Azadlığa çıxan futbolçu: Məhkəmədə məndən şikayət edən qadın ağladı

Azadlığa çıxan futbolçu: Məhkəmədə məndən şikayət edən qadın ağladı

  • 6 Noyabr 2017, 12:30

Həbsdən azadlığa çıxan Azərbaycan milli komandasının və Gəncənin "Kəpəz" klubunun sabiq futbolçusu Faiq Cabbarov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az həmin müsahibəni təqdim edir...

Necə oldu ki, həbsə düşdünüz?

- Bir nəfərdən 1140 manat pul almışdım. İşləmədiyim üçün qaytara bilmirdim. Bəzi şeylər var ki, deyə bilmirəm. Sadəcə, məhkəməyə getmədiyim üçün məni "içəri" saldılar. Halbuki azadlıqda olduğum vaxt da bu pul verilə bilərdi. Pulum ödənilənədək həbsdə qaldım, düz 100 gün. Pul ödənildi. Təsəvvür edin ki, üçüncü məhkəmədə məndən şikayət edən qadın ağladı. O, əvvəldən məni qiyabi tanıyırdı, futbolçu olduğumdan xəbərdar idi. Lakin mənim necə insan olduğumu dərindən, ətraflı öyrəndikdən, pulu alıb yemək fikrində olmadığımı bildikdən sonra şikayətini geri götürdü. Məhkəmədə ağlayaraq, "istəmirəm ki, tutulasınız" dedi.

Məhkəmə bunu nəzərə alaraq, sizi azadlığa buraxdı?

- Sağ olsun, prezidentimiz. Cəzamı yüngülləşdirdilər. Maddəm 178.1-ci bənd idi. Məni cərimə də edə bilərdilər. Amma cərimə yox, hörmət etdilər. Dedilər ki, şikayət məktubunda göstərilən məbləğ ödənilsin, sonra da məhkəmə zalından səni azadlığa buraxaq.

Pulu kim ödədi?

- "Kəpəz"in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Azər Məmmədov. Ona, "Qəbələ"dən vaxtilə mənim futbolçum olmuş Azər Həşimova və hazırda "Keşlə"nin baş məşqçi vəzifəsində çalışan Ramiz Məmmədova təşəkkür edirəm.

Bəs "Kəpəz" rəhbərliyi?

- Mən klub rəsmiləri ilə görüşməmişəm. Pulu mənə Azər Məmmədov gətirib verdi. Ola bilsin, klub adından ödəyib. Bilirsiniz necədir? Elə bir vəziyyətdir ki, insanlarda heç o 1000 manat da yoxdur.

Yayda sizi "Kəpəz"də işə də düzəldirdilər. Hətta müvafiq əmriniz də verilmişdi. Azər Məmmədov sizi iclasa çağırmaq istədikdə məlum olmuşdu ki, artıq həbsdəsiniz. Məgər dözmək, o pulu tapıb vermək olmazdımı ki, sonra da işləyib borcu qaytarasınız?

- Məhkəməyə getmədiyim üçün məni tutdular. Halbuki, hakimlə gedib görüşsəydim, ona izah edərdim ki, maaşımı alıb pulu verəcəyəm. Getməməyim saymazlıq kimi qəbul olundu. Amma tərəfimdən saymazlıq söhbəti, elə bir şey olmayıb. Məni tanıyandan sonra "istəmirdik ki, belə olsun. Bizi saymadığını düşündük" dedilər. Mən isə "Boynumuz qanun qarşısında qıldan incədir" dedim. Qanunu pozmuşamsa, cəzalanmalıyam.

Sizi harada tutdular?

- Elə Gəncədə. Şəhər Baş Polis İdarəsinin qarşısından keçirdim. Hardan bilim ki, axtarışdayam? Axtarışda olduğumu bilsəydim, gizlənərdim də... İdarənin qarşısından keçəndə məni saxlayıb, "bir saatlıq izahat almaq üçün bizimlə getməlisən" dedilər. Mən də bilirəm ki, "bir saatlıq izahat" söhbəti nə deməkdir. Dedim diş həkimi məni gözləyir, qandallayın məni, qandaldaca dişimi düzəltdirim, sonra aparın, xeyri olmadı. Bir saat oldu 100 gün. Amma mən hamısından razıyam. Sağ olsunlar, hörmət etdilər.

Bəs indi nə iş görürsünüz?

- Heç nə, bekarçılıqdır. Hələ "Kəpəz" rəhbərliyi ilə görüşməmişəm. Mikayıl Nərimanoğlunu işdən çıxarıblar. Kiminlə görüşməli olduğumu bilmirəm. AFFA-ya gedəcəyəm. Təqaüd üçün müraciət edəcəyəm.

Belə bir maddə ilə həbsə düşüb-çıxdığın üçün müraciətinin müsbət cavablandırılacağına inanırsan?

- Mən həbsə oğurluq üstündə düşməmişəm. Açığı, pul almadığımı dana da bilərdim. Baxmayaraq ki, pulu əlbəəl almışam. Video, səs yazısı, sənəd yox idi. Pulu almısansa, qaytarmalısan da. Axı məndən nə istəyirdi? Deyirdi ki, pulumu ver, şikayətimi geri götürüm. Buna tam haqqı çatırdı. Həbsdən azad olunandan sonra özü ilə görüşdük. Ona təşəkkürümü bildirdim. Heç kimdən narazılığım yoxdur. Cəzam idi, çəkdim. Gedəcəyəm Elxan Məmmədovun qəbuluna. Yenə deyirəm, oğurluq etməmişəm. Pis işlərlə məşğul olmamışam. 1000 manat borc olub. Almışam, sonra da qaytarmışam. Cəzamı çəkib, azadlığa çıxdım. İş verəcəklərsə, işləyəcəyəm. Verməsələr, gedib fəhləlik edəcəyəm. Harda işləməliyəm?

Harada qalırsınız?

- İki gün əvvəl azadlığa çıxmışam. 2012-ci ildə bank evimi əlimdən alıb. Hazırda ailəmlə, uşaqlarımla birgəyəm. Qaynatamgildə qalıram. Çox adam çox şey danışa bilər. Amma mən ailəmin başındayam. Başqa söhbət ola bilməz.


Paylaş: