Xezer Lenkeran dagilandan sonra futbol dagildi En son 2014/2015 movsumunde Neftcide oynayan Elnur Allahverdiyev

Xəzər Lənkəran dağılandan sonra futbol dağıldı

  • 10 İyun 2017, 09:00

Çoxdandı səs-sorağı gəlməyən futbolçulardan biri Elnur Allahverdiyevdi. Ən son 2014/15 mövsümündə “Neftçi”də oynayıb. İntizamsızlıq etdiyi üçün klubdan qovulan müdafiəçi ondan bu yana yaşıl meydanda görünməyib. Heç mətbuata da müsahibə verdiyini görməmişik. Aradıq, axtardıq və nəhayət, onunla danışa bildik. 34 yaşlı futbolçu ürəyini qəzetimizə boşaltdı ("Futbol+").


İki ildən çoxdu ki, futboldan uzaqlaşmısan. Bu müddət ərzində nə işlə məşğul olmusan?
- Tez-tez dost-tanışla mini-futbol oynayırıq. Başqa vaxt evdə oluram. Yeyirəm, içirəm, valideynlərimə qulluq edirəm.
 

Bəs dolanışıq necədi?
- Allaha şükür, vəziyyətim yaxşıdı. 


Vaxtilə futbolda qazandıqlarının bir qismini biznesə yatırmışdın?
- Biznes deyəndə ki, dolanırıq da. Allah kimi ac qoyub ki? 

 

Səndən fərqli, Mahir Şükürov geridə qalan mövsümdə futbola qayıtdı. Sən də qayıtmağı düşünürsən?
- “Zirə”, “İnter”, “Sumqayıt” və “Səbail” kimi klublardan təklif gözləyirəm. Xüsusən son 2 klubu fərqləndirə bilərəm. Hər iki komandanın baş məşqçiləri ilə bir yerdə futbol oynamışıq. Samir Abasov və Samir Əliyevlə yaxşı münasibətlərimiz var. Təklif gəlsə, yenidən futbola qayıdacam. Hələ ki oynamağa gücüm var.
 

İki il futboldan kənarda qaldın. Düşünmürsən ki, hansısa menecerlə əməkdaşlıq etsəydin, indi klubsuz qalmazdın?
- Əslində çox cəhd etsəydim, bu qədər futbolsuz qalmazdım. Çox cəhd etmədim. Sadəcə, vəziyyət belə gətirdi. Bir az inciklik oldu, kənara çəkildim. 

 

Mətbuatdan da incimişdin?
- Qətiyyən. Heç vaxt mətbuatdan inciməmişəm, incimərəm də. Allah eləməsin. Həyatdı da, məndə də belə alındı. Futbolçu kimi alınmasa, fəaliyyətimi məşqçi kimi davam etdirəcəm. Qoymaram ki, Allahverdiyev soyadı futboldan silinsin. İnşallah, məşqçi kimi daha böyük uğurlar arzulayıram. Yığmada oynadığım üçün C yox, birbaşa B kateqoriyası üçün kurslara qatılacam. Artıq sənədlərimi təqdim etmişəm.
 

İki il futbolsuz qalmağında konkret kimlərinsə rolu olub?
- Birinci öz günahım oldu. Oyunlarda qırmızı vərəqə aldım, söyüş söydüm, hakimlərlə dalaşdım. Bir az da küsdüm. Həm də o zaman “Neftçi” rəhbərliyi arxamda dayanmadı.
 

Bəlkə elə səhvi “Neftçi”yə qayıtmaqla etdin?
- Əlbəttə, həyatda ən böyük səhvimi “Neftçi”yə keçməklə etdim. Amma bunun səbəbi var idi. Qarşıdan İtaliya ilə seçmə mərhələnin oyunu gəlirdi. O zaman baş məşqçi Berti Foqts idi. O dedi ki, klubsuz qalsan, yığmadan da kənarda qalacaqsan. Mən də əsas komandadan uzaqlaşmamaq üçün “Neftçi” ilə anlaşdım. Əksinə, klubun rəhbərliyinə görə bu komandada oynamaq istəmirdim. Yoxsa “Neftçi”yə canım qurban, orda niyə oynamayım ki? Orda futbolçu kimi yetişmişəm. Başqa vaxt olsaydı, o rəhbərlikdən təklifi qəbul etməzdim. Sadəcə, sırf milliyə kömək etmək üçün “Neftçi” ilə anlaşdım. Əslində Foqtsa da demişdim ki, bu rəhbərliklə yola gedə bilməyəcəm, məni incidəcəklər. Özünüz də bilirsiz ki, orda vəziyyət necə idi. Foqts isə dedi ki, get, başını aşağı sal, futbolunu oyna. Səhvlər etdim, rəhbərlik də arxamda dayanmadı. Belə olacağını bilirdim. Bu səhv mənim üçün böyük dərs oldu.
 

İndiyə kimi müxtəlif klubların formasını geymisən. Özünü ən çox harda xoşbəxt hiss etmisən?
- Sözsüz ki, “Xəzər Lənkəran”da. Elə bil mən həmin komandada doğulmuşdum. Düzdü, bütün komandalarda can-başla oynamışam, aldığım pulun haqqını verməyə çalışmışam. Ancaq mənim üçün “Xəzər Lənkəran”ın yeri başqa idi. Təəssüf ki, Con Toşakla konflikt yaşadığım üçün sevdiyim klubdan ayrıldım. 
 

Çempionatımızı izləyirsən?
- Açıq deyəcəm, yox. Axı hansı oyunu izləyim? Hərdən “Qarabağ” və “Qəbələ” oynayanda baxıram. Maraqsızdı desəm, hörmətsizlik olar. Ancaq kimə baxım, hansı futbolçunu izləyim? Hamısını tanıyıram. Gənclərdə inkişafı görmürəm, buna pis oluram. Son mövsümdə “Neftçi” də çox zəif çıxış etdi. Görün vəziyyət nə həddə çatmışdı ki, “Neftçi” xal qazananda sevinirdim. “Xəzər Lənkəran” dağılandan sonra futbol dağıldı. Bunu qəbul edə də bilərsiz, etməyə də. Bu, mənə çox pis təsir etdi. Hamı “Xəzər Lənkəran”a baxıb futbola pul buraxırdı, transferlər edirdi. Həmişə sözün düzünü deyən adamam.
 

Bu 2 ildə yolun stadiondan düşüb?
- Heç bir oyuna stadiondan baxmamışam. Çünki azarkeşlər futbolçular səhv edəndə söyüş söyür, bunu eşidəndə əsəbləşirəm. Yoxsa elə bilərlər paxıllıqdan getmirəm. Allaha and olsun, belə deyil. O söyüşləri qəbul edə bilmirəm. Hamı səhv edir də. O söyüşləri eşitməmək üçün stadiona getmirəm.
 

Şimali İrlandiya ilə oyunu televiziyadan izləyəcəksən?
- Sözsüz. Milli oynaya, mən baxmayam, bu, mümkün deyil. 
 

Şansları necə dəyərləndirirsən?
- Dünyada 4-5 millini çıxmaqla bütün yığmalara qarşı oynamaq olar. Bir neçə il əvvəl onlara 2:0 hesabıyla qalib gəlmişdik. Düzdü, həmin vaxtdan bəri onlarda inkişaf bizimlə müqayisədə daha çox olub. Oyun təcrübələri çoxdu. Daha güclü çempionatlarda çıxış edirlər. Ancaq biz evdə oynayırıq. Bu, bizim üstünlüyümüzdü. Evdə heç kimə uduzmaq olmaz. Bu böyük günahdı mənim aləmimdə. Uduzsan da, kişi kimi mübarizə aparıb məğlub olmalısan. Çalışmaq lazımdı ki, heç kim Bakıdan xal aparmasın. Qoy bütün dünya gücümüzü görsün, millimizə hörmət etsin hamı. Bütün komandalar bura qorxa-qorxa gəlməlidi.
 

Səncə, qrupdan çıxmaq şansımız var?
- Şans həmişə var. İnsan gərək heç vaxt ümidsiz yaşamasın. Ümidsiz yaşamaq ölümə bərabərdi. Futbolçuların formada olması, komandanın durumu çox önəmlidi. Belə şans nə vaxtsa əlimizə düşəcək, ya yox, bunu demək çətindi. Fakt odu ki, indi gözəl şansımız var. Bu fürsətdən istifadə etmək lazımdı. 7 xal yığmışıq, amma bunu çox şişirtmək lazım deyil. Meydana çıxıb xal ehtiyatımızı artırmalıyıq.
 

Bu gün Elnur Allahverdiyevin futbolumuzda yeri görünür?
- Bunu mənim söyləməyim doğru olmaz.

 

Yığmanın müdafiəsinin cinahlarında Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirov kimi “milliləşdirilmiş” futbolçuları görəndə pis olursan?
- Bunu görəndə ürəyim ağrıyır. Yığmada Ürfan Abbasovu görmək istərdim. Ona şans versələr, ümidləri doğruldacaq. Ürfanın potensialı var, ürəklə oynayır. Sadəcə, ona şans vermək lazımdı.
 

Futboldan uzaqlaşdıqdan sonra çiyin-çiyinə oynadığın uşaqlar səni itirib-axtarıb?
- Açığı, heç mən özüm onlarla ünsiyyətə girməmişəm. Bir az qəliz xasiyyətim var. Məsələn, dünən telefonla Ağabala, Ürfan, Arazla danışmışam. Kimsə zəng etmirsə, buna görə ondan incimirəm.

 

Son olaraq demək istədiyin başqa bir şey varmı?
- Çox sağ olun ki, məni yada salmısız. Allahın köməyi ilə Elnur geri qayıdacaq. Futbolçu kimi olmasa, məşqçi kimi sözümü deyəcəm. 


Paylaş: