Heç vaxt onlardan nəticəyə uyğun futbol tələb etməmişəm

"Heç vaxt onlardan nəticəyə uyğun futbol tələb etməmişəm"

  • 23 Noyabr 2017, 21:06

Gənclər Liqasında çıxış edən "Səbail"in U-19 komandasının baş məşqçisi Vasif Haqverdiyev Sportlife.az-a müsahibə verib.

- Gənclər Liqasında geridə qalan 8 turdan sonra komandanız 15 xalla 3-cü pillədə qərarlaşıb. İlk dövrədən sonra komandanızın çıxışını necə qiymətləndirirsiz?

- Ümumilikdə komandamın çıxışını normal sayıram. Gənclər Liqası elə də asan liqa sayılmır. Ona görə ki, bu liqadakı komandalarda əvəzedici heyətlərdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçular da gəlib oynayırlar. Amma bizim bu liqada çıxış etməyimizdə əsas məqsədimiz sırf nəticə qazanmaq yox, həm də futbolçu yetişdirməkdi. “Səbail”ə gəldiyim ilk gündən də bu liqada çıxış etməklə təcrübə qazanmaq, əvəzedici və əsas komandaya futbolçu yetişdirməyimizin daha vacib olmasını qeyd etmişəm. Sağ olsunlar ki, rəhbərlik də mənim bu fikrimə dəstək verib, mənimlə razılaşıblar. 3 illik məşqçilik karyeram ərzində işlədiyim “Əlincə” futbol akademiyası və “Vətən” futbol məktəbində də eyni məqsəd uğrunda çalışmışam. Əvvəl çalışdığım klubların rəhbərlikləri də öz köməklərini məndən əsirgəməyiblər. Həmişə komandamın düzgün futbol oynamağı üçün çalışmışam. Düşünürəm ki, əgər komanda düzgün futbol oynayacaqsa, sonda nəticə də özünü göstərəcək.

 

- UEFA-nın “Gənclər Liqası”nda mübarizə aparan “Qarabağ” klubu da sizinlə eyni çempionatda çıxış edir. Onlarla ötən tur qarşılaşmışdız. Bu rəqiblə oyun digərləriylə müqayisədə çoxmu çətin keçdi?

- Ümumiyyətlə, biz bütün rəqiblərlə oyuna eyni formada hazırlaşırıq. Futbolçularıma da həmişə bütün komandalara eyni gözlə baxmalarını, aralarında fərq qoymamalarını tapşırmışam. Sadəcə olaraq, “Qarabağ”, “Neftçi” , “Qəbələ” , “Sumqayıt” və “İnter” klublarında ustalıq səviyyələrinə görə seçilən futbolçuların sayı çoxluq təşkil edir və onlarla oyunlar daha çətin keçir. Bu komandaların heyətlərində fərdi şəkildə oyunun taleyini həll edə biləcək futbolçular var. Əgər bu gün “Qarabağ” UEFA “Gənclər Liqası”nda çıxış edirsə və ən azından səfərdə “Atletiko”nu udursa, bu, komandanın səviyyəsindən xəbər verir.

 

- Ötən tur “Qarabağ”la keçirdiyiniz oyunda meydana yalnız 2000-ci il təvəllüdlü futbolçuları buraxmışdınız. Sonradan məlum oldu ki, ümumiyyətlə, komandanızda 1999-cu il təvəllüdlü cəmi 1 futbolçu var. O da qapıçıdı. Digər rəqibləriniz isə limitə uyğun olaraq, 1999-cu il təvəllüdlü 5 futbolçunun xidmətindən yararlanırlar. Siz niyə bu limitdən istifadə etmirsiz?

- Mövsümün əvvəlində bizə də xəbər vermişdilər ki, çempionatda UEFA “Gənclər Liqası”nın formatına uyğun olaraq, 1999-cu il təvəllüdlü cəmi 3 futbolçunun iştirakına icazə veriləcək. Sonradan limit 5-ə yüksəldildi. Bu da belə izah olundu ki, bəzi klublar bu limitin 3-dən 5-ə qaldırılmasını istəyirlər. Amma limitin olub-olmaması bizim üçün fərq eləmirdi. Limit olmasaydı belə, mən yenə 2000-ci il təvəllüdlü futbolçularla oynayacaqdım.

 

- Nəyə görə?

- Çünki, məqsədimiz sırf U-19 yığmasına futbolçu hazırlamaq idi. “Səbail”ə gəldiyim ilk gün belə bir təşəbbüs irəli sürdüm və sağ olsunlar ki, təklifimi qəbul etdilər. Bu gün də əsas məqsədimiz məhz milliyə futbolçu verməkdi. Bu, klubumuzun tutduğu yoldu. Digər klubların da öz strategiyaları var və əgər onlar limitə uyğun heyətlə oynayırlarsa, biz təbii ki, onların işlərinə qarışa bilmərik. Amma ümumi götürsək, sırf nəticəyə gəlib bağlanır bu məsələ. Bundan əlavə, belə komandalara qarşı oynamaq bizim futbolçular üçün təcrübə baxımından böyük qazancdı.

 

- Aşağı yaş qrupları üzrə milli komandalara təyinatlar rəsmiləşməsə də, artıq namizədlərin adları açıqlanıb. Sizin fikrinizcə təyinatlar hansı meyarlara əsasən verilməlidi?

- Mənə elə gəlir ki, yeniyetmələrin çempionatında həddindən artıq nəticə tələb olunur. Söz olaraq hər kəs deyə bilər ki, nəticə yox, futbolçu istəyirik. Amma düşünürəm ki, bu baxımdan məşqçilər çox əziyyət çəkirlər. Şükürlər olsun ki, mən bu məsələdə heç vaxt əziyyət çəkməmişəm. Çünki, işləyəcəyim yerdə rəhbərliklə ilk söhbətimiz nəticə yox, futbolçu yetişdirməklə bağlı olur. Lakin bu da o demək deyil ki, məşqçi arxayınlaşmalı, nəticə tələb olunmur deyə, bütün oyunları uduzmalıdı. Əgər məşqçi komandasına düzgün futbol oynadırsa, bir müddətdən sonra nəticə gəlməyə bilməz. Meyarlara gəlincə, düşünürəm ki, ən azı məşqçilər korpusunda həmin liqaları yaxşı tanıyan və o liqalarda müəyyən təcrübəsi olan mütəxəssislərin olsa daha yaxşı olar. Bunun onların işini bir qədər də asanlaşdıracağını və nəticələrin daha tez yaxşılaşmasına səbəb olacağını düşünürəm. Onu da qeyd etmək istəyirəm ki, bu mənim səlahiyyətimdə olan məsələ deyil, sadəcə olaraq öz subyektiv fikrimdi.

 

- 2000-ci il təvəllüdlü futbolçular sonuncu dəfə 2 il bundan öncə U-17 milli komandasının tərkibində toplanış keçiblər. Gələn il isə bu futbolçular U-19 milli komandasının tərkibində Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcəklər. Uzun müddət bir araya gəlməyən futbolçulardan hansı nəticəni gözləmək olar?

- Əvvəla onu deyim ki, bəli, bu uşaqların gec yığılmaları onların oyunlarına mütləq təsir göstərir. Nəticə görmək üçün bu futbolçuları ilk növbədə komanda kimi formalaşdırmaq lazımdı. Çünki çox qısa müddətdə toplanmaqla, legioner cəlb etməklə tez bir zamanda nəsə əldə eləmək qəliz məsələdi. Məhz elə bu yaş qrupunu komanda kimi formalaşdırmaq üçün vaxt lazım olacaq.

 

- Ümumiyyətlə, liqalardakı limitlərin futbolumuza xeyri çoxdu, yoxsa ziyanı?

- Bizim çempionatda 1999-cu il təvəllüdlü 5 futbolçunun meydana çıxmasına icazə verildiyi üçün, 2000-ci il təvəllüdlü futbolçuların bəziləri məcburən oyunlara çıxmır. Çempion olan komanda “UEFA Gənclər Liqası”nda isə 1999-cu il təvəllüdlü cəmi 3 futbolçusunu oynada bilir. Avtomatik olaraq, burada həmin komanda üçün bir qədər problemlər yaranır və həmin futbolçuları 2000-ci il təvəllüdlülərlə əvəz etmək lazım gəlir. Hansı ki, həmin futbolçular arxada qalan mövsüm boyu meydana çıxmır. Bundan əlavə, bu limit məşqçinin komandanı formalaşdırmasına da mane olur. Bu il çempion olduğu heyətlə UEFA “Gənclər Liqası”nda çıxış edə bilmir. “Qarabağ” da keçən il belə bir problemlə üz-üzə gəlmişdi.

 

- “Səbail” kubunun çempion olub “UEFA Gənclər Liqası”na vəsiqə qazanmaq kimi bir hədəfi varmı?

- Bu komanda ötən il U-17 Liqasının çempionu olub. Komandamızın heyətində U-19 millisinə namizəd futbolçular çoxdu. Ona görə də nəticə, çempionluq xatirinə mən komandaya 1999-cu il təvəllüdlü uşaqları gətirib, 2000-lərin qarşısını kəsmək istəmirəm. Əvvəl də qeyd etdiyim kimi, bizim məqsədimiz bacardıqca milliyə daha çox futbolçu verməkdi.

 

- Maraqlıdır ki, məşqçilik etdiyiniz 3 mövsümün hər birində ilk 3-lüyə düşmüsüz...

- Futbolçularım da bilirlər ki, mən heç vaxt onlardan nəticəyə uyğun futbol tələb etməmişəm. Daim baxımlı, yaxşı futbol oyun tələb etmişəm. Səhvlərin üzərində işləyib, növbəti oyunlarda o səhvləri etməməyə çalışmışıq. Bunun nəticəsi olaraq, nəticə də öz-özünə gəlib. Elə oyunlar olub ki, udmuşuq, amma oyunlarından razı qalmamışam və yaxud da əksinə, uduzduğumuz oyundan razı qalıb futbolçularımı gözəl oyunlarına görə təbrik etmişəm.


Paylaş: