Çelsi ilə oyun öncəsi sınaq matçı, Qarabağlıların və ya ötənilki çempionların dueli

Çelsi ilə oyun öncəsi sınaq matçı, Qarabağlıların və ya ötənilki çempionların dueli

  • 10 Noyabr 2017, 21:02

Noyabrın 22-də “Qarabağ”ın əsas komandası ilə yanaşı U-19 komandası da “Çelsi”li həmyaşıdları ilə üz-üzə gələcək. Səfərdə “Atletiko”nu məğlub edən Rəşad Sadıqovun yetirmələrinin ingilislərlə keçirəcəkləri oyuna hazırlığı ilə tanış olmaq üçün 2 gün öncə Zirə İdman Kompleksinin stadionuna yollanmaq qərarına gəldim. Gənc “Qarabağ”ların orada Gənclər Liqasının VIII turu çərçivəsində “Səbail”lə qarşılaşması var idi.

Rəşad Sadıqov “Səbail”lə qarşılaşmaya əsasən Madriddəki heyəti buraxmışdı. Bu da başadüşülən idi. Çox güman ki Sadıqov “Səbail”lə oyuna “Çelsi” ilə oyun öncəsi sınaq matçı kimi baxırdı. Araşdırdıqdan sonra müəyyən etdim ki, komandanın əsas üzvləri həm də “Qarabağ”ın əvəzedici komandasında oynadıqları üçün Sadıqov ən ağır oyunlarda və UEFA Gənclər Liqasının oyunlarında bu futbolçuları U-19-a çağırır.

“Atletiko”nu səfərdə xalsız qoyan komandanın Zirədə qəbul etdiyi rəqib də zəif deyildi. 3 il kollektivi bir yerdə saxlamağı bacaran “Səbail”in baş məşqçisi, “Qarabağ”ın keçmiş müdafiəçisi Vasif Haqverdiyev idi. O, bu heyətlə 2 il öncə “Əlincə”də U-16 Liqasının gümüş, ötən il isə “Vətən”də U-17 Liqasının qızıl medallarını qazanmışdı. Yəqin ki, Sadıqovun oyuna Madriddəki heyətlə çıxmasının səbəblərindən də biri məhz bu amil idi.

Oyunun protokoluna nəzər saldıqdan sonra qonaqların heyətinin yalnız 2000-ci il təvəllüdlü (18 yaş) futbolçulardan (qapıçıdan başqa) təşkil olunduğunu görüb çox təəccübləndim. Çünki “Qarabağ”ın start heyətində 1999-cu il təvəllüdlü 5 futbolçu var idi və belə bir komandaya qarşı oynamaq çox çətin görünürdü. Matçın meydan sahiblərinin asan qələbəsilə başa çatacağını düşünməyə başlamışdım. Oyun başlayar-başlamaz qonaqların hesabı açması fikirlərimdə tələsməməyə və oyuna marağımın yaranmasına səbəb oldu.

Buraxılan qoldan sonra hesabı bərabərləşdirmək üçün təzyiqi artıran meydan sahibləri istəklərinə 5 dəqiqədən sonra çatdılar. Hissənin sonlarında isə “Qarabağ”ın “Fənərbağça”dan icarəyə götürdüyü Turan Vəlizadə Yaroslav Deda ilə etdiyi divar ötürmələrindən sonra “Səbail”in qapıçısıyla təkbətək mübarizədən qalib ayrılaraq “Qarabağ”ı hesabda irəli çıxardı və birinci hissə Ağdam təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatdı.

İkinci hissədə də oyun maraqlı mübarizə ilə yadda qaldı. “Qarabağ”lıların fərdi mübarizələrdə üstünlük təşkil etmələrini, xüsusən Dedanın gözəl oyunu ilə seçilməsini, qonaqların isə kollektiv oyun nümayiş etdirmələri və rəqiblə başa-baş mübarizə aparmalarını qeyd etməyə bilmərəm. Vasif Haqverdiyevin yetirmələrinin hesabı bərabərləşdirmək üçün yaratdıqları şanslardan istifadə edə bilməmələri və bir epizodda topun qapı dirəyindən qayıtmasından sonra meydan sahibləri oyunun son dəqiqələrində 3-cü topu “Səbail”in qapısından keçirərək yekun hesabını müəyyənləşdirdilər. Oyunda ən xoşagələn məqam isə gənc “Qarabağ”lıların əsas komanda ilə eyni sistemdə oynamaları, özlərində top saxlayıb, qısa ötürmələr verməklə rəqibi topsuz qoymağa çalışmaları idi...

Sportlife.az


Paylaş: