Azerbaycan taekvondoculari bu gun qran priye start verir

Azərbaycan taekvondoçuları bu gün qran priyə start verir

  • 22 Sentyabr 2017, 14:35

Mərakeşin paytaxtı Rabat şəhərində taekvondo üzrə qran pri turniri bu gün başlayacaq. 

Sportlife.az xəbər verir ki, avqust ayında Moskva şəhərində startı verilən yarışın ikinci mərhələsi üç gün davam edəcək. 


G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamızın üzvləri də iştirak edəcək. 8 taekvondoçu ilə təmsil olunacaq yığmanın əsas üzvlərindən -54 kq çəki dərəcəsində kişilər arasında Qaşım Maqomedov, Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi -68 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Radik İsaev (hər ikisi +80 kq), qadınlardan isə Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizə aparacaq. 


Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq. Qran pri turnirin sonrakı mərhələsi Böyük Britaniyanın paytaxtı London şəhərində, final mərhələsi isə Fildişi Sahilinin paytaxtı Abidjanda təşkil ediləcək.


Baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Rəşad Əhmədovun və eləcə də qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi təmsil edəcək komanda sentyabrın 25-də vətənə dönəcək.


Paylaş: