Seni ne gune qoyublar, ay Gence futbolu?

Səni nə günə qoyublar, ay Gəncə futbolu?

  • 24 Oktyabr 2017, 12:08

AFFA Gəncədə futbolun məhv olunmasıyla məşğuldu. Mənə o dəqiqə Gəncə şəhər stadionundakı ot örtüyünün yenilənməsindən, bunun inkişafa yönəlik addım olmasından danışmasınlar. O stadionda ki, oynamağa yerli futbolçu tapılmayacaq, nəyimizə lazım? İstəyir, lap qızıldan döşəsinlər meydanı, nə xeyri?

Bir klubun ki, gəncləri “Gənclər Liqası”nda dünən yaranan “Səbail”lə oyunda qapısından 10 cavabsız top buraxırsa, mənə başqa görülən işlərdən də danışmayın. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu “Kəpəz” - “Neftçi” matçından sonra sinəsinə döyərək “Mənə AFFA-dan yox, “Kəpəz”dən danışın” deyəndə öz-özümə şübhələndim ki, görəsən bunlar “Kəpəz”i ağ günə çıxarıblar, bizim xəbərimiz olmayıb?

Gəncə gənclərinin 10:0 hesablı məğlubiyyəti Gəncə futbolu adına biabırçılıqdı. 19 yaşlı futbolçuların bu hesabla məğlub olmaları artıq bir qrup gəncin futbol karyeralarının üstündən xətt çəkilməsi missiyasının uğurla yerinə yetirilməsi deməkdi. Əhsən!...

 AFFA-nı Gəncədə futbolun olub-olmaması maraqlandırmır. Ona görə də, onlar üçün uşaq futbolunun inkişafı heç plana belə daxil deyil. Uşaq futboluna barmaqarası baxmağın nəticəsi də, bax bu cür olar. Hər il xaricdən legioner gətirib oynatmaq, büdcəni boşaltmaqla, bunun hesabına azarkeşlərə 1-2 qələbə bəxş etmək qıraqdan çox iyrənc görünür. Futbolun inkişafına çalışırıq deməyinizlə əməliniz düz gəlsin gərək.

Bəziləri deyə bilər ki, bu Gəncənin futbolsuz qalan illərinin nəticələridi. Bu fikirlə qismən razıyam ki, bu məsələdə də kimlərin əlləri olub, məndən yaxşı bilirsiz. Ancaq sual yaranır: Son illərdə “Kəpəz”ə ayrılan pulların Gəncə futboluna bir xeyri dəydimi? Əgər komandanın Avroliqaya vəsiqə qazanmasıyla öyünməliyiksə, onda bir də futboldan danışmayaq.

Bu illərdə legionerlərə xərclənən pulların bir hissəsini uşaq futboluna ayırsaydız, indi tamam başqa mənzərəyə şahidlik etmiş olardıq və həmin gənclər əsas komandaya potensial namizədlər olardılar.

Təbii ki, indiki halda Şahin Diniyev oynatmağa yerli futbolçu tapmayacaq, xaricdən oyunçular gətiriləcək, ayına 5-6 min pul yazılacaq, yazılacaq, yazılacaq...

 Qətiyyən həmin komandadakı gənclərimizi qınamıram. Normal meydançada məşq etməyən, yağış yağanda məşqə çıxmayan, min cür problemlərlə üzləşən futbolçular necə inkişaf etsinlər ki?

Mirələm Həsənli


Paylaş: