Qara QARAYEV: Millimizin uzvleri Almeydani yaxsi taniyir - Qara Qarayev - Almeyda - Qarabag

Qara QARAYEV: Millimizin üzvləri Almeydanı yaxşı tanıyır

  • 22 May 2017, 11:00

Milli komandamızın və “Qarabağ”ın üzvü  Qara Qarayevin müsahibəsi.

 

- Qarşıdan Şimali İrlandiya ilə vacib oyun gəlir. Hazırlıqlar barədə danışardın...
 
- Toplanışına təzə başlamışıq. Neçə vaxt idi ki, məşq etmirdik. Hər şey qaydasındadı. Sabah Avstriyaya yollanacağıq. Hazırlığın əsas mərhələsi orda keçəcəyik.  Pik formamızı yığacağımıza İnanıram.

- Çempionat başa çatan kimi millinin təlim-məşq toplanışı başladı. Komanda üzvlərində yorğunluq hiss olunmur ki?

- Məşq proqramında bu amili nəzər alıblar. Çempionatımız həqiqətən ağır keçdi. Bir həftə dincəlmişik. Təlim-məşq toplanışı keçmək üçün kifayət qədər istirahət edə bilmişik.

- Riçard Almeyda yığmadakı ab-havaya uyğunlaşa bilir?

-  Artıq 5 ildən çoxdur ki,  Almeyda “Qarabağ”dadır. O, artıq Azərbaycan futboluna, mentalitetimizə uyğunlaşıb. Millimizin üzvləri onu yaxşı tanıyır. Buna görə də uyğunlaşmada problem yaşamayacaq.

- Azərbaycan millisində çıxış etməyin məsuliyyətini braziliyalı Almeydaya başa salmaq yerli futbolçularımızın üzərinə düşür. Onunla bu barədə söhbətləriniz olur?

- Əlbəttə, biz onunla bu barədə danışmışıq. Millidə oynamağın şərəfli, uğurun nə qədər önəmli olduğunu artıq o da dərk edir. Biz ona elə şərait yaradırıq ki, millinin düşərgəsində sıxıntı çəkməsin. Hər şeyi onun anlaya biləcəyi tərzdə izah edirik. Almeyda komandaya biz gözlədiyimizdən də tez uyğunlaşır.



- Şimali İrlandiya ilə oyundan nikbin danışmaq olar?

- Ağır oyun olacaq.  Hər kəs bu görüşdə bizdən qələbə gözləyir. Bu amil bizə oyuna hazırlaşmağımızda mane ola bilər. Ancaq işimizin nə qədər ciddi olduğunu dərk edirik. Uğur qazanmaq üçün bir yerdəyik.

- Şimal İrlandiya millimizin qrupdakı əsas rəqiblərindən biridir. Turnir cədvəlindəki sıralama da bunu göstərir...

- Oyunun gərginliyini ən çox artıran məqam budur. Çünki qalib gəlsək, ikincilik şansımız daha da artacaq. Rəqib ikinci yerdəki mövqeyini qorumaq üçün güzəşt etməyəcək.

- Yəqin ki, rəqibin Avropa çempionatındakı çıxışlarına baxmısız...

- Bəli, Avropa çempionatından oyunlarını izləmişik. Almaniya ilə görüşdə uduzmalı deyildilər. Bir az bəxtsizlik, bir az da almanların daha təcrübəli olması qol buraxmalarına səbəb oldu. Həqiqətən də son vaxtlar çox güclü təsir bağışlayırlar.

-  Almaniya ilə oyunla müqayisədə bu dəfə millimizin üzərində daha böyük təzyiq olacağını demək olarmı?

- Əlbəttə, Almaniya ilə oyunda hamı məsələyə reallıqla yanaşırdı. Ancaq bu dəfə yenidən “Niyə də yox” şüarə işə düşəcək. Məncə, Şimali İrlandiya da keyfiyyətcə Almaniya millisi ilə eyni səviyyədədi.

- “Qarabağ”la müqaviləni 2 illik yenilədin. Halbuki bəzi Avropa klublarının səninlə maraqlandığı söylənilirdi.
 
- Klubumuzun direktoru Əmrah Çəlikəllə bu barədə danışığımız olmuşdu. Mənə hansısa xarici klubdan təklif olarsa, getməyimə mane olmayacaqlarını bildirmişdi. “Qarabağ” klubu özü də bu işdə maraqlı idi. Ancaq ortada real bir təklif yox idi. Buna görə də “Qarabağ”la müqaviləmi yeniləməli oldum.
 
- Yerli klublardan təklif gəlmişdi?

- Heç kimlə danışığım olmamışdı. Yəqin ki, məni istəyən klublar olub. Yalnız “Qarabağ”ın mənim haqqımda qərar verməsindən sonra təkliflər ola bilərdi. “Qarabağ”ın təklifini gözlədiyimdən heç bir klubla danışıqlara getmədim.

 

                                                                                                               (Qol.az)


Paylaş: