Lisenziya nemene seydi? - lisenziya nedir - asan xidmet

Lisenziya nəmənə şeydi?

  • 13 May 2017, 13:42

“Günlərimiz keçir burda bir-birindən nəşəli...” – tanışlarımdan birinin uşaqlığı internat məktəbində keçib. Hər dəfə yeni il bayramı yaxınlaşanda kövrəlir, bəzədilən şam ağaclarına baxıb bu misraları təkrarlayır. Deyir ki, uşaq vaxtı bayram yaxınlaşanda səbrsizlikə “Yolka” şənliyini gözləyirmişlər, sonra da əl-ələ turub, yuxarıdakı misraları oxuyurmuşlar.

 

İnternat hara, nəşəli günlər hara? Bunu bilməyən yoxdu. Valideyn himayəsindən məhrum uşaqların gözü yollarda qalır, bir xoş sözə, ev ətri gələn isti yeməyə həsrət olurlar. Azərbaycan futbolunda da indi eynilə həmin vəziyyətdi. Futbolçularımız, klublarımız internat uşaqları kimi yetimçilik keçirirlər. Gözləri yollarda qalıb, AFFA-nın səxavətinə ümid edirlər. Futbolumuzun sədrəzəmi Rövnəq Abdullayevlə onun vəzir-vəkilləri Elşad Nəsirovla Elxan Məmmədovun kefi hansı klubu istəsə, onu yaşadarlar. Özünü “yaxşı aparmayan” klubu isə futbol səhnəsindən ömürlük silərlər. Adını da qoyarlar ki, həmin klub lisenziyalaşdırmanın şərtlərinə cavab vermir. Ötən mövsümün əvvəlindən “Turan Tovuz”u süni nəfəs aparatına qoşub, qərb bölgəsinə böyük futbolun qayıdışı ilə bağlı saxta görüntü yaratmışdılar. Vədə yetişdi, artıq süni nəfəs aparatını ayırmaq olar. İndi Əsgər Abdullayevlə ağsaqqal Oqtay Abdullayev kimin istəyirlər, onun da qarasınca deyinsinlər. Heç bir faydası olmayacaq. Guya, əvvəlcədən belə olacağını bilmirdilər? Bilirdilər, özü də çox yaxşı bilirdilər. Hamı kimi.

 

Azərbaycan futbolu ilə maraqlanan hər kəsə bəllidi ki, AFFA-nın lisenziya oyunu bəhanədən başqa heç nə deyil. İstədiklərinə lisenziya verərlər, istəmədiklərinə yox. Kimə istəsələr özləri sponsor taparlar, istəmədiklərini sponsoru olsa belə, qabaqlarına qatıb Azərbycan futbolundan iyrənənə qədər qovarlar. “Səbail”i yaratdılar, AFFA-nın hesabına tikilmiş stadionu heç bir təmənnasız bu kluba verdilər. İş o yerə gəlib çatıb ki, divizionda 2-ci yeri tutmuş komandanın Müşahidə Şurasının iclası AFFA-nın inzibati binasında keçirilir, futbol qurumunun əməkdaşları da yuxarı başda əyləşir. Varmı dünyada ikinci belə bir futbol ölkəsi, belə bir qeyri-peşəkarlıq, “feyr-pley” qaydalarına tüpürmək? Sabah “Səbail”in mübarizə apardığı Premyer Liqada hansı ədalətdən, güzəştsiz mübarizədən danışa biləcəyik?

 

“İnter”lə bağlı durum da bir o qədər gülməli və eyni zamanda ağlamalıdı. Yanvardan bəri “İnter”in futbolçuları maaşlarını güclə alırlar. Faktiki komanda AFFA-nın ianəsinə möhtacdı, “boz bina”dan göndərilən kadrlar klubu idarə edir. Klubun sabahı qeyri-müəyyəndi. Sözsüz ki, belə bir vəziyyətdə bank təminatından söhbət belə gedə bilməz. Futbolçularına aprel ayının maaşını verə bilməyən klub gələn mövsüm üçün bank təminatını necə verib? Hansı bank Beynəlxalq Bankın imtina etdiyi komanda üçün təminat yazıb, pulunu riskə atıb? Yoxdur, olması mümkün də deyil. Amma AFFA “İnter”in avrokuboklarda iştirakından gələcək avrolara gözünü dikdiyi üçün bütün saxtakarlıqlara qol qoyur, komandanın dağılmasını əngəlləmək üçün inzibati üsulları işə salır, lisenziyalaşdırmanın tələblərini də pozur. Odur ki, tovuzlu azarkeşlər özlərinə çox da dərd eləməsinlər. Lisenziya nəmənə şeydi ki, tarixi-kökü, futbol ənənələri olan Tovuz üçün düzəlmir, amma Bakının klubları üçün asanlıqla verilir? Belə çempionata qatılmamaq daha yaxşıdı, vallah!

 

AMAL ABUŞOV


Paylaş: