Ne oldu sene, ne oldu, Robert? - prosinecki, crotia

Nə oldu sənə, nə oldu, Robert?

  • 10 May 2017, 14:03

2015-ci ilin sonları idi. Millimizin baş məşqçisi Robert Prosineçki yığmamızın Bakı Olimpiya stadionunda baş tutan yoxlama oyununda Moldovanı 2:1 hesabıyla məğlub etdiyi matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırırdı. Xorvat mütəxəssis milliyə yeni cəlb olunmuş gənclərin oyunu ilə, yığmada ilk matçını keçirən Pavel Paşayevlə bağlı verilən suallara həvəslə cavab verir, gələcək perspektivlərdən danışırdı. Söhbət hücum xəttindən düşəndə həmkarlarımdan biri Berti Foqtsun dövründə millimizdə şans qazanmış, hətta bir neçə qola da imza atmış, Almaniya regional liqa təmsilçisi “Halberştadt”da top qovan Rüfət Dadaşovun yığmaya yenidən dəvət olunması perspektivi barədə sual verdi. Prosineçki bu sualı eşidən kimi özündən çıxaraq, aşağıdakı cavabı vermişdi:

“Rüfət hazırda Almaniyanın 4-cü liqasında çıxış edir. Bağışlayın məni, ancaq 4-cü liqada çıxış edən futbolçunu milliyə çağırsam, deməli, burda çalışmamalıyam. Ya da ki, sizin futbolda nə isə səhv var. Rüfət Dadaşov mənim üçün alternativ oyunçu deyil”.

Düzü, bu cavabdan sonra Prosineçkini elə də qınayan olmadı. Kişi haqlıydı da... Milli hara, regional liqada gün keçirən futbolçu hara?

Bundan sonra məndə xorvat mütəxəssisin Berti Foqtsdan fərqli olması barədə fikir daha da möhkəmləndi. Ən azı, Prosineçkinin hər küçədən keçənə millidə şans verməyəcəyi barədə inam yarandı.

Bir müddət keçdi... Premyer Liqamızın 2015/16 mövsümünün “Zirə” - “Neftçi” oyununu izləyən Prosineçki matçdan sonra jurnalistlərin önünə keçdi. Oyun, millinin gələcək toplanışı barədə suallardan sonra çox güman ki, Moldova ilə oyunsonrası mətbuat konfransında olmayan həmkarlarımızdan biri yenə Rüfəti yada saldı. Prosineçki bu dəfə bir neçə ay öncəkindən də sərt və dəqiq cavab verdi:

“Dadaşov 4-cü liqada oynayır. Onu çağırsam, gərək çempionatı dayandıraq, futbol oynamasınlar”.

Xorvat mütəxəssis bu sözləri dedikdən sonra əsəbi halda ordan uzaqlaşdı. Yenə içi mən qarışıq bir çox jurnalist millimizin baş məşqçisini haqlı çıxardı. Adam ölkənin bir nömrəli millisində regional liqa oyunçusunu görmək istəmirdi. Lap elə Almaniya klubu olsa belə... Üstəlik, Prosineçki “onu çağırsam, gərək çempionatı dayandıraq” sözləriylə, Almaniya regional liqasında top qovan Dadaşovdansa, yerli çempionatda diqqət çəkən futbolçunu daha üstün tutduğunu açıq bəyan etdi.

Ancaq...

Prosineçkinin millimizin gələn ay baş tutacaq DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyun üçün açıqladığı heyət, daha doğrusu, heyətdəki bir futbolçu onun əvvəl səsləndirdiyi fikirlərlə heç cür düz gəlmir. Belə ki, xorvat mütəxəssis irlandlarla məsul ev oyununda ölkə çempionatının son mövsümünün bombardiri, yığmada yetərincə təcrübə sahibi olan Rauf Əliyevə təklif göndərməyi lazım bilmədi. Əvəzində isə Almaniyanın U-19 (!) liqasında çıxış edən “Ayntraxt”da top qovan Renat Dadaşov millinin irlandlarla oyunu üçün açıqlanan heyətə daxil edildi. Bəli, Prosineçki Rüfəti yığmaya dəvət etməsə də, onun 18 yaşını bu ay qeyd edəcək, peşəkar liqa üzü görməmiş kiçik qardaşına ikiəlli güvəndi. Özü də, ölkə çempionatının bombardiri ilə müqayisədə.

Bəs dəyişən nədi? Prosineçki necə bir il ərzində fikrini 180 dərəcə dəyişdi? Bəlkə xorvat o məşhur “fəlsəfəsi”ni dəyişmək qərarına gəlib? Dəyişməyibsə, bu qəribə seçimə “mənim fəlsəfəm belədi” fikrindən daha məntiqli bir izah verməlidi. Yox, doğrudan dəyişibsə, onda daha keçib, Renatın yanına Almaniya regional liqasının cari mövsümündə 11 qol vurmuş böyük Dadaşovu da əlavə etsin...

Elnur Həmidov


Paylaş: