Yığma komandamızda yeni baş məşqçi

Yığma komandamızda yeni baş məşqçi

  • 13 Fevral 2018, 15:55

Bu gün Azərbaycan Milli Karate Federasiyasında İdarə Heyətinin, məşqçilərin və böyüklərdən ibarət milli komandanın üzvlərinin iştirakı ilə iclas keçirilib. Sportlife.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə olunub və müəyyən qərarlar verilib.

Böyüklərdən ibarət milli komandanın məşqçilər heyətində yeni təyinatlar olub. Azərbaycan Milli Karate Federasiyası İdarə heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini, yeniyetmə və gənclər üzrə baş məşqçi Anar Allahverdiyev icra edəcək.

Bu barədə federasiya rəhbərliyinin milli komandanın məşqçi və idmançı heyəti ilə yığıncağında açıqlanıb. Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, eləcə də İdarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıda qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.

Baş məşqçi vəzifəsinin icrasına başlayan əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək nəaliyyətlər qazanmaq uğrunda yönəldəcəyini söyləyib. Yığıncaqda həmçinin milli komandanın 2018-ci il ərzində keçiriləcək olan nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqə qarşı nəzarətinin gücləndirilməsi və digər məsul öhdəliklər müzakirə olunub. Sabah BƏƏ-nin Dubay şəhərində keçiriləcək olan Premyer Liqa 1 -də iştirak üçün yola düşən komanda üzvlərinə tövsiyyələr verilib və qərarlar qəbul olunub.


Paylaş: