İlham Eliyev: Bir daha gorduk ki, xalqimiz, cemiyyetimiz birdir - baku - azerbaijan - prezident - baku 2017

İlham Əliyev: Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir

  • 23 May 2017, 15:17

"IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”.

 

Sportlife.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə söyləyib.

 

İlham Əliyev oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartlarının tətbiq olunduğunu və bu gün Azərbaycanın inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanındığını, idmançıların uğurlarının da bunu bir daha təsdiq etdiyini bildirib.

 

“Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz də buna nail olduq” deyən dövlət başçısı ölkəmizin müsəlman aləmini qərb aləmi ilə birləşdirdiyini qeyd edib. Azərbaycan prezidenti bildirib ki, müstəqilliyimiz ən böyük sərvətimizdir və IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir.

Dövlət başçısı deyib ki, açılış mərasimində Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğunu, islamın sülh, mədəniyyət dini olduğunu göstərib, Azərbaycanın zəngin mədəniyyəti və tarixini bütün dünyaya nümayiş etdirib: “Bağlanış mərasimində isə Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil müasir Azərbaycan dövlətini təcəssüm etdirir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir”.


Paylaş: