Oğluna Xəzər Lənkəranin serefine Xezer adini qoyan Alim Qurbanovun Sportlife.az-a ekskluziv

Oğluna Xəzər Lənkəranın şərəfinə Xəzər adını qoyan Alim Qurbanovun Sportlife.az-a eksklüziv

  • 1 Oktyabr 2017, 17:29

"Xəzər Lənkəran"ın sabiq futbolçusu və hazırda "Səbail"in U-19 komandasında köməkçi məşqçi kimi çalışan Alim Qurbanov Sportlife.az-a müsahibə verib. 

 

- Hazırda məşqçi kimi fəaliyyət göstərirsiz. Məşqçi karyeranızdan öncə uğurlu peşəkar futbolçu karyeranız olub. Keçmiş futbolçu kimi bugünkü gənclərə nə məsləhət görərdiz?

İndiki gənclərə məsləhətim odu ki, əgər peşəkar futbolçu olmaq istəyirlərsə, ilk növbədə məşqlərinə ciddi yanaşmalıdılar. Yəni məşqlərdə həvəslə iştirak etməli, məşqdən sonra istirahətlərinə, qidalanma və yuxu rejiminə riayət etməlidilər. İdmançının ən əsas fikir verməli olduğu məsələlər bunlardı. Bundan əlavə, futbolçunun təlim-tərbiyəsi yerində olmalıdı. Məşqdən sonra şəhərin çay evlərini gəzməklə, qəlyan çəkməklə peşəkar səviyyəyə gəlib çatmaq olmaz. Ona görə də əgər peşəkar futbolçu olmaq istəyirlərsə öz işlərinə məsuliyyətlə yanaşmalıdılar.

 

- Əvvəlki futbolla indiki futbol arasında nə kimi fərqlər var?

Əvvəlki futbolla indiki futbol arasında çox fərq var. Hər kəs çox gözəl bilir ki, 10-12 il bundan qabaqkı Azərbaycan çempionatı ilə indiki çempionatın səviyyəsi eyni deyil. İndi çempionluq uğrunda cəmi 2 komanda mübarizə aparır, o biri komandalar sadəcə mövsümü başa vurmaq üçün oynayır.

- Futbolumuzun indiki durumunu necə qiymətləndirirsiz?

Futbolumuzun indiki durumu mənim fikrimcə çox pisdi. Ölkənin əsas futbol çempionatında 8 klub mübarizə aparır. Onun 6-sı AFFA tərəfindən maliyyələşir. Təkcə “Qarabağ” və “Qəbələ”nin öz maliyyə dayaqları var. Bundan əlavə, 1-2 klubdan başqa mən o biri klubların heç birinin azarkeşlərini stadionlarda görmürəm. Belə çempionatla Azərbaycan futbolunun durumu necə yaxşı ola bilər?  

 

- Uzun illər "Xəzər Lənkəran"ın uğurları üçün çalışmısız. İndi isə belə bir komanda yoxdu. “Xəzər Lənkəran”sız çempionat necə görünür?

Bölgə klublarının çempionatda oynamaması doğurdan da, çox mənfi haldı. Hər kəsə də bəllidi ki, bölgə klublarının oyunlarında azarkeşlər stadionlara daha çox gəlir. Bu da çempionatın səviyyəsinin yüksəlməsinə təsir göstərən əsas amillərdən biridi. Çox istərdim ki, “Xəzər Lənkəran”la bərabər digər bölgələri təmsil edən klublarımız da yenidən Azərbaycanın 1 nömrəli futbol çempionatında iştirak eləsin. “Xəzər Lənkəran” indi çempionatda olmasa da, mən inanıram ki, Mübarizə müəllim gələcəkdə bu komandanı yenidən geri qaytaracaq.

 

- İndiyə qədər komandanın fəaliyyətinin dayandırmasını hər kəs bir amillə əlaqələndirir. Sənin fikirlərini də bilmək istərdik...

Heç kim ağlına belə gətirməzdi ki, “Xəzər Lənkəran” nə vaxtsa fəaliyyətini dayandırar. Çünki Mübariz müəllim öz komandasını avropa klubları səviyyəsinə qaldırmaq arzusunda idi. Onun komanda üçün etdikləri göz qabağında idi. Amma onun kimi futbola diqqət ayırıb, pul yatıran insanı futboldan küsdürənlər oldu. Buna baxmayaraq, mən yenə də inanıram ki, Mübariz müəllim bu yaxın illərdə “Xəzər Lənkəran”ı yaxşı səviyyədə Azərbaycan futboluna qaytaracaq. Buna komandanın azarkeşləri də, biz də inanırıq. Azərbaycan futboluna “Xəzər Lənkəran” kimi, “Bakı” klubu kimi komandalar lazımlıdı.

 

- “Xəzər Lənkəran”ın şərəfinə oğlunuzun adını Xəzər qoymusuz. Təbii ki, bu da komandaya olan sevginizdən irəli gəlir. Komandanın yenidən bərpa olunması üçün hər hansı bir köməklik lazım olsa, nə kimi köməklik edərdiz?

- Bəli, mənim 1 oğlum var, ona da oynadığım klubun adını qoymuşam. Bu mənim üçün böyük şərəfdi. “Xəzər Lənkəran” kimi klubun formasını geyinməyimlə fəxr edirəm. Karyeramın ən gözəl illərini bu klubda keçirmişəm. O ki qaldı “Xəzər Lənkəran”ın qayıtmasına nə köməklik etməyimə, əlimdən nə gələrsə etməyə hazıram. Təki “Xəzər Lənkəran” klubu bərpa olunsun.


Paylaş: