Forza Neftçinin rəhbərindən ŞOK AÇIQLAMALAR - Bu məşqçi ilə çox qabağa getmək mümkün olmayacaq

Forza Neftçinin rəhbərindən ŞOK AÇIQLAMALAR - Bu məşqçi ilə çox qabağa getmək mümkün olmayacaq

  • 18 Dekabr 2017, 21:12

"Forza Neftçi" azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyevin Sportlife.az-a müsahibəsi:

 

- Başlayaq “Neftçi”nin son zamanlardakı keşməkeşli dövründən. Komanda öz formasını, imicini itirməyə başlamışdı. Səncə bütün bu olanların səbəbkarları kimlər idi?

- Həqiqətən son 3-4 ildə çox əziyyət çəkdik. Amma komandanın bu enişli dövründə biz daha da gücləndik, komandaya sahib çıxdıq. Heç cür qəbul edə bilmirdik ki, bu komandanı göz görə-görə məhv eləsinlər. Biz azarkeş olsaq da, səhvləri görürdük. Vəli Qasımovun dövründə dəfələrlə dedik ki, bu məşqçi ilə çox qabağa getmək mümkün olmayacaq. Qıraqdan hər şeyi görmək olurdu. Hiss olunurdu ki, komandada adi mehribançılıq yox idi. Elxan müəllimin vaxtında komanda bir az düzəldi, amma sonradan məlum oldu ki, onun da komandasının gələcəyinə nikbin baxmaq olmayacaq. İndi Tərlan müəllim gəlib komandaya. Gəldiyi ilk gündən ona dəstək olmuşuq. Biz onun qiymətini AZAL-dakı işinə görə vermişik. Bu məşqçinin az büdcə ilə yaratdığı kollektiv göstərdi ki, ona “Neftçi”də şərait yaradılsa, lap gözəl işlər görmək olar.

 

- Tərlan Əhmədova qarşı böyük inamın kökündə nə durur? Görüşünüz zamanı hansı söhbətlər olub aranızda?

- Tərlan müəllimə ona görə güvənirik ki, bu adam komandaya yeni nəfəs gətirdi. O, təkcə komandaya Rəşad Sadiqovu və Emin Mahmudovu gətirib. Yəni hələ tam işini görməyib “Neftçi”də. Görüş zamanı da hər bir azarkeşin fikirlərini dinləyib, hörmətlə qarşıladı. Bizə də bu komandanı düzəldəcəyinə, əvvəlki günlərinə qaytaracağına söz verdi.

 

- Azarkeşlərin baş məşqçinin yanında olması çox gözəldi. Amma mətbuatda klub daxilində Əhmədova mane olmağa çalışan qüvvələrin olduğu yazılır...

- Tərlan müəllim klub prezidenti Orxan müəllimin ona dəstək olduğunu və öz köməyini əsirgəmədiyini dedi. Əsas da klubun prezidentidi, yəni Orxan müəllim axıra qədər Tərlan müəllimin yanında olsa, hər uğur onun da adına bağlı olacaq. Başqaları ilə maraqlanmırıq, amma bizim eşitdiyimizə görə Orxan müəllim məşqçimizə daim dəstək olur. Əgər orda Tərlan müəllimin işinə baş qoşulursa, təbii ki, bu yaxşı hal deyil. Bu, sonda yenə komandanın oyununa təsir göstərəcək. Yenə əvvəlki problemlərlə üzləşəcəyik. Baş məşqçinin uğuru həm rəhbərliyin, həm də biz azarkeşlərin uğurudu.

 

- Yeni məşqçinin gəlişi komandada hansı dəyişikliklərə səbəbə olub?

- Tərlan müəllim gələndən sonra futbolçuları tanımaq olmur. Öz-özümüzə sual veririk ki, yəni bu qədər dəyişiklik ola bilərmi? Məsələn, Rəhman Hacıyev bu gün elə futbol nümayiş etdirir ki, biz hətta rəhbərliyə demək istəyirik ki, onunla müqaviləni daha da artırsınlar. Emin Mahmudov, Rəşad Sadiqov, kapitanımız Ruslan Abışov kimi futbolçularımız gündən-günə daha da yüksək səviyyədə oyun göstərir. Bizi ən çox narahat edən legionerlərdi. Bu legionerlərin çoxu ilə biz qabağa gedə biləməyəcəyik. Onların əvəzinə keyfiyyətli legionerlər alınmasa, maksimum 5-6-cı yerlər uğrunda oynamalı olacağıq. Gələcəyin komandasını qurmaq istəyiriksə, komandada dəyişiklik olmalıdı. Ən azı 3 səviyyəli legioner alınmalıdı.

 

- Tərlan Əhmədov nə etdi ki, əvvəlki baş məşqçilər onu edə bilmirdi?

- Burada sirr, açar yalnız qələbədi. Qələbələrdən sonra hər şey qaydasına düşür. Kim olur-olsun, nəticə verməyəndən sonra onun getməyini tələb edəcəyik. İndi Azərbaycan kubokunun yarımfinalına çıxmağımıza sevinirik. Amma bu bizim üçün uğur deyil. Uğur mövsümün sonunda çempion olmaq, kuboku götürmək, Avroliqada oynamaqdı. Bu klubda heç vaxt ikincilik uğur sayılmayıb.

 

- Tərlan Əhmədovun “Neftçi”də uğur qazanacağına bu qədər inanırsız?

- Tərlan Əhmədov “Neftçi” Avropa Liqasının qrupuna düşəndə də məşqçilərimizdən olub. Onun AZAL-da az büdcə ilə göstərdiyi iş də göz qarşısında idi. Tərlan müəllimin yanındayıq. “Forza Neftçi” olaraq onun uğur qazanması üçün hər şey edəcəyik.

 

- “Forza Neftçi” azarkeş qrupunun rəhbəri olaraq “Neftçi” rəhbərliyinə nə demək istəyərdin?

- Demək istəyirəm ki, klub bir ailə, yumruq kimi bir olmalıdı. Əgər belə olsa, uğur qazanacaqlar. Biz azad azarkeş qrupu olaraq necə komandanın yanındayıqsa, istəyirik ki, hamı bir olsun, uğursuzluq üçün heç bir səbəb qalmasın. Bu gün Orxan müəllim Tərlan müəllimin yanındadı, istəyirik ki, hamı onun kimi olsun.

Çəkilişdə göstərdiyi köməyə görə "Zəm Zəm" restoranına minnətdarlığımızı bildiririk.

 


Paylaş: