Azerbaycan idmaninda mentig oyunlari

Azərbaycan idmanında məntiq oyunları

  • 11 Avqust 2017, 13:30

Əgər ortada bütün bir ölkəni maraqlandıran problem və ya həllini gözləyən məsələ varsa həll orqanı elə xalqın özü olur. Yəni sən, mən, o, bu və.s. Tək-tək hamımız söz haqqına sahib oluruq. Buna referendum, ictimai rəy, və ya vəziyyətdən asılı olaraq ictimai təzyiq, qınaq da demək olar. Adını siz qoyun.

Ancaq burda manipulasiya edilmiş bir ictimaiyyətin rəyi nəzərdə tutulmur təbii ki. Çünki ictimai rəy azad fikir deməkdi. Manipulasiya edilmiş ictimai rəy, isə sənə onsuz da seçilib verilmiş bir neçə variant arasında seçim etmək qədər azaddır. Deyək ki, heç bir kənar təsirə məruz qalmadan (bu çox da mümkün olan bir şey deyil bizim ölkədə) azar rəy yürütmək qərarına gəldik. Bəs bizi özümüzün təsirindən kim qoruyacaq? Məsələ burasındadır ki, biz öz içində ziddiyət yaşayan millətik. Bizim üçün qatıq eyni anda həm ağ, həm də qara ola bilir. Qulağa möcüzəvi gəlir elə deyil? Alisin xarüqələr diyarından fərqsizdi bizim ölkə. Sadəcə bizim ölkənin öz möcüzələri var. Paradoksal aləmdə kvant fizikasının qanunları kimi.

Buna adi nümunələrdən birini bu gün yaşadım. Daha doğrusu eşitdim. Deməli hamımız artıq azərbaycanlı atlet Ramil Quliyevin Türkiyə adına yarışaraq dünya çempionu olmasından xəbərdarıq. Təbii ki, Ramil çempion olan kimi xalqımızın ağla gələn ilk reaksiyası, "Belə idmançıları niyə əlimizdə saxlaya bilmirik. Niyə legionerlərə bir ətək pul tökürük, amma öz istedadlı, perskeptivli idmançılarımızı itiririk" oldu. Biraz həsəd, biraz paxıllıq, biraz da yerli idman hakimiyyətinə əsəb halında ictimai rəyə çevrilən bu fikirlər ilk baxışda normal görünür. Bu arada qeyd etmədən keçməyim. Ramil əldən verdiyimiz ilk dəyər deyil. Daha əvvəl azərbaycanlı ağırlıq qaldıran Nicat Rəhimov da Qazaxıstan adına Olimpiya çempionu olmuşdu. Yəni hazırda yaşadığınız hisslər sizdə dejavu yaşadırsa, bilin istədim.

Nə isə... Burada üç nöqtə qoyub sizə kimdən danışım, bu yaxınlarda etiraz aksiyası keçirmiş bir qrup idmançıdan. Hansı ki, uzun müddətdir maaşlarını və onlara vəd olunan mükafatlarını ala bilmədikləri üçün etiraz səslərini qaldırmışdılar. Xatırladız? Hə, milli, olimpiya, dünya, avropa çempionu güləşçilərimiz idi bunlar. Bilirsiz xalqın reaksiyası necə oldu bu etiraza? Məncə bilirsiz, axı xalq elə sizsiz. Bəli, "o qədər pul qazanırlar, hələ durub mükafat da istəyirlər", "camaat gedib 200 manata fəhləlik edir, aylarla maaşını ala bilmir, səsi çıxmır, amma bunların harayına bax" kimi ictimai irada çevrilən ictimai rəy yarandı. İndi durub burda hansı fəhlə olimpiya çempionu olub bayraq ucaldır, hansı fəhlə sənin ölkəni dünyada təmsil edir, hansı fəhlə dünya arenasında himnini oxudur deməyəcəm. Ancaq həmin güləşçilərin Olimpiya çempionu olan zaman bu gün onları tənqid edənlərə yaşatdığı fəxr hissini də bilirik, bu gün Ramil Quliyevin, Nicat Rəhimovun bizə yaşatdığı həsəd hissini də dərindən yaşayaraq bilirik.

Ziddiyət bu məsələnin harasındadı bilirsiz? Bu səhər TV-də bir şərhçi Ramilin hələ Türkiyəyə getməmişdən əvvəl Azərbaycan adına yarışmaq üçün istədiyi maşın və evi xatırladıb bunların çox normal təbii istəklər olduğunu deyirdi. Və inan bu gün bəlkə də hər kəs belə düşünür. Çünki əlimizdə olanın dəyərini sonradan anlamaqla bağlı atalar sözünü biz tez-tez xatırlamalı oluruq. Dünən Olimpiya çempionu güləşçilərimizi onlara vəd olunan 500 min, bir milyon manat mükafatlarını tələb etdikləri üçün tənqid edən ictimai rəy bu gün Ramilin vaxtında irəli sürdüyü ev, maşın tələblərini idmançının təbii ehtiyacları sayır. Bu yerdə güləşçilərə bir milyon manat mükafat vəd edib Ramilin ev, maşın istəyini rədd edən ölkənin idman rəhbərliyinin trajikomik, anlaşılmaz qərarlarını da qeyd etməsək olmazdı.

Nə demək olar...? Qatığın qara olmadığını, və ya bir üstə gəl birin beş etməyəcəyini kim iddia etdiki?... Bura Azərbaycandı....


Paylaş: