Azerbaycanda futbol klubu yoxdu, top-top oynayirlar. azerbaycan futbolu susa qarabag turan tovuz ararat rusiya ermeni baki cempionat tecrube roman neftci qebele

Azərbaycanda futbol klubu yoxdu

  • 2 İyun 2017, 05:01

Ermənilərin Moskvada yaratdığı "Ararat"ın Rusiya çempionatında çıxış etməsi, üstəlik Pavluçenko kimi təcrübəli futbolçunu heyətinə qatması Azərbaycanda da müəyyən müzakirələrə səbəb oldu. 

"Turan Tovuz", "Şuşa" və sair kimi bölgə təmsilçilərimizin qarşısının kəsildiyi, premyer-liqada oynamağa pul tapmadıqları, ölkənin güclülər dəstəsinin "Bakı çempionatı"na çevrildiyi, günü-gündən komandaların sayının azaldığı məqamda belə bir məsələnin ortaya çıxması təbii ki, həssas damarlarımıza təsir etməyə bilməzdi.

 Güman ki, bu gedişlə "Ararat"ı tezliklə Avropa arenalarında görəcəyik. Bizdə isə bu missiyanı demək olar "Qarabağ"la "Qəbələ" yerinə yetirir. Olmazmı ki, "Turan Tovuz"a, "Şuşa" kimi yaralı bölgə təmsilçisinə dəstək verib, onların da Avropayaya yolunu açaq. Bunu etməyə bizə nə mane olur? Sportlife.az xəbər verir ki, bu suallarla sport7.az millət vəkili, tanınmış yazıçı Aqil Abbasa müraciət edib. Həmin müsahibəni təqdim edirik: 

 

"Qarabağ"la "Qəbələ" demək olar Avroliqanın daimi üzvüdü"

"Qarabağ" Avroliqada təmsil olunur, uğurlar da qazanır. Təssüf edirəm ki, "Turan Tovuz" elitada oynamaq hüququ qazansa da, oynamadı. Tovuz həmişə Azərbaycanda futbol məktəbi, güclü komanda olub. Futbolumuza böyük oyunçular verib. Çox istərdim "Turan Tovuz" da Avroliqada oynasın. Düzdü, "Neftçi", "İnter" də oynayır. Amma "Qarabağ"la "Qəbələ" demək olar ki, Avroliqanın qrup mərhələsinin daimi üzvüdü. Yəqin ki, gələcəkdə komandaların sayı artar. Hələ ki, 4 komanda ilə təmsil oluna bilirik. "Qarabağ"la Avropada bir çox səfərlərə getmişəm, dəstək olmuşam.

 

"Ararat" uzun illər Avropaya çıxa bilməyəcək"

Ermənilər Rusiyada "Ararat"ı yaradıblar. Biz də klub yaradaq. Türkiyənin Almaniyada komandaları var. O cümlədən Avstriyada da "Qarabağ" adında komanda var. Amma onların yaratdığı "Ararat" nə qədər transfer etsə belə, hələ uzun illər Avropaya çıxa bilməyəcək. Çünki Rusiyada artıq futbol normal vəziyətdədi. Bu ölkənin "Spartak"ı, ÇSKA-sı, "Zenit"i, "Rubin"i var. Bunlar ardıcıl Avropada söz deyən komandalardı. "Ararat"ın o səviyyəyə çatmağına xeyli var, ona qədər bəlkə heç Ermənistan olmayacaq.

 

"İclasda yalandan, yekə-yekə danışanlar hamısı qaçdılar"

"Şuşa" təsis olundu. Prezident seçiləndə mən də tədbirdə iştirak etdim. Sərt, həm də düz danışan adamam. Hamısı deyirdi ki, "Komandanı belə-elə saxlayacam, "Şuşa"nın sponsoru olacam filan". Mən isə dedim ki, bunlar hamısı nağıldı. Nadir Qasımov gözəl komanda yaratmışdı. Birinci divizionda da çox yaxşı çıxış edirdi. Oyunlarına gedirdim. O komandanın yaşamasına da az-çox PFL prezidenti Ramin Musayev kömək edirdi. "İnter Arena"da məşq keçirdilər. Şərait yaradılmışdı. Amma iclasda yalandan, yekə-yekə danışanlar hamısı qaçdılar. Nəticədə də "Şuşa" dağıldı. O cümlədən "Turan Tovuz" maddi məsələyə görə premyer-liqaya çıxa bilmədi.

 

"Biz "Qarabağ"ı dilənə-dilənə saxlayırdıq"

Qəzetdə də yazmışdım. Olmayan Ağdam o vaxt "Qarabağ"ı saxladı. Biz o komandanı dilənə-dilənə saxlayırdıq. Birindən 50, digərindən 100 manat filan ala-ala onu dağılmağa qoymadıq. Hər il də Avropada çıxış edirdi. Ağdamın icra başçısı, dostlarımız hamısı kömək edirdilər. Hansı ki, onların arasında naxçıvanlı, ermənistanlı, bakılı və başqa bölgələrdən olanlar da vardı. Belə-belə "Qarabağ" gəldi bu səviyyəyə yüksəldi. Tovuzun nə qədər milyoneri var, Allah hamısının canını sağ eləsin. Bir dənə "Turan"ı saxlaya bilmədilər. Bax, ayıb olan budu. Yazanda məni qınayırdılar. Tovuzun imkanlı adamları çoxdu. Oranın camaatı hərəsi cibindən 50 manat versə, komandanı saxlaya bilərdilər. Klubu yaratmaq lazımdı. Biləsiz, Azərbaycanda futbol klubu yoxdu. Sadəcə, komandalar var. Deyirlər ki, "Qarabağ" və ya "Qəbələ" Futbol Klubu", bunlar klub deyil, komandadılar. Klub "Qalatasaray"dı, "Barselona"dı. Hətta "Risəspor"du deyərdim. Hansı ki, kluba üz olurlar, üzvülük haqqı verirlər. Partiyalarda olduğu kimi, qurultay toplanır, üzvlər tərəfindən rəhbər seçilir. Yoxsa durub "Neftçi"yə Müşahidə Şurası yaradıblar. Belə şey olmaz axı. Bunu klub üzvləri etməlidi. Həmin klubda 1000 üzv varsa, hərəsi 1000 manat versə 1 milyon manat edir düzdümü? Yəni klub dara düşəndə üzvləri yığışıb onu saxlayır. Tovuzda da klub yaratsınlar, camaat kömək etsin. Necə ki, vaxtilə belə bir klubu Ağdamda yaratmışdıq və saxladıq. 

 

"Cənub bölgəsi "Xəzər Lənkəran"la nəfəs alırdı"

Məni yandıran "Turan"la yanaşı "Xəzər Lənkəran"ın da olmamasıdı. O cür məşq stadionu, şəraiti olan bir bölgədə klub olmaması mənə çox pis təsir edir. Tez-tez cənub bölgəsinə gedirəm. Hamı da tanıyır və ürək ağrısı ilə soruşurlar ki, niyə komandamız dağıldı? Cənub bölgəsi, istər Masallı, Cəlilabad, Lerik istərsə də digər rayonlar "Xəzər Lənkəran"la nəfəs alırdı, indi isə futbolsuz qalıb.  Ağrılı məsələ budu. Azərbaycanda futbol yoxdu, top-top oynayırlar. Siz də uşaq olmusuz, mən də. Topu atırdılar ortalığa oynayırdıq. Biri də var futbol mədəniyyəti. Bu elmi fəlsəfədi.

 

"Rayonlardakı stadionların içində inək otlayır"

Sizə bir fakt deyəcəm. Ağdamda il ərzində məktəblərarası yarış keçirilirdi, cədvəli tutulurdu, hətta hakimlərinə qədər təmin olunurdu. Bundan başqa jeklərarası turnir də olurdu. Məhlə yarışları, uşaqlar üçün ayrıca turnirlər olurdu. Hamısının da öz stadionu vardı. Bütün bunlardan əlavə kəndlər və kolxozlararası yarışlar təşkil olunurdu. Özü də bu təkcə Ağdamda deyil, məsələn heç kim inanmaz, Zərdabda da keçirilirdi. Gəncədə, Tovuzda Lənkəranda futbolçu yetişirdi. O cümlədən uşaq çempionatları Zaqatalada və Qubada keçirilirdi. İndi hansı rayonda futbol yarışı keçirilir, birinin adını çəkə bilərsiz? Hansı rayonda stadion var? Daha doğrusu var, amma içində inək otlayır. Kəndlərdə rayonlarda yarış keçirilmirsə və bakıya ümid edilirsə, bu Azərbaycan yox, Bakı çempionatıdı. "Qəbələ" ilə "Kəpəz"i çıxmaq şəryilə qalan komandalar Bakıdadı. Hətta, "Qarabağ" da. Sumqayıt da Bakı kimidi. Niyə "Xəzər Lənkəran"ı dağıtdılar, "Turan Tovuz"un da əvəzinə "Səbail"i çıxardılar? "Səbail"in sponsorun məcbur etmək lazım idi ki, "Turan Tovuz"u himayəsinə götürsün. Problemlər çoxdu...".


Paylaş: