Teki butun mesqciler sizin kimi dusunsun, İsayev!

Təki bütün məşqçilər sizin kimi düşünsün, İsayev!

  • 20 Oktyabr 2017, 16:49

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub. Yeniyetmə futbolçularımız son görüşünü Bolqarıstan millisinə qarşı keçirib və 2:1 hesabı ilə qələbə qazanaraq qrupda 3-cü yeri tutub. İlk 2 görüşdə isə millimiz irlandiyalı yaşıdlarına 6:0 , ukraynalılara isə 6:1 hesabı ilə məğlub olmuşdu.

Əslində, sonuncu oyunun hesabını nəzərə almasaq, ilk görüşlərdə qeydə alınan nəticələrdə (6:0;  6:1) bir qəribəlik görmədim. Çünki Azərbaycan futbolunun reallığı budu. Qeydə alınan hesablar da futbolumuzun reallığını əks etdirir. Azmı belə hesabların şahidi olmuşuq? Həqiqətənmi problemin baş məşqçi problemi olduğunu düşünürsüz? Nə edək, Mirbağır İsayevi istefaya göndərək?

Bu məğlubiyyətlərə görə, İsayevi günahkar hesab edənlərlə qətiyyən razılaşmıram. Başa düşürəm ki, qəlbimiz vətənpərvərlik, milli qürur hissləri ilə dolu olduğundan belə yenilgiləri həzm edə bilmirik. Ancaq ortaya belə bir sual çıxır: Görəsən, bütün yaş qruplarındakı milli komandalarda legionerlərə yox, yerli futbolçulara güvənilsəydi, onda keçirilən görüşlərdə hansı nəticələr qeydə alınardı?!

Adamın səhvi millinin heyətini bütünlüklə azərbaycanlı futbolçulardan qurmasında idi? Odamı o birilər kimi türkləri, dağıstanlıları və başqa ölkələrdən milliləşdirilmiş futbolçuları aparmalı idi Bolqarıstana? Onda da bir nəticə hasil olmazdı, əzizlər. Ən yaxşı halda buraxılan qolların sayı azalardı. Necə ki, illərlə U-19 və U-21 millilərində bu təcrübədən istifadə olundu və nəticələr hər kəsə məlumdu. Bunlar sadəcə AFFA-nın tövsiyyəsi ilə məşqçilərin daha az top buraxmalarına hesablanmış gedişlərdi və Mirbağır İsayev bu gedişlərə əl atmadı, istəmədi.

Eşitdiyimə görə, AFFA-dan ona da 3-4 legioner cəlb edilməsi məsləhət görülüb. O, “Mən meydana azərbaycanlı balalarıyla çıxacam, udsam da, uduzsam da” deyərək təklifi rədd edib. Yəni, çox qol buraxmaqdan qorxmayıb, özümüzünkülərin haqqına girməyib. Reallığı bilə-bilə ölkədə bu yaş üzrə ən güclü olanları aparıb seçmə mərhələyə. Legioner gətirib ört-basdır etməyi özünə sığışdırmayıb, mərdlik göstərib. Ona görə, İsayevi xalq düşməni çıxarmaqdansa,  gəlin digər məşqçilərdən də tələb edək ki, millilərə yalnız azərbaycanlı futbolçuları çağırsınlar, qorxmasınlar. Bəlkə onda AFFA başbilənləri futbolumuzu bərbad vəziyyətə saldığının fərqinə vararlar. Gözdən pərdə asmaq əvəzinə, ciddi tədbirlər görərlər.

Mirbağır İsayevlə şəxsi tanışlığım olmasa da, onun tutduğu yolu dəstəkləyirəm. Əgər milli komanda deyiriksə, elə bu komandada öz torpağımızın övladları oynamalı, problem varsa aradan qaldırılmalıdı. Yoxsa ki, futbolumuzun hansı vəziyyətdə olmasını legionerlərlə niyə gizlətməliyik ki?  Ona görə də, qoy elə özümüzünkülər oynasınlar, bəlkə aralarından 3-4 futbolçu çıxdı...


Paylaş: