Ata, sen dezertirsen? - дезертир вк - ata haqqinda

Ata, sən dezertirsən?

  • 22 May 2017, 12:47

Doxsanıncı illərin ortaları idi. Lap dəqiqləşdirsəm, 1996-cı il və bu o deməkdi ki, Bəhmən Həsənov Qurban Qurbanovu hələ məğlub etməmişdi. Yəni Ələtə belə, özəl təyyarə ilə gedən “Qarabağ” acından günorta duran, həmin ilin maaşından bir qəpik almayan “Rəvan”a uduzmamışdı. Heç bu “oyun”un oyun qurucusu Ramin Musayev də futbol sahəsində çalışmırdı. Hətta lap dəqiqləşdirsək, azadlıqda deyildi. Biz isə yenicə hərbi məktəbi bitirib, təyinatımız üzrə cəbhəboyu hərbi hissələrə səpələnmişdik. Zənnim aldatmırsa, avqust ayının ilk günlərində bizi korpus daxilində yenidən bir yerə yığdılar və Tovuzun Alakol kəndində iki həftəlik seminara başladıq. Dərslər sonrası Alakolun səssiz, yam-yaşıl küçələrini o baş-bu başa var-gəl edərdik. Yaşıllıq, sakitliklə yanaşı, bir kənd yeri üçün kifayət qədər dəbdəbəli sayılacaq evləri görəndə təəccüblənməyə bilməzdik. Sonradan öyrəndik ki, Alakolun kişilərinin əksəriyyəti Rusiyada çalışır və yaxşı imkanlara malikdirlər. Məhz bu dəbdəbəli evlər həmin qazanılan pulların göstəricisidi. Bax, o kəndin üç nəfər Rusiyada çalışanı ortaya pul atsa, iki “Turan” klubu yaşadar. Hamımız gözəl bilirik ki, Tovuzda yüzlərlə Alakol sakini gücündə - yəni Rusiyada yaxşı imkanı olan adamlar var. Əcəba, bəs niyə “Turan”a pul tapılmır?

Reytinqli siyasi saytlar nə olsun ki, icra hakimiyyətlərindən, nazirliklərdən yaxşı reklam pulu alırlar, arada xəbər lentində maqazin xəbərləri də yer alır axı. Və o xəbərlərdən, üstəlik, eşitdiklərimdən bu qənaətə gəlirəm ki, Şəmkir rayonunda toylar olmasa, bizim CİP sürən müğənnilər heç “Moskviç”ə də otura bilməz. Yaxud ucu-bucağı olmayan Rusiya Şəmkir rayonu olmasa, göy-göyərti üzünə həsrət qalar. Toylarına yüz minlik müğənni gətirən rayonda əcəba, niyə “ Şəmkir”ə pul tapılmır?

“Komanda.az” saytındakı ilk köşəmdə yazmışam və əsaslandırmışam. Bir daha deyim ki, indiki “Kəpəz”in gəncəlilərə adından başqa qətiyyən və heç bir halda bağlılığı yoxdu. AFFA digər klublar kimi “Kəpəz”ə “yetim payı” ayırmasaydı, uzun müddət idi ki, Gəncədə də futbol yox idi. Mənə görə, heç indi də ölkənin ikinci böyük şəhərində futbol yoxdu. Bu qədim diyarda oğullar var ki, birləşib “Lukoyl”a təpik atıb, “Zenit”ə himayədarlıq edər. Əcəba, bəs niyə “Kəpəz”ə pul tapılmır?

Siyahını uzatmaq olar və bununla zamanınızı almaq istəmirəm. Ümumiyyətlə, kiminsə istəmədən zamanını almaq yaxşı iş deyil. Necə ki, “feysbuk”da o gün dostlardan birinin belə bir paylaşımını gördüm - “Azərbaycan futbolunun inkişaf perpektivləri. Layihə”.

Adamı lap şit gülmək tutur. Yox bir, “Sov. İKP MK-nın XXVII qurultayının qərarlarını həyata keçirək”... Qardaş, hansı perspektivdən danışırsan? 20 milyon büdcəsi olan Azərbaycan futbolundakı “pripiska” əməliyyatında ayrılan pulların siyahısında idman mediası üçün ayrılan pulu görəndə, bilmirsən ağlayasan, ya güləsən. Məsələn, məşhur “Bizim Cəbiş müəllim” filmində Namiqin atasına verdiyi sual yada düşür: “Ata, sən dezertirsən?” AFFA prezidenti 7 cərgə jurnalist önündə “indi futbola əsl futbolu sevən iş adamları gəlir” deyəndə susduğumuz üçün hamımız dezertirik. Cünki fəaliyyəti dayanan iki iş adamının klubundan sonra ölkə futboluna yeni bir iş adamı gəlməyib. Əksinə, klublar dağıla-dağıla gedir. 8 komandanın 5-ni AFFA özü saxlayır. Hanı o iş adamları? Niyə susduq? Bilmirəm, çünki mən Lənkəranda idim.

Azərbaycan futbolu bir əldə cəmlənir və iş adamlarını futbola cəlb etmək yönündə zərrəcə iş görülmür, hec cəhd olunmur. Dövlət səviyyəsində futbola sərmayə qoyan iş adamlarına cüzi də olsa güzəştlərin olunması barədə təklif bilərəkdən verilmir, dövlətin özü də, vətəndaşı da aldanılır, futbol məhv olub gedir. Uşaq futbolu artıq məhv olub, tüstüsünü media və AFFA-dan başqa hər kəs görür. İnanın ki, istəsələr - yəni futbola rəhbərlik edənlər - şəxsi maraqlarından əl çəkib, əməli işə keçsələr, regionlarda kifayət qədər klub bərpa olunar. Sadəcə, soğanımız, bananımız, hətta az qala corabımız bir əldə cəmləşdiyi kimi futbolumuzu da bir ələ sığdırıblar. “Bakı” və “Xəzər Lənkəran”dan sonra növbədə “Qəbələ”di. Tarix və ədalətin təntənəsi onu deyir ki, bir gün “Qəbələ”nin də həsəd aparılan bazasında yel vurub, yengələr oynayacaq. Növbə ilə “işğal” davam edir. Uzağı bir “Qarabağ“ qalacaq və onsuz da o da özlərinindi. Bitdi...

Əlacımız odu ki, əsl futbolu sevən insanlar toplana, “yağmur duası” kimi bir dua edə. Ki, “ya bir olan Allah, bizə rəhmin gəlsin. Ya günahkarların başına yekə bir daş sal, ya da ən yaxşısı “Qarabağ” da, “Qəbələ” də bu il avrokuboklarda elə təsnifatda ilişib qalsın”. Qalsın ki, birilərinin pulu, peşəkar işi hesabına qazanılan nəticəni AFFA da, PFL də öz adına çıxara bilməsin. Bəlkə bundan sonra “yuxarı”dan biriləri bunların yaxasını tutub silkələdi, “niyə müharibə gedən ölkədə 25 il əvvəl 26, indi isə 20 milyon qarşılığında 8 komanda var” sualını verdi. Bəlkə kimsə uşaq futbolunda körpələrin oynamağa top tapmadığı halda, ayrılan 2 milyonun kimin balışı altında olduğunu üzə çıxardı. Bax, əsl lahiyə də bu olar. İnanın, bunun üçün nə lazımsa edək. Dua edək, yalvaraq, imkan düşəndə sual verək. Vallah, lazımi sualları görməyəndə Namiqin sözü yada düşür: “Ata, sən dezertirsən?”

P.S. Yazı “Xəzər Lənkəran”ın süqutunun ildönümünə həsr olunub.

P.P.S. Bir gün Ramil Diniyev və ona sifarış verənlərin, dezertirlərin yaşamadığı və olmadığı futbolda görüşənədək!

 

Hüseyn Cəbrayıloğlu


Paylaş: