“Vüqar Məmməd mənim oğlumu qardaşı Çinarın sözünü yerinə yetirmədiyim üçün millidən uzaqlaşdırdı” - ŞİKAYƏT!

“Vüqar Məmməd mənim oğlumu qardaşı Çinarın sözünü yerinə yetirmədiyim üçün millidən uzaqlaşdırdı” - ŞİKAYƏT!

  • 7 Noyabr 2018, 13:18

“Vüqar Məmməd qardaşı Çinarın sözü ilə hərəkət etməmişik deyə, oğlumun adını millinin siyahısından çıxarıb”.

Bu sözləri Sportlife.az-a açıqlamasında Hüseyn Əhmədovun atası Rüfət Əhmədov deyib.

Redaksiyamızla əlaqə saxlayan gənc futbolçunun atası bildirib ki, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Vüqar Məmməd oğlunu şəxsi maraqları səbəbindən milliyə çağırmayıb:

“Mənim oğlum Ukraynanın “Gelios” klubunda oynayırdı. Komanda rəhbərliyi maliyyə problemləri yaşadığına görə, səhmlərini başqa şirkətə satdı və sonradan klub dağıldı. Bundan sonra oğlum Vüqar Məmmədlə məsləhətləşdikdən sonra qərara aldı ki, Azərbaycana qayıdıb, karyerasını burda davam elətdirsin. Hüseynlə “Qəbələ” , “Zirə” , “Səbail” klubları maraqlanırdı və sonda oğlum “Zirə” klubu ilə müqavilə bağlamağa qərar verdi. Çünki “Zirə”də onun əsas komandada oynamaq imkanları var idi və o, özünü bu komandada sübut eləmək istəyirdi. Bunu eşidəndən sonra Vüqar Məmmədin qardaşı, futbol meneceri Çinar Məmməd “Zirə”nin doğru seçim olmadığını bildirdi, hətta oğluma bilet alıb, onu Türkiyəyə “Qalatasaray”a baxışa dəvət elədi. Ən son variant kimi Hüseynə “Qəbələ” ilə müqavilə bağlamağı təklif etdi. Hətta oğluma təzyiq edirdi ki, hökmən başqa kluba keçməlisən, “Zirə”dən ayrılmalısan. Oğlum da artıq qərarını vermiş və “Zirə” ilə münasibətləri rəsmiləşdirmişdi.

Bundan sonra Vüqar Məmməd oğlumu U-19 millisinə dəvət etsə də, 2 oyunda onu oynatmadı, halbuki əvvəllər bütün oyunlara Hüseyni əsas heyətdə meydana çıxarırdı. Hiss edirdim ki, oğlumun “Zirə”ni seçməsi Vüqar Məmmədin xoşuna gəlməyib. Sonuncu toplanışda, Avropa çempionatının seçmə mərhələsinə son hazırlıq mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə keçirilən hər 2 oyunda Hüseyni 90 dəqiqə oynatdı. Bu toplanışa formalaşmış heyət aparılır və Hüseyn də həmin heyətin əsas futbolçusu olub. Mən indi ona sual verirəm, əgər bu səni qane eləmirdisə, nə üçün sən onu 90 dəqiqə oynatmısan Bolqarıstanda? Əgər bu şəxsləri bayrağımızı layiqincə təmsil etmək üçün futbol federasiyasının rəhbərləri milli komandalarımıza baş məşqçi təyin ediblərsə, demək ki, onların qarşısında bir tələb var və onlar bu məsuliyyəti hiss etməlidirlər. Çünki onlar ilk növbədə bizim ölkəmizi, xalqımızı, millətimizi, bayrağımızı, gerbimizi təmsil edirlər. Mənə maraqlıdır ki, hansı futbol ölkəsində  belə bir qanun var ki, baş məşqçi futbolçunu bütün toplanışlara cəlb edir, əsas heyət üzvü kimi yoxlama oyunlarında oynadır, federasiya tərəfindən həmin futbolçunun bütün xərcləri qarşılanır, son mərhələdə isə futbolçu baş məşqçiyə lazım olmur? Bunun cavabını kim mənə verə bilər? Bir cavabları varsa, mənə açıqlasınlar. Hansı səbəb onları belə bir qərar verməyə vadar edib? Bu futbolçunun zədə problemi yoxdursa, hər şey qaydasındadırsa, Vüqar Məmməd hansı səbəbi əsas götürərək bu uşağı millidən uzaqlaşdırıb? Mən belə hesab edirəm ki, Vüqar Məmməd mənim oğlumu qardaşı Çinarın sözünü yerinə yetirmədiyim üçün millidən uzaqlaşdırıb”.

Rüfət Əhmədov Məmmədin gülünc iradlar gətirərək oğlunun şəxsi həyatına qarışdığını, bu yolla, qorxudaraq milliyə çağırmayacağı ilə bağlı xəbərdarlıqlar da etdiyini söyləyib: 

“Vüqar Məmmədin Hüseynə bildirdiyi irada bir baxın, deyib ki, sən niyə “Zirə”nin məşqlərinə şəxsi maşınınla gedirsən? Mən də cavab verirəm, xeyir ola ki, mənim oğlum maşın sürə bilməz? Bu, onu millidən kənarlaşdırmağa səbəb ola bilərmi, sizcə?”

 

Hüseyn Əhmədovun atası deyir ki, Vüqar Məmməd oğlunu milliyə çağırmamasına səbəb kimi, onun “Sabah-2” – “Zirə-2” oyununda qırmızı vərəqə ilə cəzalanmasını göstərib:

“Deyir ki, guya oğlum hakimə söyüş söyüb. Xeyr, Hüseyn hakimə qarşı söyüş söyməyib, o, hakimlərə oyunu düzgün idarə etmədiklərini bildirib və qəbul edirəm ki, o, bu iradını hakimlərə əsəbi şəkildə çatdırıb. Bu, ola bilər. 90+7-ci dəqiqədə qapısından qol buraxan komandanın futbolçusunun əsəblərinin yerində olmaması normaldı. Hakim də buna görə, oğlumu qırmızı vərəqə ilə cəzalandırıb. Bu da klubla futbolçu arasında olan məsələdi. Klub rəhbərliyi özün bilər, onu necə cəzalandırar. Amma bu məsələnin milliyə nə dərəcədə aidiyyatı var, başa düşə bilmirəm. Və mən əminəm ki, bu səbəb deyil, sadəcə bəhanədi. Söhbəti bununla şişirdirlər ki, Hüseyn hakimə söyüş söyüb. Amma Hüseyn qırmızı vərəqə almamışdan əvvəl, Vüqar Məmmədin köməkçisi Mübariz Orucov bir qrup məşqçi ilə söhbət edərkən stadionda oğlumun əleyhinə danışıb, Hüseyni oynatmayacaqlarını, əvəzinə başqa futbolçunu çağıracaqlarını bildirib. Əgər səbəb Hüseynin qırmızı vərəqə alması idisə, onda mən sual verirəm, Mübariz hardan bilirdi ki, Hüseyn ikinci hissədə qırmızı vərəqə alacaq? Deməli, səbəb Hüseynin qırmızı vərəqə alması yox, başqadı. Sadəcə olaraq, onlar Hüseynin qırmızı vərəqə almasını bəhanə edirlər. Bu, əvvəlcədən hazırlanmış plan olub və Vüqar Məmməd qardaşı Çinarın sözü ilə hərəkət etməmişik deyə, oğlumun adını millinin siyahısından çıxarıb. Buna onun ixtiyarı varmı? Azərbaycan milli komandası onun şəxsi komandasıdırmı?

Bu insanlar nə üçün kiminsə övladları üzərində belə oyunlar oynayırlar? Bu sualları onlara kim verəcək? Mən valideyn olaraq narahatam. Mənə maraqlıdır ki, bu işə bir əncam çəkən, soruşan olacaqmı ki, bu uşaqların taleyi ilə oynayan kimdi və kimlərdi? Hüseyn 1 il yarımdı ki, milliyə dəvət alır və Avropa çempionatının seçmə mərhələsi ərəfəsində birdən-birə millidən kənarda qalır. Nə üçün Hüseyn “Qəbələ”dən imtina edəndən sonra Hüseynə qarşı münasibət dəyişir? Mən bunu bilmək, soruşmaq istəyirəm.

Rüfət Əhmədov məşqçilərin işlərinə səhlənkar yanaşdığını və onların futbolçu seçimində haqsız qərarlar verdiyini, AFFA rəhbərliyinin onlar haqda ölçü götürməli olduğunu qeyd edib:

“Niyə mənim oğlum milliyə 66 kq çəki ilə gedib, 15 gündən sonra 72 kq çəki ilə geri qayıdır? Soruşmaq istəyirəm ki, o, indiyə qədər hansı taktiki-texniki izahatı verib mənim oğluma? İndiyə qədər sol cinah müdafiəçisinin nə etməli olduğu barədə hansı sözü deyib? “Hüseyn, qaqaş, əlasan, gir, oyna” ancaq bu sözləri deyib. Çünki Vüqar Məmmədin özünün futbola nə qədər aidiyyatı olduğunu, özü bilir, bir də Allahı. Nə üçün mənim oğlumu 3 aydı müxtəlif toplanışlara aparır, niyə Azərbaycan pullarını  lazım olmayan futbolçuya xərcləyir? Əgər lazım deyildisə, onu niyə Bolqarıstan millisi ilə oyunlarda oynadırdı?

Necə olur ki, “Liverpul” , “Kardiff Siti” , “Tottenhem” klublarında çıxış edən Uels millisinə, Slovakiya, Bolqarıstan millilərinə qarşı 90 dəqiqə Hüseyni oynadır, Gürcüstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə başqa futbolçu çağırır?

Bəlkə, mən yanlış düşünürəm, amma mənim bir ata kimi şübhələnməyə bir çox əsasım var. Bundan AFFA rəhbərliyinin xəbəri varmı?

Futbolçunun atası Vüqar Məmmədin oğlu haqda mənfi fikir formalaşdırmasından narahat olduğunu dilə gətirib:

“Dünən iclasda futbolçular arasında deyib ki, Hüseyn 19 yaşlı sol cinah müdafiəçiləri arasında ən güclü, perspektivli futbolçu olsa da, onu nizam-intizamına görə milliyə çağırmamışam. Vüqar Məmməd bu cür danışıqları ilə heç də düzgün fikir formalaşdırmır. Bu, hər bir futbolçunun başına gələ bilər. Hüseyn qırmızı vərəqə ilə cəzalanan ilk futbolçu deyil ki. Heç uzağa getməyək, nə qədər yerli futbolçulardan faciəvi hadisələr törədənləri var və onlar indi də əsas millinin üzvləridi. Vüqar Məmməd belə danışıqlarla oğlumu ləkələməsin. O, AFFA-nın tərbiyə kriteriyasını müəyyən edən şəxs ola bilməz.

Mən sizə bəzi faktları açıqlayım, Vüqar Məmməd özü də bunları yaxşı bilir. O, “Qəbələ”dən mağaza yardığı üçün uzaqlaşdırılan futbolçunu milliyə dəvət edib. O, təhlükəlidir, yoxsa hakimə sərt etiraz edən Hüseyn ?

Adam bıçaqlayan futbolçu təhlükəlidir, yoxsa Hüseyn?

Maltada xarici turistin qarşısına qaçıb əlindəki gilasi oğurlayandı intizamsız futbolçu, yoxsa Hüseyn?

AFFA-da Vüqar Məmmədin gözünün qabağında hovuzu vurub-dağıdan, şüşələri sındırandı intizamsız futbolçu, yoxsa Hüseyn?

Vüqar Məmmədin Rafiq Mirzəyevin ayağının altını qazaraq onun yerinə keçməsi təhlükəlidi, yoxsa Hüseyn?

Vüqar Məmmədin “PRO” kateqoriyasından kəsilməsi ayıbdır, yoxsa Hüseynin hakimə etiraz etməsi?

Onun insanların hissləriylə oynaması ayıbdır, yoxsa Hüseynin ona atasına etdiyi qədər hörmət etməsi?

Vüqar Məmməd hansı sistemlə oynayır ki, Hüseyn o sistemə uyğun gəlmir?

Hüseyn oynadığı son 4 beynəlxalq oyunda ( bütün oyunlarda 90 dəqiqə oynayıb) U-19 yığması 4 qol vurub, 2 qol buraxıb. 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət əldə edib. Oğlum oynadığı oyunlarda milli sol cinahdan 26 dəfə hücum edib, 19 dəfə orta edib, bolqarlarla oyunda Hüseyn qol pası verib. Oynamadığı Rusiya oyunlarında qolların 3-ü də sol cinahdan qapımıza vurulub. Ağıl, fiziki güc və dayanıqlığa görə test etsinlər, görək kimdən zəifdi?

Bir də ki, Mübariz və Vüqar tərbiyə etolonu deyirlər. Mən bundan sonra onların tərbiyə meyarları əsasında seçdiyi uşaqlar haqda öyrənəcəm ki, onlar özlərini necə aparırlar, məktəbdə necə oxuyurlar. Ona kim haqq verib ki, Hüseynin olmadığı iclasda onun əleyhinə danışır. Çağırmayıb, yaxşı edib, ancaq onun mənim övladım haqda danışmağa haqqı yoxdur ”.


Paylaş: