Bu medalin yeri basqadi - Ruslan Abisov - islam oyunlari - baku 2017

Bu medalın yeri başqadı

  • 22 May 2017, 01:26

İslam Oyunları 2017-nin qızıl medallarını qazanan futbol üzrə U-23 millimizin kapitanı Ruslan Abışovun müsahibəsi.

 

- Final haqqında fikirləriniz...

- Hamımız sevincliyik. İslam Oyunlarında çox sayda idmançımız qızıl medallar qazanmışdı, bu da bizim üçün əlavə məsuliyyət idi. Biz də layiqincə mübarizə aparıb yekunda qalib gəldik. Yorğunluq var idi. İkinci hissədə bir az zəif təsir bağışladıq, ancaq lazım olanı edə bildik. Qarşıdan Şimali İrlandiya ilə oyun gəlir, o da vacib matçdı, artıq rahatlıqla həmin görüşə hazırlaşa bilərik.

 

- 2:0-dan sonra komanda yorğunluq səbəbindən dayandı, yoxsa hesabı qorumaq üçün?

- Mən buna yorğunluq deyərdim. 13 gün ərzində 5 matç keçirmişdik ki, bu oyunlardan 3-ü süni meydançada olmuşdu. Bu amil özü də fiziki vəziyyətimizə çox təsir edir. Ancaq uşaqlar son ana qədər mübarizə apardılar.  Qol buraxmadan çempion olmaq istəyirdik, ancaq belə alındı.

 

- Turnir başlamamışdan əvvəl oyunların bu qədər asan keçəcəyini düşünürdünüzmü? Bütün matçlar kənardan asan görünürdü...

- Mən sizin kimi düşünmürəm. Qrup oyunları çox çətin keçdi. Mərakeş və Kamerun güclü komandalar idi. Səudiyyə Ərəbistanı ilə oyunda da çətin anlar yaşadıq. Ancaq əsas odu ki, məqsədimizə çatdıq. Qrupdan çıxdıqdan sonra işi 90 dəqiqə həll edib penaltilərə aparmamağa çalışırdıq. Bu çempionluq hər bir futbolçunun karyerasına böyük uğur olaraq yazılacaq. Dünya və Avropa çempionatlarında uğur qazanmaq istərdik, ancaq reallıq budur ki, bu qədərilə kifayətlənməliyik.

 

- Belə uğurlar ən çox gənc futbolçular üçün önəmlidir. Sizin kimi təcrübəli futbolçular üçün də bu böyük uğur sayılır?

- Fərq etməz, hansı yarış olur-olsun, medal qazanmışıqsa, demək uğurlu çıxış etmişik. Gənclərin isə karyeraları qarşıdadı. Daha yaxşı nəticələr əldə edə bilərlər. Bu cür nailiyyətlər onlar üçün əlavə motivasiya deməkdi.

 

- Sənin üçün bu çempionluğu karyeranın ən böyük uğuru hesab etmək olar?

- Mən Azərbaycan çempionluğunu da yaşamışam, digər uğurlarım da var, ancaq bu medalın yeri başqadı. Çünki İslam Oyunları böyük ajiotaja səbəb olan yarışdı. Məncə, bu medal hamısından daha çox dəyərlidi.

 

- Hansı oyundan sonra əmin olduz ki, bu yarışda medal qazana bilərsiniz?

- Qrupdan çıxdıqdan sonra inanırdıq və düşünürdük ki, niyə də çempion olmayaq?!

 

(apasport.az)


Paylaş: