Rauf Əliyev Azərbaycan klublarından təklif alıbmı?

Rauf Əliyev Azərbaycan klublarından təklif alıbmı?

  • 10 Dekabr 2017, 15:22

 

Millimizin sabiq hücumçusu, Albaniyanın "Kukesi" klubunda legioner həyatı yaşayan Rauf Əliyev Sportlife.az-a müsahibə verib:

 

- Mətbuat nümayəndələri tərəfindən Qurban Qurbanovun 8-ci dəfə ilin məşqçisi seçilməyindən yəqin ki, xəbəriniz var. Qurban müəllim bildirib ki, Rauf Əliyevin oyun üslubuna bələddir. Bu sizin yenidən millinin şərəfini qorumaq ehtimalınızı daha da artırır...

- Qurban müəllimi təbrik edirəm. Məni tanıyır, oyun üslubuma da bələddi. Ancaq bu o demək deyil ki, məni milliyə çağıracaq. Millidə oynamaq üçün futbolçu çalışıb özünü göstərməlidir. Mən də əlimdən gələni etməyə çalışacam ki, yığmaya dəvət alım.

 

- “Kukesi”də mütəmadi çıxış etdiyinizi və möhkəmləndiyinizi deyə bilərik. İndiki halda Azərbaycana qayıtmaq nə dərəcədə doğru addım olar?

- Bu haqda bir şey deyə bilməyəcəm. Futboldu, hər şey ola bilər.

- Bu sualı niyə ünvanladım sizə?! Çünki mətbuatda sizin “Sumqayıt”a keçidinizin real olduğu və Samir Abasovun da sizi komandasında görmək istədiyi yazılır. “Sumqayıt”dan təklif almısız?

- Xeyr. Söz-söhbətdi. Azərbaycanda heç kimlə danışıq aparmamışam.

- Bir neçə aydır ki, Albaniyadasan. Albaniya Superliqası ilə Azərbaycan Premyer Liqasını müqayisə etsək, hansı çempionatın daha üstün olduğunu deyə bilərsiz?

- Üstün tərəfi tam deyə bilmərəm, amma fərqlidi. Bizdə daha çox topla texniki futbola üstünlük verildiyi halda, burada mübarizəli, döyüşkən futbol oynanılır.

- Bəs siz bu iki fərqli üslubdan hansında özünüzü daha rahat hiss edirsiz? Və hansı çempionatda öz potensialınızı daha yaxşı açdığınızı düşünürsüz?

- Hələ burada yeniyəm. Uyğunlaşmağa çalışıram. Azərbaycanda ustalıq səviyyəsi yuxarı olan oyunçular daha çoxdu. Ona görə onlarla birgə oynadıqda daha rahat olur.

- Sabiq komandanızın turnir cədvəlindəki mövqeyi onun keçmişi və adına layiq deyil. Və Mirhüseyn Seyidovla Nizami Hacıyevin danışılmış oyunlara görə futboldan ömürlük uzaqlaşdırılmalarından yəqin ki, xəbərdarsız. Həm “Keşlə”nin ağır durumu, həm də həmin futbolçuların başına gələnlərlə bağlı nə deyə bilərsiz?

- Komandada çox dəyişikliklər oldu. Çox oyunçular ayrıldı. Transfer qadağası da olduğu üçün komandada eniş oldu. Mirhüseynlə Nizaminin başına gələnlərə görə əlbəttə, çox məyusam. Olanlara inanmıram. Amma hələ ki, heç nə dəqiq bilinmir. Bildiyim qədəri ilə iş gedir, araşdırmalardan sonra hər şey bəlli olacaq.

- Tutaq ki, belə bir hadisə olub. AFFA-ın qərarı - futboldan ömürlük uzaqlaşdırılmaq doğru, ya çox ağırdır?

- Bilmirəm. Qərar verilib daha. Ağır, ya yüngül.

- Siz həm Mirhüseyn, həm də Nizami ilə istər “İnter”də, istərsə də millidə komanda yoldaşı olmusunuz. Olanlardan sonra onlarla əlaqə saxlamısınız?

- Komanda yoldaşı olmaqla bərabər hər ikisi ilə də yaxşı münasibətim var. Nizami ilə əlaqə saxlamaq istəsəm də alınmayıb.

Səbuhi Allahverdizadə


Paylaş: