Gəncədə kimlərəsə futbol yox, başqa işlər lazım imiş

"Gəncədə kimlərəsə futbol yox, başqa işlər lazım imiş"

  • 20 Noyabr 2017, 16:01

"Kəpəz” klubunun keçmiş qapıçısı Xəyal Zeynalov Sportlife.az-a müsahibə verib:
 
 

- Elə başlayaq Şahin Diniyevdən. “Kəpəz”in problemi Diniyev idi? O, gedəndən sonra hər şey düzələcək?

- Şahin müəllimin gedişi gözlənilən olsa da, “Kəpəz”də problem başqadır. Çünki strukturda boşluqlar var. Şahin müəllimin bu il nəticə verə bilməməsi onun günahı deyil. Maliyyə azlığından oldu məncə.

- Çıxış yolu nə olmalıdır?

- Mən öz fikrimi demək istərdim. Klub 3 il Bakıda məskunlaşdı. Həmin xərclənən pullara “Kəpəz”də bazanı bərpa etmək olardı. Ən azından əldə olan pula qənaət edib bu il normal heyət formalaşdırmaq olardı. Komanda Gəncədə məskunlaşsaydı, bu gün də bir belə problem yaşanmazdı.

- Yunis Hüseynov komandaya baş məşqçi təyin olunub. Buna münasibətin necədir?

- Yunis müəllimə uğurlar arzu edirəm. Amma demək olmaz ki, Huseynov gələndən sonra hər şey qaydasına düşəcək. Transferlər olmasa, Yunis müəllimin işi asan olmayacaq.

- Özün də bir müddət uşaq futbolunda məşqçi kimi fəaliyyət göstərmisən. Gəncənin uşaq futbolunun aqibəti necə olacaq? Sənə elə gəlmirmi ki, daha çox buna fikir vermək lazımdır?

- Bizim ən böyuk problemimiz uşaq futboludur. 3 ildir Gəncədə böyuk futbol bərpa olunub. Mənə Gəncə uşaq futbol məktəbində yetişən, “Kəpəz”in heyətində hər oyun 90 dəqiqə oynayan futbolçu gösərin. Varmı elə biri. Yoxdur. Amma “Kəpəz”ə keçmişdə, pis günlər yaşayanda daim gəncəli futbolçular xidmət edib, canla-başla məsuliyyəti üzərlərinə göturüblər. Hanı indi yetişən gəncəli futbolçular? Baxın, ən böyük problem budur.

- Məsələn, siz nəyə görə Gəncədə yox, Bakıda işləyirsiz?

- Mən karyeramı bitirdim, həmkarım Taryel Hüseynovla gənc qapıçılar klubu yaratdıq. Bütün qapıları döydük. Sağ olsunlar, səsimizə səs verdilər, işlədik. Sonra “Kəpəz” yarandı. Gəldik, təklif etdik ki, işimizi davam etdirək. Dedilər ki, bizdə elə ştat yoxdu, ancaq uşaq futbolunda məşqçi işləyə bilərsiz. İşlədik. Sonra yenə AFFA-ya müraciət etdik ki, bizə şərait yardılsın, işimizi davam etdirək. Qəbul etdilər. AFFA-nın Müşahidə Şurası Gəncəyə gəldi. Görüşdüm, sağ olsunlar, maliyyə də ayrıldı. 1 ay keçdi. “Kəpəz”in rəhbərliyi mənə dedi ki, sizin işə AFFA pul ayırmır. Bizə də belə sərf eləmir. Mən də ayrılmaq qərarına gəldim. Belə başa düşdüm ki, Gəncədə kimlərəsə futbol yox, basqa işlər lazım imiş. Bu gün mən “Vətən” futbol məktəbində işləyirəm və “Sabah” futbol klubunda qapıçılarla çalışıram. İşimdən və yerimdən məmnunam. Karyeramın böyük hissəsini “Kəpəz”də oynamışam, ancaq kimlərsə hansı yollarla orda məşqçi işləyir, biz yox. Söhbət qapıçı məşqçilərindən gedir. Əlbəttə, bir gün biz də qayıdacağıq Gəncəyə. Amma hər şeyin vaxtı var.

- “Sabah”dakı işləriniz nə yerdədi?

- Yeni yaranan komandayıq. Çətinliklərimiz olacaq. Amma inşallah qış fasiləsində hər şey qaydasına düşəcək.

- Məsələn, Gəncədən bildiyiniz, tanıdığınız elə bir qapıçı var ki, onu “Sabah”a məsləhət görəsiz?

- İmkan versəydilər olardı. Amma əlimizdə olan qapıçılar dağıldı getdi. Kimisi karyerasını bitirdi, kimisi isə başqa klublardadı.


Paylaş: