Karateçilərimiz AÇ öncəsi son məşqə çıxdılar

Karateçilərimiz AÇ öncəsi son məşqə çıxdılar

  • 1 Fevral 2018, 16:53

2-4 fevral tarixlərində Rusiyanın Soçi şəhərində 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşadək gənclərin isə 10-cu Avropa çempionatı start götürür. Sportlife.az xəbər verir ki, yarışa bir gün qalmış seçmə komandamızın üzvləri turnirin keçiriləcəyi "Aysberq" Qış İdman Sarayında son hazırlıq məşqinə çıxıblar.

Seçmə komandanın məşqçiləri Anar Allahvediyev, Şahin Xudaverdiyev, Denis Morozov və Vahid Ayvazov (kata) Avropa çempionatına hazırlığı yüngül məşq prossesi ilə tamamlayıblar. Yarışqabağı yüksək əhval-ruhiyyədə olan idmançılar mükafatlar uğrunda mübarizəyə tam hazırdırlar.

Qitə çempionatının ilk günü 14-15 yaşlı yeniyetmələrin nəticələri məlum olacaq. Fərid Ağayev (-52 kq), Əminağa Əliyev (-57 kq), Tale Yaqubov (-63 kq), Polina Hurenko (-47 kq), Fidan Dadaşova (-54 kq) və Ayla Rzazadə (+54 kq), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) çempionatında 44 ölkədən 956 idmançı ilə birgə medalçılar sırasına düşmək üçün mübarizə aparacaqlar.

2 fevral tarixində həmçinin Avropa Karate Federasiyası (EKF) İcraiyyə komitəsinin yığıncağı keçiriləcək. Komitənin üzvü, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov rəsmi tədbirdə iştirak edəcək.


Paylaş: