Mayk Tayson Bakiya gelir - idman - boks - tayson

Mayk Tayson Bakıya gəlir

  • 23 May 2017, 16:10

Oktyabrın 1-dən 6-na kimi Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək.

Sportlife.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman məlumat verib.

Maraqlıdır ki, tədbir Astanada keçirilməli olsa da, sonradan WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib. Toplantıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndələri qatılacaq. Təşkilatın saytında tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində idman və gənclər naziri Azad Rəhimovun rolunun böyük olduğu yazılıb.

 

Qazaxıstanda isə WBC-nin bu qərarı təəcüblə qarşılanıb. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bu qərarın onun üçün anlaşılmaz sürpriz olduğunu bildirib. "WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendir. Harada yaxşı şərt təklif etsələr oranı seçir", - Bekxojin deyib.

O bildirib ki, Qazaxıstan nümayəndə heyəti də Bakıdakı tədbirdə olacaq. "Situasiyaya sakit yanaşmaq lazımdır. Bu, biznesdir. Böyük faciə yoxdur. Bizim imicimizə zərər dəyməyib, biz konvensiyanı növbəti illərdə də keçirə bilərik".

Qeyd edək ki, Bakıda keçiriləcək tədbirdə dünya boksunun ulduzları Floy-Meyvezer, Mayk Tayson və digərləri iştirak edəcək.


Paylaş: