Rauf Eliyev: Bas mesqci mene inanir

Rauf Əliyev: Baş məşqçi mənə inanır

  • 20 Sentyabr 2017, 17:40

Sportlife.az Albaniyanın “Kukesi” klubunun hücumçusu Rauf Əliyevin müsahibəsi təqdim edir:

- Albaniya çempionatında işlərin necə gedir? “Partizani” ilə görüşdə 0:0 oynadınız və həmin matçın 65 dəqiqəsində meydanda oldun. Görüşü necə dəyərləndirirsən?
- Demək olar ki, çempionluq yolunda əsas rəqiblərimizdən biri ilə oynadıq və səfərdə vacib bir xal qazandıq. Məncə, bunu komandamız üçün yaxşı nəticə hesab etmək olar. 

- Demək olar ki, “Kukesi”nin artıq qol silahı sənsən?
- Baş məşqçi mənə inanır və şans da verir. Ancaq hələ iki oyuna çıxmışam. Bir az zamana ehtiyacım var. Müəyyən vaxt keçəndən sonra hər şey daha yaxşı olacaq.

- Albaniya futboluna az-çox bələdsən. Qol vurmağın çətin olacaq?
- Albaniyada sərt futbola üstünlük verirlər. Amma hansı futbolu oynayırlar oynasınlar, necə olursa-olsun, qol vurmaq lazımdı. Çalışıram ki, qol vurum, komandama kömək edim.

- Adaptasiya sarıdan çətinlik çəkmirsən ki?
- Çətinliklər var. Amma öyrəşməyə çalışıram.

- Azərbaycanda Premyer Liqa üçün 8 klub güclə tapılır, çoxunun da büdcəsi azdı. Albaniyada necədi?
- Albaniyada əsas liqada 10 komanda var. Ancaq maddi vəziyyəti daha yaxşı olan 3-4 klubdu.

- Albaniyada tək yaşayırsan? Ailəni ora aparmaq fikrin var?
- Bəli, tək yaşayıram. Hələ ki, bu barədə düşünməmişəm.

- Azərbaycanlı futbolçular çox vaxt legioner həyatı yaşayandan az sonra dönüb ölkəyə qayıdırlar. Səndə necə, olacaq?
- Hələ ki, Albaniyadayam. İndidən gələcəkdə necə olacağını bilmirəm. Yaşayaq, görərik də.

- Sabiq komanda yoldaşın Nizami Hacıyevin “Neftçi”yə keçəcəyi bildirilir. Hansı qərarı verməsini məsləhət görərdin?
- Nizami üçün ən yaxşısı nədisə, elə də olsun. O, hər komandaya kömək edə biləcək gücdə futbolçudu.

- Azərbaycan çempionatı ilə maraqlanırsan, yoxsa artıq maraqsız gəlir?
- Bəli, vaxt olanda oyunları izləyirəm. Amma məşqlərlə üst-üstə düşəndə baxa bilmirəm. Boşluq olanda internet vasitəsilə izləməyə çalışıram. (dsport.az)


Paylaş: