Veten komandasinin adi neye gore Sabah olaraq deyisdirildi?, Sabah Futbol Klubu birge layihesinin numayendesi Mustafa Hesenov Sportlife.az saytinin suallarini

Vətən komandasının adı nəyə görə Sabah olaraq dəyişdirildi?

  • 27 Sentyabr 2017, 09:44

Təhsil Nazirliyi tərəfindən “Sabah” Futbol Klubu birgə layihəsinin nümayəndəsi Mustafa Həsənov Sportlife.az saytının suallarını cavablandırıb. 

 - “Vətən” komandasının adı nəyə görə “Sabah” olaraq dəyişdirildi?

- Təhsil Nazirliyinin tabeliyində “SABAH” adlanan bir qrup var. Bu qrup da savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub və azarkeş qrupumuzun formalaşmasında onların bizə böyük dəstəyi olacaq. Bu səbəbdən də komandanın adını “Sabah” Futbol Klubu olaraq dəyişmək qərarına gəldik.

 

-Bu komandanın gələcək məqsədi nədən ibarət olacaq?

Biz bütünlüklə komandadakı idarəçiliyi Arif Əsədova həvalə etmişik. Ondan yeganə tələbimiz gənc və perspektivli gənclərdən təşkil olunmuş komanda yaradılması olub. Təbii ki, gələcəkdə komandanın özəyini öz akademiyamızın yetişdirdiyi futbolçular təşkil etməlidi. Bura bütün Azərbaycanda Təhsil Nazirliyi sistemindəki idman məktəblərində yetişən futbolçular da daxildir.

 

- I Divizionun püşkatması ilə bağlı nə deyə bilərsiz?

- Hansı komanda ilə qarşılaşmağımız bizə o qədər də fərq etmir,  çünki onsuz da bütün komandalarla oynamalıyıq. “Binə” klubuyla 10 gün öncə yoxlama görüşü keçirmişik və püşk də ilk olaraq bizə bu klubu rəqib etdi. Püşkatma mərasimində Ramin Musayev də qeyd etdi ki, bu klub da növbəti mövsümdə Premyer Liqada çıxış etməyi hədəfləyib. Bu il çempionat güclü komandaların daha çox olması ilə diqqət çəkir. Mənə elə gəlir ki, biz çox maraqlı oyunların şahidi olacağıq.

 

- Komandanı çempionata tam hazır hesab etmək olarmı?

- Ümumilikdə götürsək, bəli. Sifariş etdiyimiz geyim dəstləri hazırdı. Bundan başqa komanda top və məşq üçün lazım olan invertarlarla da tam təmin olunub. Baş məşqçimiz Arif Əsədov demək olar ki, komandanın heyətini özü üçün müəyyənləşdirib. Komandamız artıq bir neçə yoxlama görüşlərində də qüvvəsini sınayıb.

 

- Komandanın heyətini təşkil edəcək futbolçular tam müəyyənləşib, yoxsa axtarışlar davam edir?

- 90% heyət bəllidi. Yəqin ki, yaxın günlərdə rəhbərliklə futbolçular arasında rəsmi görüş keçiriləcək. Planımızda o da var ki, Arif Əsədov mətbuat konfransı keçirsin və mətbuatı maraqlandıran bütün sualları cavablandırsın.

- Arif Əsədovun Ruslan Tağızadəni komandadan göndərməsilə bağlı məlumat yer alıb mətbuatda...

- Bəli Ruslan Tağızadə komandadan ayrılıb. Ümumiyyətlə, bizim əsas məqsədimiz bu olub ki, komandada daha çox gənc və perspektiv vəd edən futbolçular oynamalıdı. Ola bilər ki, bir neçə təcrübəli oyunçular da heyətdə yer alsın, digərləri isə mütləq gənc və istedadlı oyunçular olmalıdı. Arif müəllim də ola bilər ki, bu məsələləri əsas götürərək onunla yolları ayırmaq qərarına gəlib. Mən bildiyim qədər onların arasında başqa heç bir konflikt olmayıb.


Paylaş: