Belə şeylər gənc futbolçular üçün pis nümunədi, Cavidin 18 yaşı yoxdur ki...

Belə şeylər gənc futbolçular üçün pis nümunədi, Cavidin 18 yaşı yoxdur ki...

  • 7 Noyabr 2017, 16:45

Sportlife.az “Zirə”nin yarımmüdafiəçisi Milan Duriçin müsahibəsini təqdim edir:

 

- Çox yaxşı oynadıq və vacib 3 xal qazandıq. Sevindirici haldır ki, yaxşı nəticələrlə yolumuza davam edirik.
 
- Birinci dövrədə olduğu kimi yenə “Neftçi” “Zirə” əngəlilini aşa bilmədi...

- Bəli, bu mövsüm artıq 2 dəfə “Neftçi”ni məğlub etmişik. Həm səfərdə, həm də evdə qələbə qazanmışıq. Hələ ötən mövsümdə də bu komanda oyunlarda qalib gəlirdik. Ümumilikdə, son 5-6 oyundur ki, “Neftçi” “Zirə”yə uduzur.

- Oyundan sonra “Neftçi” baş məşqçisi və bəzi futbolçuları “Zirə”ni antifutbol sərgiləməkdə, müdafiəyə çəkilib, rəqibə oynamaq imkanı verməməkdə günahlandırdılar. Bu fikirlərlə razısan?

- (Gülür) “Zirə” necə antifutbol oynayır ki, çempionatda 11 oyuna hamıdan çox - 19 qol vurub. Hər oyuna təxminən 2 qol düşür. Əgər bu antifutboldursa, daha sözüm yoxdu. Hətta “Neftçi” ilə oyunda hakim mənim təmiz qolumu saymadı. Halbuki rəqib futbolçudan 2 metr geridə idim. Orada oyundankənar vəziyyət yox idi. Ofsayd olduğunu heç kim görmədi, təkcə laysmandan başqa. Bu biabırçı səhvə görə çox əsəbiyəm.

- “Neftçi”nin müdafiəçisi Kiril Petrov səni təxribatçılıqda günahlandırıb və buna görə də oyundan sonra səninlə əl verib görüşmədiyini bildirib...

- İlk olaraq, o, məni təxribata çəkdi. Stadiondakı hər kəs də bunu gördü. Mən onları başa düşürəm. Uduzublar, bilmirlər nə etsinlər. Çox əsəbi idilər. Futbolda hər zaman belə şeylər baş verir. Oyundan sonra Petrova əl uzatdım və bunun sadəcə bir oyun olduğunu izah etməyə çalışdım. İstədim ona deyim ki, oyun vaxtı hamımız əsəbi oluruq. Meydandan kənarda dostuq. O isə əvəzində məni itələdi.

- Maraqlıdı ki, “Qəbələ” ilə oyundan sonra da rəqib komandanın kapitanı Cavid Hüseynov qırmızı vərəqə gördüyü epizodda sənin özünü yalandan yerə atdığını söyləmişdi...

- Yenə gülürəm, çünki bütün Azərbaycan Cavidin məni vurduğunu gördü. Orada simulyasiyadan söhbət gedə bilməz. Cavidin 18 yaşı yoxdur ki, onu təxribata çəkəm. Təcrübəli futbolçudur. Özü də “Qəbələ” kimi komandanın kapitanıdır. Bu cür sözləri ona yaraşdırmıram. Belə şeylər gənc futbolçular üçün pis nümunədir. Bəzi adamlar var ki, mənim meydandakı çıxışımla bağlı statistika hazırlayırlar. Şadam, fəxr edirəm ki, komandamın qazandığı 7 qələbənin 5-də yaxından iştirak etmişəm. Statistika mənim meydanda nə işlə məşğul olduğumu göstərir.

- Artıq 1 ildən çoxdur Azərbaycandasan. Ölkəmiz, paytaxtımız haqda hansı fikirdəsən?

- Azərbaycan çox yaxşı ölkədir. Bakını isə xüsusi vurğulamaq istəyirəm. Paytaxtınız çox gözəldir. Mən bu şəhəri sevirəm.
 
- Buradakı yaşayış tərzinə uyğunlaşa bilmisən?

-  Əlbəttə. Bununla bağlı heç bir problem yoxdur. Həyat yoldaşım və oğlum da mənimlə Bakıda yaşayır. Ailəm yanımda olduqdan sonra hər şey yolunda gedir. Hər zaman birlikdəyik. Yoldaşım bizim üçün öz yeməklərimizdən hazırlayır. Vaxtımız olanda isə restorana getməyi xoşlayırıq.

- Yəqin ki, Azərbaycan mətbəxi ilə də tanışsan. Ən çox hansı yeməyimizi xoşlayırsan?

- Bəli, arada sizin yeməklərdən də yeyirik. Quzu ətini çox sevirik. (Qol.az)


Paylaş: