Selahet Agayev dunen kecirdikleri Sumqayitla oyundan sonra jurnalistlerin suallarini cavablandirib. Sportlife.az hemin musahibeni...

Səlahət Ağayev: Tərlan Əhmədov gəlirsə...

  • 11 Sentyabr 2017, 14:30

“Neftçi”nin qolkiperi Səlahət Ağayev dünən keçirdikləri “Sumqayıt”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az həmin müsahibəni sizə təqdim edir:

- Oyunu necə dəyərləndirərdiniz?
- Birinci hissəyə yaxşı başlamadıq, ikinci yarıda uşaqlar özlərini toparladılar. Amma bəxtimiz gətirmədi. 

- İkinci hissədə komanda nəyin hesabına yaxşı oyun göstərdi?
- Məğlub olurduq. Komandada hər bir oyunçu peşəkardı və istəyirdi ki, önə atılsın. Baş məşqçinin də ikinci hissədəki əvəzləmələri öz bəhrəsini verdi, komanda daha da irəli atılırdı. Ancaq qol vura bilmədik.

- Tərlan Əhmədovun komandaya gəlməsi üzərinizdə hər hansı bir basqı yaratmır?
- Xeyr. Heç bir basqı yaratmır. Tərlan Əhmədov gəlirsə, xoş gəlir. Bir futbolçu kimi onunla da, Elşad Əhmədovla da, Elxan Abdullayevlə də işləmək mənim üçün xoşdu. 

- Yeni baş məşqçinin gəlişi barədə sizə məlumat verilmişdi?
- Xeyr. Dəqiq bir məlumat verməyiblər. Mətbuatda görmüşdüm.

- Bu oyundan sonra Elşad Əhmədov "Bu axırıncı oyunumuzdur" deyə sizinlə sağollaşdı?
- Xeyr. Elə bir şey olmadı. Sabah da məşqimiz var.
 
- Emin Mahmudovun komandanıza gəlməyi barədə nə deyə bilərsən?
- Onu indi sizdən eşidirəm.
 
- Gələn baş məşqçi nə etməlidi ki, "Neftçi" oyansın? Komandanı bu durumdan kim və necə çıxara bilər? Təcrübəli futbolçu kimi bu haqda nə düşünürsən?
- Hər bir baş məşqçinin öz oyun üslubu var.  Elə məşqçi var ki, gəlir və heç nə edə bilmir. Sonda da komandanı atıb gedir. Böyüklərdən də çox şey asılıdı. Komandanın üzərini necə deyərlər, "qara bulud" alıb. Mən "Neftçi"yə gələndən, futbolçu kimi özümü xoşbəxt saya bilmirəm. Nə qədər uduzmaq olar? Nə qədər belə bəsit oynamaq olar? Çox acınacaqlı vəziyyətə düşmüşük. Hər oyuna yeni ümidlə çıxırıq, amma...
 
- Peşmanlıq var?
- Xeyr, heç bir peşmanlıq yoxdu. "Neftçi" elə bir komanda deyil ki, buraya gəlməyinə peşman olasan. Futbolda belə hallar olur. Yaxşı və təcrübəli futbolçu belə vəziyyətdən çıxa bilər. Əlimizdən gələni edib bu vəziyyətdən çıxmalıyıq. Başqa yol yoxdu.
 
- Düşünmürsən ki, təcrübəli oyunçu kimi hər bir futbolçu ilə bu barədə söhbət etməlisiniz?
- Hər biri ilə təkbətək söhbət etmişik. "Neftçi"də elə bir atmosfer yaranıb ki, oyuna çıxdıqda qalib gəlmək barədə psixoloji hazırlıq yoxdu. Oyunlar olub ki, özümüz toplaşaraq söhbətləşmişik. Bundan artıq nə edə bilərik? Bir nəfərin üzərinə düşməklə olmur. Pis oynayanda bütün komanda pis oynayır, yaxşı oynayanda da bəxtimiz gətirmir. 
 
- Söhbət etdiyiniz an legionerlərin üz ifadələrinə baxanda nə hiss edirsən?
- O da legionerdi, oynamaq istəyir. Onlarla da təkbətək söhbət etmişəm. Bu durumun onlara da xoş olmadığını bildirirlər. Dərk edirlər ki, hazırki vəziyyət çox pisdi.


Paylaş: