15 Noyabr 2017, 11:19
138
Komanda olaraq tam formalaşmamışıq

Sportlife.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü İlkin Sadiqov Avropa çempionatının seçmə mərhələsində Kosovo millisi ilə qolsuz başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Qəbələ qazanmaq istəyirdik. Sona qədər mübarizə apardıq. Təəssüf ki, alınmadı. 1 xal qazandıq. Hamımızda istək çox idi. Vaxt azaldıqca bu istək daha da artırdı. Yəqin bunun nəticəsidir ki, sonda qırmızı vərəqə gördüm. Əslində qol vurub, komandama 3 xal qazandırmaq istəyirdim. Orada məqsədim rəqibi vurmaq deyildi.

- Həmin epizodda qol vurmağına nə mane oldu?

- Əlimdən gələni elədim. Əslində topa zərbə də vurdum. Amma alınmadı.

- Necə düşünürsən, bu gün qazanılan 1 xalı uğurlu nəticə saymaq olar?

- Xeyr, uğurlu saymaq olmaz. Çünki qələbə qazana bilərdik. Amma 2 qırmızı vərəqəni nəzərə alsaq, buna görə hardasa yaxşı nəticə saymaq olar.

- Axı qırmızı vərəqələri 87-ci dəqiqədən sonra aldınız...

- Düzdür, amma buna qədər də epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik.

- Yəqin razılaşarsan ki, komandada dağınıqlıq var...

- Komanda hələ tam formalaşmayıb. Təlim-məşq toplanışlarına tez-tez yığışa bilmirik. Cəmi 5-10 gün bir yerdə hazırlaşırıq. Bəlkə də buna görədir.

- Komandanın formalaşması üçün nə qədər vaxt lazımdı?

- Bilmirəm, nə deyim. Hər şey zamandan asılıdır.

- Son iki oyununuzu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. U-21 əsas millinin gələcəyi hesab olunur. Adətən bu cür oyunlarda futbolçular özlərini göstərmək, əsas milliyə namizəd olduqlarını sübut eləməyə çalışırlar. Ancaq sizdə bu istək hiss olunmur. Bu nə ilə bağlıdır?

- Uduzmağı heç kim istəmir. Reallığa qalsa, Almaniya bizdən qat-qat güclüdür. Bu gün isə uşaqlar meydanda çox həvəsli idilər. Udmaq istəyirdik. Təəssüf ki, istəyimizi həyata keçirə bilmədik.

- Almaniyaya böyükhesablı məğlubiyyətdən sonra psixoloji gərginlikdən necə çıxdınız?

- Məşqçilərimiz sağ olsunlar. Bu oyuna bizi köklədilər. Almaniya ilə oyunda ümumiyyətlə motivasiyamız yox idi. Bu gün isə meydanda göründü ki, komandanın istəyi var. Can qoydular.

- Kosovo ilə səfər oyunu haqda nə düşünürsən?

- Nə deyim. Hər şey oyun vaxtı meydanda görünəcək. Kim güclüdürsə, o da qalib gələcək.

BÜTÜN XƏBƏRLƏR
ARXİV