Elxan Məmmədov və onun dəstəsi milli komandalarımızı necə şikəst edir?

Elxan Məmmədov və onun dəstəsi milli komandalarımızı necə şikəst edir?

  • 13 Noyabr 2017, 21:06

U-21 yığmamızın 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində almaniyalı yaşıdlarına 0:7 hesabıyla uduzması bir daha sübut etdi ki, illərlə “uşaq futbolunu inkişaf etdiririk” kəlmələri sadəcə “sabun köpüyü”dü. 4 oyuna qapısından 19 top buraxan millimiz indi qrupda xal qazanmağa yox, daha çox böyük hesabla uduzmamağa çalışır. Bu da Elxan Məmmədovun futbolumuzun inkişafına verdiyi “töhfə”...

Təkcə U-21 yığmamız yox, digər aşağı yaş qrupları üzrə milli komandalarımızda da eyni vəziyyət hökm sürür. Məsələn, U-19 yığması. Baş məşqçisinin kimliyi məlum olmayan və 2 ildir ki, bir araya gəlməyən 2000-ci il təvəllüdlü futbolçuların təşkil edəcəyi U-19-larımız gələn il Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarında çıxış etməlidi. 2 illik fasilədən sonra bir neçə ay ərzində hansı baş məşqçi U-19-u həmin mərhələyə hazırlaşdırıb, uğur qazana bilər? Ümumiyyətlə, görəsən bu yaş qrupu ilə maraqlanan olubmu indiyə kimi?

Yuxarıda verilən sualların cavabı isə sadədi. Bütün bu işlərin ucunda Məmmədovun şəxsi maraqları durur. Bu maraqları həyata keçirmək üçün xüsusi planlar da hazırdı. Hansı ki, hər il eyni plan üzrə addımlar atılır. Hansı planlar?... Demək 2 il ərzində diqqət göstərilməyən, toplanışlara cəlb edilməyən futbolumuzun gələcəyi kimi gördüyümüz milli üzvləri 24 aydan sonra seleksiya xarakterli toplanışlara cəlb edilir və müzakirələrdən sonra qərara alınır ki (baş məşqçi də razı salınır), yerli futbolçuların hazırlıq səviyyəsi çox aşağıdı, yəni komandaya legioner cəlb etmək mütləqdi. Beləliklə, uzun müddətdən sonra bir araya gələn futbolçuların yoxlama görüşlərində zəif nəticələr verib, uduzması onların uzun müddət bir yerdə oynamaması ilə deyil, futbolçuların səviyyəsinin aşağı olması ilə əlaqələndirilir.

Daha sonra baş katib cənabları özünəməxsus yollara əl ataraq, xaricdən türkiyəli və yaxud dağıstanlı futbolçuları milliləşdirərək həmin komandanı seçmə mərhələyə yola salır, vəssalam...

Bəziləri düşünürsə ki, məsələ təkcə milli komanda ilə bitmir, klublar da bu işlərdə iri addımlar atmalıdılar, bu fikirlə də razıyam. Amma nəzərə alsaq ki, klubların da bir çoxuna bu adam nəzarət edir, onda baş katibin öz şəxsi maraqlarına çatması üçün əlindən gələni edəcəyinə şübhəniz olmasın.

Klublar demişkən... Bu yaş qrupu üzə milli komandanın heyətini təşkil edəcək futbolçular “Gənclər Liqası”nda çıxış edirlər, yəni köhnə “U-19 Liqa”sında. AFFA bu Liqanın da formatını bu ildən dəyişdirərək, 6+5 limitini ( 6 futbolçu 2000-ci il, 5 futbolçu 1999-cu il) tətbiq edib. Maraqlıdı ki, bütün klublar (1 klubdan başqa) limitə uyğun olaraq 1999-cu il təvəllüdlü 5 futbolçunun xidmətindən yararlanır, ehtiyat heyətdə də həmin futbolçuları əvəzləmək üçün 1999-cu il təvəllüdlü futbolçular saxlayırlar. Nəyə görə? Əlbəttə ki, NƏTİCƏ qazanmaq üçün.... Milli komandaya futbolçu vermək indi heç kimin yadında düşmür... Klub tələb edir, məşqçilər də biçarə...

Hətta mövsümün əvvəlində "UEFA Gənclər Liqası"nda olduğunu kimi AFFA-nın təşkil etdiyi “Gənclər Liqası”nda da 1999-cu il təvəllüdlü 3 futbolçunun oynaması təklif olunub, lakin klublar buna razılıq verməyiblər...Səbəb - NƏTİCƏ qazanmaq...

QEYD: Yuxarıda qeyd etdiyimiz yeganə klub “Səbail”in U-19 komandasıdı. Araşdırdıqdan sonra müəyyən etdik ki, komandanın bütün heyəti 2000-ci il təvəllüdlü futbolçulardan təşkil olunub. Əldə etdiyimiz məlumata görə, komandanın baş məşqçisi Vasif Haqverdiyev komandaya 1999-cu il təvəllüdlü futbolçuları qəbul etmir, onların əvəzedici komandaya daha çox xeyir verə biləcəyini düşündüyü üçün...


Paylaş: