanda hesabında Azərbaycan 1-ci, Gürcüstan 2-ci, Rusiya isə 3-cü yeri tutub.

45 kq
1. Murad Haqverdiyev
2. Mircavad Nəbiyev
3. Abdulrəhman İbrahimov
3. Mahir Məmmədov

48 kq
1. Ramiq Heybətov
2. Nurdaulet Bazarbayev (Qazaxıstan)
3. Bakdaylet Talaşbay (Qazaxıstan)
3. Elmir Rüstəmov

51 kq
1. Kənan Heybətov
2. Fəqan Mirzəyev
3. Camal Qasımov
3. Elnur Nurqazi (Qazaxıstan)

55 kq
1. Ruslan Şıxıyev
2. Omar Qazaşvili (Gürcüstan)
3. Riad Aslanov
3. Raxman Butuyev (Rusiya)

60 kq
1. Əbülfəz Nəsirov
2. Georgi Zalkaniani (Gürcüstan)
3. İlkin Məmmədov
3. Xızır Musaxayev (Rusiya)

65 kq
1. Cəbrayıl Hacıyev
2. Səccad Əliyev
3. Sabir Cəfərov
3. Firuz Kvlividze (Gürcüstan)


Paylaş: