Onlar sehrbazlıq etməyəcəklər ki...

Onlar sehrbazlıq etməyəcəklər ki...

  • 16 Noyabr 2017, 17:07

Sportlife.az U-19 yığmamızın sabiq çalışdırıcısı Təbriz Həsənovun müsahibəsini təqdim edir.

- AFFA sizinlə iş birliyinə son verdi. Qərar gözlənilən idi?
- Bəli, gözləyirdim. Çünki əvvəlcədən də bilirdim ki, mərhələni keçməsək, gedəcəm. Ancaq çox ümidliydim mərhələni keçəcəyimizə. Futboldu da, öncədən heç nəyi bilmək olmur. Rəqiblərimiz də bizdən üstün idi. Uşaqlarla uzun illər idi ki, birlikdə çalışırdım və komandama inanırdım. Serbiya və İrlandiyaya qarşı da yaxşı oynadıq. Ancaq uşaq səhvlərindən uduzduq.

- Uğurlu nəticə olsaydı, yəni qalacaqdınız...
- Rəhbərliyin verdiyi qərar idi. Mən işləməyi çox sevən adamam. Bəlkə gələcəkdə yenə də AFFA ilə əməkdaşlıq etdik. Həyatdı, görək də. 

- Qurban Qurbanovun əsas milliyə baş məşqçi təyin olunması, sizin göndərilməyinizdə rol oynadı?
- Məncə, heç bir əlaqəsi yoxdu. Çünki Qurban Qurbanovla nə görüşüm, nə də danışığım olub. Qurban milliyə gəlməmişdən əvvəl, hələ Robert Prosineçkinin vaxtında AFFA-da danışıq olmuşdu ki, mərhələni keçə bilməsəm, gedəcəm. Qurbanın planında kimlər var, bilmirəm.

- Aşağı yaş qrupları üzrə yığmalarımız çox uğursuz çıxış edir. Sizcə, əsas problem nədi?
- Biz inkişaf ediriksə, başqa ölkələr daha çox inkişaf edir. Məsələn, Kosovonu tanımırdıq. U-21 yığmasını bizimlə görüşdə gördük, güclü idilər. Kosovonun U-19 yığması isə elit-raunda çıxdı. Biz işə ümumi yanaşmalıyıq. İstər-istəməz klubdan gəlir uşaqlar. Əsas keyfiyyətdi, klublarda uşaqlar daha yaxşı yetişdirilməlidi. Hər şey yaxşı gedir oyunlarda, sadəcə, sonda ustalıqda uduzuruq. Bizdə bir komandada 2-3 futbolçunun ustalığı yaxşıdı, digər koamndalarda bütün futbolçular belədi. Yanaşmanı dəyişməliyik.

- Qurban Qurbanovun gəlişindən sonra nəinki əsas millinin, hətta aşağı yaş qruplarının da uğurlu çıxış edəcəyinə inananlar çoxdu...
- Qurban tutaq ki, gəldi, Təbriz olmadı, Mirbağır olmadı, başqası oldu. Axı yenə də həmin futbolçuları çağıracaqlar, həmin klublardan. Onlar sehrbazlıq etməyəcəklər ki. Yanaşma başqa cür olmalıdı. Klublarda uşaqları daha yaxşı yetişdirmək lazımdı.

- Samir Ələkbərovun Aslan Kərimov haqda dediyi sözlər mətbuatı zəbt edib. Ümumiyyətlə, U-21-də çalışan bu məşqçilər arasında baş verən son hadisələrə sizin münasibətiniz necədi?
- Samiri də, Aslanı da tanıyıram. Hər ikisinə də böyük hörmətim var. Mən də elə danışılanları mətbuatdan oxuyuram. Bilmirəm aralarında nəsə olub, ya olmayıb. Mənə elə gəlir ki, olanları mətbuata çıxarmaq düzgün deyil. Hər şeyi öz aralarında həll etmək lazım idi.

- Deyirlər ki, Samir Ələkbərov bir az yumşaq adamdı. Bəlkə ona görə bunlar baş verib?
- Yumşaq olmaq olmaz da. Baş məşqçi başqa cür olmalıdı. Orada nələrin olduğundan xəbərim yoxdu. Ancaq belə şey olubsa da, yaxşı hal deyil. (Dsport.az)


Paylaş: