Soyusleri esitmemeye calisiram... Adi vaxtlarda idmancilar bizi gorende azerbaycanli qadin hakim 10 illik hakimlik tecrubesinden ve basina gelenlerden danisib.

Söyüşləri eşitməməyə çalışıram... Adi vaxtlarda idmançılar bizi görəndə...

  • 11 İyun 2017, 03:20

Dünyada ən çox baxılan, azarkeş sayı yüz milyonlarla ölçülən idman növü futboldur. Xüsusilə, kişilərin sevimli idman növü sayılan futbolda hakim olmaq xüsusi məsuliyyət tələb edir. Cüzi bir səhv böyük problemlərə yol aça bilir. "Sputnik"ə müsahibə verən futbol hakimi də bu məsələlərə toxunub. Sportlife.az xəbər verir ki, xanım futbol hakimi Maya Nəbiyeva 10 illik hakimlik təcrübəsində başına gələnləri bizimlə bölüşüb. 

 

- Maya xanım, niyə məhz futbol hakimliyini seçdiniz?

- Mən uşaqlıqdan idmanla məşğul olmuşam. Amma heç vaxt futbolçu olmamışam. Peşəkar üzgüçülük və yüngül atletika ilə məşğul idim. Amma ətrafımda futbol ilə məşğul olan, futbol hakimi olan çox insan var. Onlar həmişə məni dəvət edirdilər ki, mən hakimliyə gəlim. Onlar deyirdilər ki, mənim idman görünüşüm var, ona görə hakim ola bilərəm. Mən isə gənc idim deyə qərar verə bilmirdim. Daha sonra ailə qurdum və bir qızım dünyaya gəldi. Ondan sonra artıq qərar verdim ki, karyera qurmaq zamanıdır. Beləliklə futbol hakimliyinə gəldim və 10 ildir bu sahədə çalışıram. — Bir qədər gec hakimliyə gəlmisiniz və heç vaxt futbolçu olmamısınız. Bu, sizə çətinlik yaratmadı? — Xeyir, gec deyildi. 28 yaşında hakimliyə gəldim. Futbolçular da karyeralarını bitirəndən sonra hakimliyə keçirlər. Deməli, zamanında hakimliyə gəlmişəm. Həm də, hakim olmaq üçün müəyyən dünya görüşü olmalıdır ki, o da müəyyən yaş tələb edir. Eyni zamanda, yaş böyük olmalıdır ki, hakim təcrübəli olsun, qərarı daha dəqiq verə bilsin.

 

 

- Adətən köhnə idmançıları hakim kimi dəvət edirlər. Səbəb isə odur ki, həmin idmançılar özləri idman növünü daha yaxşı bilirlər və onları idmançılar aldada bilmir. Siz isə futbolçu olmamısınız. Bu, sizə oyunda qərar zamanı çətinlik yaratmayıb?

- Elə hakimlər var ki, futbolçu olublar, amma oyunu hiss edə bilmirlər. Amma elə hakimlər var ki, onlar futbol oynamayıblar, amma oyunu hiss edə bilirlər. Deməli, insandan asılıdır. Yetər ki, işini sevəsən və böyük həvəslə işinə yanaşasan.

 

- Oyunda 22 kişini idarə etmək çətin deyil? Adətən kişilər qadınlara ram olmaq istəmirlər…

- Desəm ki, hakimdən hamı razı qalır, bu, doğru olmaz. Amma 10 il ərzində kobud heç nə olmayıb. Belə hallar olub ki, oyunçular emosiyalara qatılıb, oyunda etiraz ediblər, daha sonra gəlib üzr istəyiblər. Hətta olub ki, ilk dəfə qadın hakim görəndə futbolçular təəccübləniblər və etiraz ediblər ki, "qadın futbolu bilməz, oyunu düz idarə etməz". Amma oyundan sonra hər şey yaxşı olduğu üçün bəyəniblər və mənə təşəkkür ediblər. Ümumiyyətlə, 10 ildə kobud səhvlərə yol verməmişəm. Çalışıram, hər oyun daha diqqətli olum. — Futbol emosional idman növüdür. Söyüşlər, təhqirlər daha çox olur. Bir xanım kimi buna necə reaksiya verirsiniz? — Bizə seminarlarda həmişə öyrədirlər ki, hakim lal və kar olsun. Hakim yalnız qaydalar çərçivəsində iş görməli və düzgün qərar verməlidir. Ona görə də, biz qaydalara riayət edirik. Futbolçular bir-birinə qarşı təhqir və söyüşə keçərsə, reaksiya veririk. Tribunalardan deyilən söyüşləri sadəcə eşitməməyə çalışırıq.

 

 

- Qadın hakimsiniz və kişilərin əhatəsindəsiz. Olur ki sizə sevgi etirafı etsinlər?

- Əlbəttə, olur. İdmançı qadınlar həmişə formada qalmağı sevirlər. Çox vaxt stadiona gələndə, çalışırıq sırf ciddi geyimdə – hakim formasında gələk. Amma adi vaxtlarda bizi görən idmançılar daha çox təəccüblənirlər və komplimentlər deyirlər.

 

- Karyeranızı ancaq hakimliyə həsr etmisiniz, yoxsa başqa işiniz də var?

- Mən tibb bacısıyam. Amma hakimliklə bərabər başqa iş görmək olmur. Həm də qadınam və ailə işlərini də görməliyəm. Buna görə də, vaxt olmur. 

 

- Hər hansı səhvinizə görə futbolçulardan üzr istəmisiniz? 

- Hər bir insan öz səhvlərini qəbul etməyi bacarmalıdır. Hakimlə oyunçular arasında problem yaranırsa, günah hakimdədir. Heç bir hakim deyə bilməz ki, mən səhvsiz oyun idarə etmişəm. Bu, yalandır. Amma hakim səhvini qəbul etməli, üzr də istəməyi bacarmalıdır. Hakim də insandır, futbolçu və məşqçilər də. Səhvimi də qəbul etməyi bacarıram, üzr də istəməkdən utanmıram. Ona görə də bu günə kimi oyunun nəticəsinə, komandanın taleyinə təsir edəcək səhvlərim olmayıb.

 

 

- Futbolda yan və baş hakim olur. Hansı hakimlik sizin üçün daha rahatdır?

- Mən oyunu həm baş hakim, həm yan hakim kimi idarə edirəm. Baş hakim daha çox qaçır. Amma yan hakim daha çox qərar verməli olur. Ona görə də yan hakim olmaq daha çətin və məsuliyyətlidir.

 

- Hakim karyeranızı nə vaxta kimi davam etdirmək fikrindəsiniz?

- Yeni qaydalara əsasən, artıq yaş həddi yoxdur. Yetər ki, hakim standartlara cavab verə bilsin. O zaman 70 yaşında da hakim işləyə bilər. Bu dəqiqə mənə məşqçi kimi də təkliflər gəlib. Amma qəbul etmirəm. Çünki məşqçi olmağı sevmirəm, hakimlik mənim ruhuma daha yaxındır.

 


Paylaş: