Bu adamlar “Neftçi” adını ciddiyə almırlar! - KÖŞƏ YAZISI

Bu adamlar “Neftçi” adını ciddiyə almırlar! - KÖŞƏ YAZISI

  • 23 Yanvar 2018, 21:59

"Neftçi"dən buraxdığımız qol hərtərəfli araşdırma üçün səbəb olacaq" - bu sözləri Rusiyanın "OİK-Xabarovsk" komandasının baş məşqçisi Rinat Bilyaletdinov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı "Neftçi"ni 8:1 hesabı ilə yendikləri yoldaşlıq görüşündən sonra deyib. Bilyaletdinovun bu fikrini izah etməyə gərək görmürəm. Açıq-açığına adam “Neftçi”dən qol buraxmaqlarını özlərinə “padlo” bilib.

Əsas heyət üzvlərimiz yox idi... Hava şəraiti imkan vermədi... Bəxtimiz gətirmədi... Bircə “Rəqib futbolçuların qulaqları əyri idi!” bəhanəsini gətirməsi qalıb Tərlan Əhmədovun. Sözümün mustafası odu ki, məğlubiyyətə bu tip bəhanələr gətirmək ən uğursuz addımdı. Elə bəhanələrlə çıxış etmək lazım idi ki, ən azı azarkeşlərin ruhları inciməsin. Əhmədov anlamalı idi ki, bu bəhanələrin ona xeyrindən çox ziyanı ola bilər. Özünə də məlumdu ki, azarkeşlər ona böyük inamla yanaşır. Onlar inanırlar ki, Əhmədov bu uğursuzluqların kökünü kəsəcək. Yəni qısası belə açıqlamalar gətirmək özünə olan hörməti xərcləməkdən başqa bir şey deyil. Yenə də özü bilən məsləhətdir. Fikrimcə, belə bəhanələrdənsə (bu saatdan sonra yersiz bəhanələr üçün hər kəsin qarnı toxdu), bu biabrçı nəticənin səbəbkarlarını açıqlayaydı Əhmədov. Onlar da, qazanılmış yaxşı nəticələri necə öz adlarına çıxarırdılarsa, uğursuzluqların da səbəbi "Mənəm" deyib "istefa" verib gedərdilər!

Bu adamlar “Neftçi” adını DƏRK ETMİRLƏR, CİDDİYƏ ALMIRLAR! Əksi olsaydı, bu rəzillik yaşanmazdı. Çox söz söhbətlər gəzir ki, rəhbərliklə baş məşqçi arasında o olub, bu olub, nə bilim oyunu özləri belə acınacaqlı hesabla uduzublar, komandada istər oyunçuylar, istərsə də rəhbərlik arasında qruplaşmalar var və s. Amma heç bir səbəb, heç bir şəxsi ədavət bu klubun adından üstün ola bilməz, olmamalıdır! İşləyə bilən işləməli, bilməyən özünə başqa sənət tapmalıdı. “Neftçi” adına hörməti sözdə, müsahibələrdə yox, əməldə göstərmək lazımdı, cənablar. Gördüyümüz (göstərdiyiniz!) mənzərə isə tamam başqa şeylərdən xəbər verir...

Məğlub olmaq ayıb deyil, amma bu hesabla uduzmağa haqqınız yoxdu! Nə olsun ki, yoxlama oyunudu?

Mirələm Həsənli


Paylaş: