Qatar, 15 min dollar mükafat, 500 dollar cərimə - Kəpəzin futbolçusunun ETİRAFLARI

Qatar, 15 min dollar mükafat, 500 dollar cərimə - Kəpəzin futbolçusunun ETİRAFLARI

  • 25 Dekabr 2017, 16:52

"Kəpəz"in futbolçusu Şəhriyar Əliyevin Sportlife.az-a müsahibəsi:

 
- Futbola gəlişin necə olub?
- Uşaq vaxtı İsmət Qayıbov adına stadionda Fazil müəllimin rəhbərliyi altında başlamışam futbola. O vaxt ən kiçik yaş qrupu 1989-cu il təvəllüdlü uşaqlar sayılırdı. Amma Fazil müəllimdə 1989-cu illər yox, 1985-86-cı illər oynayırdı. Mən də balaca uşaq idim. Özümdən 7 yaş böyük uşaqlarla oynayırdım. Stadionun yaxınlığında da qatar yolu var idi. Hərdən yorulanda keçən qatardakı vaqonları sayırdım (gülür) .
 
 
- Karyeranda ən yadda qalan məsləhəti kimdən almısan?
- 19 yaşım var idi, əsas komandada təzə-təzə oynamağa başlayırdım. İbrahim Karqbo adlı oyunçumuz var idi. Hər oyunda mənə öz məsləhət və göstərişlərini verirdi. Deyirdi ki, futbolu bitirəndən sonra menecer işləyəcəm. Azərbaycandan ilk səni çıxaracam xaricə. O söhbətdən sonra İbrahimdən xəbər-ətər yoxdu (gülür).
 
 
 
 
- Bir futbolçu kimi hədəfin nədi?
- Ən böyük arzum milli komandada oynamaqdı. Çox istəyirəm milli komandanın formasını geyinim. Düzdü, 21 yaşlılara kimi oynamışam. Ancaq çox istərdim ki, əsas millidə də oynayım. Milli komandada oynamaq, o formanı geyinmək böyük qürurdu.
 
 
- Milli komandaya bundan sonra Qurban Qurbanov rəhbərlik edəcək...
- İnanıram ki, Qurban Qurbanov milli komandada da yaxşı nəticələr qazanacaq. Bu şəxs Azərbaycan futboluna həqiqətən də rəng qatır.
 
- Şəhriyar, ilk maaşın nə qədər olub?
- “Bakı”nın əvəzedici komandasında ilk maaşım 200 dollar olub. Sonra əsas komanda ilə müqavilə bağladım və maaşımı 2000 dollar etdilər.
 
 
 
 
- Bəs oyunlara görə aldığın ən böyük mükafatın məbləği?
- Ən böyük mükafatı “Bakı” klubunda çıxış edəndə almışam. “Qarabağ”la yarımfinal matçında qələbəyə görə, Hafiz müəllim bizə yaxşı mükafat vermişdi (gülür).
 
- Nə qədər?
- 15 min dollar mükafat almışdım.
 
- Yəqin ki, cərimələrin də olub?
- Belə bir söz var, futbolçunu qaçırt, amma cərimələmə (gülür). Cərimələrim olub. Ən böyük cəriməm 500 dollar olub. Bu da məşqə gecikməyimə görə olub. Məşqə gecikirdim. Yarım saat vaxtım qalmışdı. Gördüm çata bilməyəcəm, maşını daha sürətlə idarə etməyə məcbur oldum. Tələskənlikdən yüngül qəza törətdim. Həm yol polisi tərəfindən cərimə olundum, həm məşqə gecikdiyimə görə klub tərəfindən. Bir dəfə də “Qarabağ”da çəkimə görə cərimə olunmuşam. Səhv eləmirəmsə 200 dollar idi.
 
 
- 6 ildir ki, Premyer Liqada oynayırsan. Premyer Liqada ən yadda qalan oyunların hansılar olub?
- İlk oyunum yadıma gəlir. “Turan”la oynayırdıq. Çox həyəcanlı idim. Ondan sonra “Qəbələ”yə qarşı oynayırdıq. Həmin il Dodo təzə gəlmişdi. Çox güclü futbolçu idi. Mən də müdafiənin sağında oynayırdım. Həmin oyunda çox yaxşı oynamışdım. Demək olar ki, Dodoya oynamağa şans verməmişdim. Həmin oyundan sonra məşqçilərimizdən də xeyli təşəkkür aldım. Belə oynamağa davam etməyimi istədiklərini bildirmişdilər. Bu da mənə böyük stimul olmuşdu.
 
- Futbolda etmədiyin nəyəsə görə peşman olmusanmı?
- Starkovun vaxtları idi. “Bakı”nın bazasında “Qarabağ”la oynayırdıq. Bizdən də Bəxtiyar Soltanov getmişdi “Qarabağ”a. Mənə də dedilər ki, Bəxtiyara qarşı sərt oynasan oynamayacaq. Mən də yerli uşaq idi deyə sərt oynamaq istəmədim. Amma həmin oyun Bəxtiyar başımıza oyun açdı. “Qarabağ”a 3:0 hesabı ilə məğlub olduq. Peşman olmuşdum ki, gərək sərt oynayardım ki, çox “qaçmazdı” (gülür).
 
 
 

Çəkilişdə göstərdiyi köməyə görə "Zəm Zəm" restoranına minnətdarlığımızı bildiririk.


Paylaş: