Rövnəq müəllim futbolu bilmir, köməkçisi də onu aldadır

Rövnəq müəllim futbolu bilmir, köməkçisi də onu aldadır

  • 11 Noyabr 2017, 15:30

Sportlife.az Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin müsahibəsini təqdim edir:

 

- Azərbaycanda futbol var?

- Əlbəttə, Azərbaycanda futbol var, amma futbolun yiyəsi yoxdu, futbola yiyəlik edən rəhbərlik yoxdu. Necə olurdu, SSRİ dövründə “Neftçi” üçüncü və ya yeddinci yeri tuturdu, amma indi Azərbaycan futbolunu nə günə qoyublar... Dəfələrlə demişəm ki, bizdə futbola ayrılan pullar yeyilir, başqa məqsədlər üçün xərclənir. İdmançılara, futbolçulara baxılmır. Qabiliyyətli uşaqlarımız qıraqda qalır, kimin anası və ya bacısı göyçəkdi, kimin qohumu güclüdü, onları basırlar futbola. Bu də səmərə vermir. Məsələn, mənim oğlum bu gün futbol oynamaq istəyir, dədəsi filan vəzifədə işləyir, dayısı filan yerdədi, anasının və ya bacısının hörməti var, gedir futbola. Belə komandayla heç yana getmək olmaz. Görürsüz də, gedib futbolçuları xaricdən gətirirlər, onlar da gəlib heç bir effekt vermir. Ona görə də çalışmaq lazımdı ki, milli ruh ölməsin, ruhla böyüyən idmançılarımız həmin komandalarda təmsil olunsun. Azərbaycanda istedadlı futbolçular çoxdu. Sadəcə, onun seçiminə mane olurlar. Futbolçu qıraqda qalıb, gedib dələduzun, qumarbazın və ya “farmazon”un birini gətirirlər ki, gəl, futbol oyna. Ona görə də bu gün Azərbaycan futbolu bərbad durumdadı. Biz futbolumuzla dünyaya çıxmaq istəyirik. Bizim prezidentimizin bu sahəyə marağı böyükdü. O, həmişə idmana böyük önəm verib. Düşünürəm ki, onun qayğısı nəticəsində qismən buna nail olmalıyıq. Bu sahədə islahatların, obyektivliyin olması şərt, korrupsiyanın qarşısının alınması vacibdi. Mən belə düşünürəm. Belə olsa, Azərbaycan futbolu dünyada öz layiqli yerini tutacaq.

- Futbolçu olsaydız, məmurlara dediyiniz kimi, meydanda hakimə də elə sərt sözlər deyə bilərdiz?

- Ədalətsizlik etsə, əlbəttə ki, deyərdim. Görsəydim ki, hakim mənim uğurumun qarşısını alır, mənim Azərbaycana gətirəcəyim müsbət dividendin qarşısını kəsir, ona da o cür hərəkət edərdim. Bilirsiz, Hafiz Hacıyev haqsızlığa, ədalətsizliyə dözə bilmir.O, millətini sevən, millətinin acıları ilə yaşayan insandı. İstər hərbdə, istər siyasətdə, istərsə də futbolda yalanı sevmirəm. Mən dövlət başçısına xəyanəti sevmirəm. Biz torpaqlarımızı itirə-itirə getmişik. Borçalımızı, Zəngəzurumuzu, Dərbəndimizi vermişik, indi nəyimiz qalıb?! Heç bir şeyimiz. Ona görə də meydanda da belə edərdim.

- Hakimə qarşı da sərtliyin müqabilində qırmızı vərəqə var. Yəqin bunu da göz önünə alırsız...

- Qırmızı vərəqə alıb çıxarıldıqda meydandan kənarda öz qabiliyətimi göstərərdim. Meydandan kənarda da nəyəsə nail olardım...

- Seçkilərdə qələbə qazanıb hakimiyyətə gələ bilmədiz. Bəs futbolda hakimiyyətdə olsaydız, ilk olaraq nəyi dəyişərdiz?

- Birinci sizə onu deyim ki, mən qalib gəlmiş bir insanam. Fərqi nədi ki, mən və ya qardaşım... Bu gün qardaşım prezidentdi və mən buna sevinirəm. Mən harda olmuşamsa, millətimə xeyir vermişəm. Heç kim bunu dana bilməz. Hafiz Hacıyev harda işləyibsə, milləti üçün nəsə edib. Həmişə də şər və böhtana qarşı olmuşam. İstənilən sahədə həmişə uğur qazanmışam. Mən uduzmağı sevməyən insanam. AFFA prezidenti olsam, birinci millətimdən olmayan insanları milli komandaya buraxmazdım. Azərbaycanın milli maraqlarını canından artıq sevənləri futbola gətirərdim. Futbolda rüşvətin kökünü kəsərdim, istedadlı uşaqları irəli çəkərdim. Çalışardım Azərbaycanın adı ən yüksək futbol meydançalarından gəlsin. Bu, müharibə şəraitində yaşayan ölkəmiz üçün çox önəmlidi. Bu çox ciddi məsələdi. Görürsüz, “Qarabağ”ımız getdi, oynadı, uğur qazandı. Buna hamımız sevindik. Əsas budu ki, burda Qarabağın adı getdi. Bu komanda sübut etdi ki, torpağımız işğal altdadı. “Qarabağ” komandamız Qarabağda formalaşıb, paytaxtımız Xankəndi olub. Xankəndi Qarabağın mərkəzidi. Milyonlarla insan televiziya vasitəsiylə “Qarabağ”ın oyununu izlədi. Bunun özü təbliğat formasıdı. Mən bu gün də futbolda böyük işlər görə bilərdim, yardım əlimi uzada bilərdim. Bizdən məsləhət alsalar... Düzdü, Azərbaycanda qabiliyyətə fikir verən kimdi?! Buna qiymət verən yoxdu. Amma köməyimizi heç vaxt əsirgəməmişik və əsirgəməyəcəyik də...

- Bizim futbol məmurları arasında “səni məhv edərəm” deyib barmaq silkələyə biləcəyiniz kimsə var?

- Bilirsiz, ordakılar çox xırda fiqurlardı. Orda elə bir adam yoxdu. Mən həmişə güclülərlə yarışıram, zəifləri sevmirəm. Arzu edərdim ki, həmişə rəqibim güclü olsun. Ona görə də orda özümə güclü rəqib görmürəm.

- Siyasət çirkin oyundu, yoxsa futbol?

- Siyasət. Futbol açıq oyundu. Futbolda ilk növbədə paxıllıq, qısqanclıq olmamalıdı. Komanda yoldaşının daha əlverişli mövqeyə çıxdığını görəndə topu ona vermək lazımdı. Orda paxıllıq edirsənsə, ötürməni etmirsənsə, deməli, paxıllıq edisən. Amma siyasətdə belə deyil. Siyasətdə təmiz ola bilərsən, amma səni çirkabın içinə batırarlar. Hərçənd hər iki sahə güclü iradəyə malik insanları sevir. İstənilən halda, siyasətlə idman arasında böyük fərq var. Amma ikisində də böyük iradə lazımdı. Futbolda 11 nəfər bir-birini başa düşsə, qalib gəlmək olur. Amma siyasət belə deyil. Sadəcə, bu sahədə məlumatın çox olmalıdı. Siyasətdə məlumatın çox olmadı, həmişə uduzursan.

- Deyirlər, bizdə müxalifətin olması ədalətin bərpasına kömək edir. Sizcə, futbolumuza müxalifət lazımdımı?

- Əlbəttə, idmanda da müxalifət lazımdı. Adicə meydanın özündə də futbolçu bilməlidi ki, ehtiyatda onu əvəzləyə biləcək oyunçu oturub. Belədə həmin oyunçu da üzərində məsuliyyəti hiss edib, meydana çıxanda fikirləşəcək ki, mən qol vurmasam, ehtiyatda oturan məni əvəzləyəcək. Bunun özü çox böyük işdi. Bu hər sahədə belədi.

- AFFA prezidentləri olan Fuad Musayev, Ramiz Mirzəyev və ya Rövnəq Abdullayevdən hansısa biri ilə şəxsi tanışlığınız olub?

- Fuad müəllimlə də tanışlığım olub, Rövnəq müəllimlə də münasibətlərim var. Bilirsiz necədi, Rövnəq müəllim futbol adamı deyil. O, futbolu bilmir. Düzdü, yaxşı oğlandı, gözəl insandı, amma bu o demək deyil ki, futbolu idarə etməlidi. Məncə, futbolu bilən adamı irəli çəksələr, daha yaxşı olar. Belədə səsimiz daha yüksəklərdən gələr. Hər halda, Rövnəq müəllimin işləri çoxdu, futbola diqqət ayıra bilmir. Köməkçisi də onu aldadlr, imkanımız böyükdü, yaralı yerlərimiz çoxdu. Hər halda, Fuad Musayev futbola daha çox həvəs göstərirdi. O bu sahədə işləməyi daha yaxşı bacarırdı. Hələ ki futbolda Rövnəq Abdullayevin uğurunu görməmişəm.

- Heç stadiondan futbola baxmısız?

- Əlbəttə.

- Məsələn, hansı oyunlara? Sonuncu dəfə nə vaxt stadionda olmusuz?

- Keçən il stadionda “Qarabağ”ın oyununa baxmışam. Düzdü, mənə belə ictimai yerlərə getməyə icazə vermirlər, çox böyük təhlükə ilə üzləşmişəm. Amma buna baxmayaraq, gedib izləmişəm.

- Keçən il “Qarabağ”ın hansı oyununu izləmisiz?

- Sözün düzü, yadımdan çıxıb. Amma getmişdik, xeyli qışqırıb-bağırdıq, səsimiz batdı, çıxıb gəldik.

- Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunmasına münasibətiniz necədi?

- Vallah, Qurban bəyin yığmaya baş məşqçi təyin olunmasına müsbət yanaşıram. Amma o da məsuliyyəti dərk etməlidi. Bu işin altına giribsə, bilməlidi ki, ona böyük etimad göstərilir, bu etimadı doğrultmalıdı. Qurban bəy heç kimin diqtəsinə uymamalıdı. Qarşısına məqsəd qoymalıdı ki, yığmaya oynayanları gətirəcəm. Sifarişlə kimlərinsə uşaqlarını, kimlərinsə “gül balalarını” meydana buraxmamalıdı. Bu işin öhdəsindən gələ bilsə, irəli gedəcək, ancaq kimlərinsə qarşısında aciz qalsa, heç bir uğura imza ata bilməyəcək.

- Belə çıxır, Qurbanovdan öncə Berti Foqts və Robert Prosineçkinin fəaliyyətindən narazı qalmısız...

- Əlbəttə ki, narazı qalmışam!

- Partiyanızın futbol komandası var?

- Yoxdu.

- Heç özünüz futbol oynamısız?

- Bəli, gəncliyimdə oynamışam.

- Hansı ampluada oynayırdız: qapıçı, müdafiəçi, yoxsa hücumçu?

- Hücumçu. Orta məktəbdə oxuyanda ən sevdiyim nömrə “9” idi. İnstitutda da oxuyanda Bakıda həmişə “Neftçi”nin oyunlarına gedirdim. Biz Banişevskiyə əlçatmaz insan kimi baxırdıq. Heç vaxt yadımdan çıxmaz, mən Kəlbərəcrdə komsomolun katibi olanda İrəvanda, “Razdan” stadionunda Kəlbəcərin sabiq mərhum prokuroru və bir neçə nəfər “Ararat”la “Neftçi”nin oyununa baxdıq. Özümüzə söz vermişdik ki, “Neftçi” qol vursa, sevincimizi büruzə verməyəcəyik. Di gəl ki, “Neftçi” qol vurandan sonra hisslərimizi büruzə verdik. Həmin vaxt bizi çox möhkəm döydülər. Hətta mən qolumdan balta zərbəsi aldım. Sol əlimi qabağa verəndə baltayla baş barmağımın üstünü vurdular. Hələ də onun əməliyyat yeri görünür. Bizi çox çətinliklə stadiondan kənarlaşdıra bildilər. Bir sözlə, futbolun marağında olmuşam. Təbii ki, indi vaxtımız da yoxdu. Belə baxanda, futbolda güclü komandamız da yoxdu. Amma arzu edərdim ki, həmin anlar qayıtsın. İstər burda, istərsə də xaricdə onlara azarkeşlik edək.

- Siyasət aləmini futbol dünyasına bənzətsək, özünüzü bu dünyada hansı futbolçuya oxşadardız?

- Mən siyasətdə həmişə öndə olmuşam. Dünya siyasətində də partiyamızın xüsusi çəkisi var. Vaxtilə biz Əkrəm Əylislinin xəyanət etdiyinə görə qulağını kəsmək istəyəndə, ABŞ-ın Dövlət Departamenti bizə müraciət edib bunu etməməyimizi istədi. Bizi hətta “Euronews” kanalında da göstərdilər. Biz özümüzü ən güclü siyasətçi hesab edirik. Amma özümü hansısa futbolçuya bənzədə bilmərəm. Nə kiminsə adını üzərimə götürmək, nə də öz adımı kiməsə vermək istəmirəm.

- Messi, yoxsa Ronaldo?

- Mən Ronaldonu daha çox bəyənirəm. Mənə elə gəlir ki, Ronaldo daha çox əziyyət çəkir, daha çox fəallıq göstərir. Demək istəyirəm ki, öz üzərində işləyən futbolçudu.

- Almaniya, yoxsa Braziliya?

- Braziliya.

- Səbəb?

- Bir növ müsəlmançılığa yaxın olduqlarına görə.

- Braziliya İslama yaxındı ki?

- Onların dinə bağlılığı bizə çox yaxındı. Ona görə də onları yüksək dəyərləndirmişəm. Həm də ki, Braziliya dünyada öz oyununu göstərmiş komandadı. Düzdü, son DÇ-də özlərini göstərə bilmədilər. Amma bu o demək deyil ki, hər şey bununla da puç oldu. Braziliya elə Braziliyadı. Futbolda onların uğurlarını dana bilmərik.

- Çingiz Abdullayev “Neftçi”yə Müşahidə Şurasına sədr təyin olunanda demişdiz ki, “Neftçi”ni dirçəldəcək. İndi dediklərinizə görə peşmansız?

- Peşman deyiləm. Çingiz müəllimə böyük hörmətim var. Sadəcə, ona imkan vermirlər. Çingiz müəllim özbaşına deyil ki... Məncə, ona şans, imkan versələr, işin öhdəsindən gələ bilərdi. Orda maneəçiliklər var ki, Abudullayev də bu səddi adlaya bilmir. Bu səddi keçmək isə çox çətindi. Azərbaycanda elə məsələlər var ki, sifarişlə yerinə yetirilir. Yəqin o da sifarişi yerinə yetirmək istəməyib.

TAHİR MİRZƏ, “Futbol+”


Paylaş: